NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

Oxundu: 1097BÜTÜN YAZILAR
Şəhidlərimizin bizlərə əmanət etdiyi anaların yeganə arzusu
Xəyal Şükür
Şəhidlərimizin bizlərə əmanət etdiyi anaların yeganə arzusu
14:41, 07.03.2017

Heç bir vəchlə bir ömür övlad həsrəti ilə yaşayacaq şəhid analarını və atalarını unutmaq haqqımız yoxdur. İmkan və zaman olduqca onlara baş çəkməli və dərdlərinə şərik çıxmalıyıq. Əks halda nə tarix bizi bağışlayacaq, nə də ki, Allah...

Artıq bir ilə yaxındır ki, İslaminSesi İnformasiya Portalı olaraq “Şəhid Haqqı” layihəsi çərçivəsində bir neçə şəhid ailəsi ilə görüşüb, şəhid övladlarının qəhrəmanlıqları, cəmiyyət üçün gizli qalan üstün tərəfləri, şəxsi keyfiyyətləri və qəhrəmanlıqları haqqında informasiya toplayıb cəmiyyətə təqdim edirik. 


Sözügedən ailələrin böyük əksəriyyəti sosial təminat baxımından yüksək olmayan ailələrdir ki, özlərinin halal zəhmətləri ilə ailələrini dolandırırlar. Məhz həmin halal zəhmətin nəticəsi idi ki, bu gün övladları şəhidlik mərtəbəsinə yüksəldilər. Əslində bu vətən varoluşuna və mövcudluğuna görə onun uğrunda canlarını və qanlarını fəda etmiş pak, şəxsiyyətli, ləyaqətli, mərd və fədakar övladlarına borcludur. Heç vaxt vətən və torpaq kimi müqəddəs dəyərlər ləyaqətsiz insanlara görə var olmayıb. Əgər Azərbaycan adlı bir məmləkət varsa o deməkdir ki, bu xalqın tarixən Allahverdi Bağırov, Əliyar Əliyev, Mübariz İbrahimov, Çingiz Qurbanov və digər qəhrəmanlar kimi mərd övladları olubdur.

Məni bu yazını qələmə almağa vadar edən səbəb isə bir neçə müddətdir ki, sosial şəbəkələrdə şəhid ailələrinin və qazilərinin acınacaqlı durumundan, onlara qarşı edilən laqeydlikdən bəhs edən görüntülər oldu. Xüsusilə dünən blogger Mehman Hüseynovun Zərdab rayonundan olan aprel şəhidi Nurlan Abdullayevin ailəsində hazırladığı videoreportaj ürəyimi dağladı. Təbii ki, şəhid ailəsinin Zərdab Rayon İcra başçısının “uğurlu fəaliyyəti” nəticəsində köhnə və uçuq daxmada yaşaması insana pis təsir etsə də, əziz anamızın müsahibə zamanı gözləntisi və istəyi isə adamın daha çox içini yandırır. Əslində bu günə qədər görüşlərində olduğumuz bütün şəhid analarının da ən çox istədiyi və gözləntisi də məhz Şəhid Nurlan Abdullayevin anasının istəyi və gözləntisi olub.

Onların yeganə istədikləri budur ki, min bir zəhmət və əziyyətlə böyüdərək vətən və torpaq uğrunda qurban verdikləri övladlarına dəyər verilsin. Bu dəyər və diqqət pul və madiyyatla qarşılanası bir şey deyil. Hətta istəsələr də belə heç bir pul və maddiyatla bu dəyəri və diqqəti qarşılaya bilməzlər.

Onların istəyi budur ki, cəmiyyət, xalq və hökumət olaraq hər kəs şüurlu formada onlarına övladlarının haqlarını izhar etsinlər. İstəkləri budur ki, Zərdab rayonunun icra başçısı Lütfəli Babayev kimi şəhid ailələrinə bivec yanaşan məmurlar anlasınlar ki, əgər bu gün öz isti kreslolarında rahat oturub vəzifələrini icra edirlərsə, buna görə onların övladlarına borcludurlar. Şəhid övladları bu torpağı və vətəni qorumasaydılar nəyinki vətən, əslində bütün dəyərlərimizin mövcudluğu sual altına düşmüşdü. Yəni hansısa məmur və ya səlahiyyətli şəxs üçün bu qədər çətindirmi, ay və ya ildə bir dəfə 5-10 manatlıq bir hədiyyə ilə gedib bala dağı görmüş bu ailələrə baş çəkib onların ürəklərini ovsunlamaq. Siz əslində məmur olmamışdan qabaq, həm də insansız axı.

Cəmiyyət olaraq da bizlərin boynuna ciddi məsuliyyət var. Heç bir vəchlə bir ömür övlad həsrəti ilə yaşayacaq şəhid analarını və atalarını unutmaq haqqımız yoxdur. İmkan və zaman olduqca onlara baş çəkməli və dərdlərinə şərik çıxmalıyıq. Əks halda nə tarix bizi bağışlayacaq, nə də ki, Allah.

Çünki hər bir xalqın və millətin vətən, qeyrət, namus, izzət və igidlik dəyərləri varsa, bunlar hamısı bu dəyərlər uğrunda canlarını fəda etmiş şəhidlərə görədir. İndi həmin şəhidlər bizlərin izzətli yaşaması üçün canlarını fəda edərək ailələrini bizlər üçün əmanət ediblər. Əmanətə sahib çıxmağımız cəmiyyət olaraq hər birimizin borcudur.


YAZARIN DİGƏR YAZILARI