Lavrov yeni formatın əsasını qoyur - Kremlin “ağır topu” İrəvanda özünü “yüngül” apardı

Oxundu: 133
Lavrov yeni formatın əsasını qoyur - Kremlin “ağır topu” İrəvanda özünü “yüngül” apardı

Məhəmməd Əsədullazadə: “Lavrovun Ermənistan səfərindən bəlli oldu ki, Rusiya Dağlıq Qarabağda yaşayan erməni icmasını müstəqil subyekt kimi qəbul edir”

Xəbər verildiyi kimi, noyabrın 10-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İrəvana rəsmi səfəri çərçivəsində qondarma "erməni soyqırımı" kompleksini ziyarət edib. Bundan başqa, XİN başçısı və Rusiya nümayəndə heyətinin üzvləri “əbədi məşəl” önünə əklil qoyub. Bununla kifayətlənməyən, Lavrov, 12 il əvvəl “soyqırım” abidəsi önündə əkdiyi ağacın dibinə su da töküb.

 

Maraqlıdır, əgər bir ölkənin xarici işlər naziri İrəvana səfəri zamanı qondarma "erməni soyqırımı" abidəsini ziyarət edirsə, həmin ölkənin Türkiyə ilə hazırkı münasibətlərinin perspektivi haqda nə demək olar? Qarabağ münaqişəsi necə, bu halda onun həllinin nə vaxtsa Rusiyanın vasitəçiliyi ilə tapılacağına ümid etmək olarmı? Ümumiyyətlə, Lavrovun Ermənistan səfəri nələri və necə dəyişəcək?

 

Bu barədə fikirlərini İslaminSesi ilə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə dedi ki, Lavrovun İrəvanda “erməni soyqırımı” abidəsini rəsmi protokol şəklində ziyarət etməsi, Türkiyə-Rusiya əlaqələrinə mənfi təsir göstərəcək:

 

“Məlumdur ki, “erməni soyqırımı” məsələsi Türkiyə üçün olduqca həssas məsələdir. O baxımdan Ankara Kremlə öz incikliyini bildirəcək. Ümumiyyətlə, düşünürəm ki, Moskva Rusiya-Türkiyə münasibətlərinə xələl gətirəcək hərəkətlərinə müəyyən düzəlişlər etməlidir. Əgər  Moskva “erməni soyqırımı” amilindən əl çəksə, müasir geosiyasi şərtlər daxilində Rusiya-Türkiyə əlaqələrində inkişaf qaçılmaz olacaq. Amma təəssüf ki, Lavrov kimi şəxslərin hərəkətləri, rəsmi Moskva tərəfindən gerçəkləşdirilən mənfi tendensiyalar iki ölkə arasındakı münasibətlərin inkişafına zərbə vurur”.

 

Politoloq bildirdi ki, Qarabağ münaqişəsinin həllinin məhz Rusiyanın vasitəçiliyi ilə tapılacağı ümidi özünü təsdiq etmir: “Rusiya XİN başçısı İrəvanda Azərbaycana qarşı çox ciddi mesaj ünvanladı. Lavrovun Qarabağ məsələsilə bağlı səsləndirdiyi fikirlər, həmçinin uydurma “erməni soyqırımı” kompleksini ziyarət etməsi, Minsk qrupunun həmsədri olaraq Rusiyanın vasitəçiliyinə bir daha kölgə saldı. Və məlum oldu ki, Rusiya öz vasitəçilik missiyasında perspektivə, danışıqlarda hər hansı irəliləyişə nail olacaq addım atmayacaq. Çünki biz, Lavrovun dililə rəsmi Moskvanın Azərbaycana qarşı qeyri-obyektivliyini, Ermənistanın maraqlarına xidmət etdiyini gördük”.

 

Bununla belə, M.Əsədullazadənin qənaətincə, Lavrovun Ermənistana səfəri daha bir neçə məsələyə aydınlıq gətirdi: “Bəlli oldu ki, Rusiya Dağlıq Qarabağda yaşayan erməni icmasını müstəqil subyekt kimi qəbul edir. Və həmçinin Rusiya XİN rəhbərinin sözlərindən belə aydın oldu ki, “Qarabağ xalqı” razılıq verməsə, danışıqlarda irəliləyiş olmayacaq. Bu, Qarabağ məsələsində yeni formatın ortaya çıxması deməkdir ki, nəticə etibarilə münaqişə ətrafında diplomatik danışıqları fiaskoya uğrada biləcək.

 

Beləliklə, görünən budur ki, Rusiya-Azərbaycan münasibətləri Qarabağ münaqişəsi müstəvisində heç də normal deyil. Və Rusiya dövləti öz geosiyasi maraqları kontekstində işğalçı dövləti himayə edərək, konfliktin ədalətli şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə qarşıdır. Heç şübhəsiz Moskvanın mövcud siyasəti regionda yeni geosiyasi mənzərə yaradacaq, danışıqlarda növbəti mənfi dəyişikliklərə gətirib, Ermənistanın işğalçı siyasətini daha da stimullaşdıracaq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system