NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 5322BÜTÜN YAZILAR
Rüsvayçılıq sütunu
Ülviyyə Tahir
Rüsvayçılıq sütunu
17:18, 29.02.2016

Yalan danışmaq və utanmaq sonradan qazanılmış hisslərdir. Altı ayından başlayaraq artıq körpələr yalançı ağlama taktikaları ilə diqqəti özlərinə cəlb edəcəklərini dərk edirlər

İslaminSesi üçün

 

Yalan danışmaq və utanmaq sonradan qazanılmış hisslərdir. Altı ayından başlayaraq artıq körpələr yalançı ağlama taktikaları ilə diqqəti özlərinə cəlb edəcəklərini dərk edirlər. Yalan və utanc hissinin hansı insanda daha çox üstünlük təşkil edirsə xarakter o şəkildə formalaşır. Utanc hissinin aradan getməsi isə insanı təhlükəli bir varlığa çevirir. Zənnimcə qorxusuz və utanc hissini itirmiş insanlar cəmiyyətdə ən qorxunc adamlardır. Onlar hər şeyə qadirdilər.
Orta əsrlər Avropasında Rüsvayçılıq sütunu adlı bir cəza növü var idi. İnsanı o sütuna bağlayaraq ictimai qınağa məruz qoyardılar. Bu gün o sütun kimi cəzalar yoxdur və ictimai qınaq günü-gündən zəifləyir. Qlobalaşmanın diktə olunduğu bu dünyada ictimai qınaq əvəzinə adətlərin və ənənələrin yer üzündən silinməsi daha çox arzulanır.

 

Babil dövrü... Qədim bir əfsanəyə görə insanlar bir gün Allahın yanına çıxmaq üçün nəhəng bir qüllə inşa etməyə başladılar. Allah onların arasındakı birliyi pozmaq üçün onların dillərini parçaladı. Onlar bir-birlərini anlamadı və anlamadıqca aralarındakı birlik, mütəşəkkillik pozuldu. Cəmiyyətin içindəki uçurumda elə o babil sindromundan yaranır. Hər kəsin aid olduğu sahə qarışır. Böyük bir yalan atına minmiş insanlar cəmiyyətin içində çoxalmağa başlayır. Belə cəmiyyətlərdə dindara molla, məmura rüşvətxor, fəhləyə avara gözü ilə baxılır. Halbuki bütün dindarların molla olma, bütün məmurların rüşvət almaq, bütün fəhlələrin avara olmaq ehtimalı yoxdur.


Umberto Eko müsahibələrinin birində ədəbiyyatın yalan obyektlərini sevdiyini belə dilə gətirmişdi: "Mən okkultizm və konspirasiya nəzəriyyələri ilə savaşmağa çalışan bir assosiasiyanın üzvüyəm. Konspirasiyadakı yalan-palan məni özünə cəlb edir. Yalan olan, yanlış olan kitabları da yığıram. Mənim evimdəki kitabxanada Qaliley yoxdur, amma Ptolomey var! Çünki Ptolomey – səhv edirdi, yanlış idi! Əl-kimyaçıları və sehrbazları da bu səbəbdən xoşlayıram. Semiotikanı - işarələr və simvollar yaratmaq qabiliyyətimiz – bizim həqiqəti necə deməyimiz yox, yalanı necə demək qabiliyyətimiz maraqlandırır. 12-ci əsrdə Con adlı bir vaiz müsəlman dünyasının tən ortasında xristian kralının idarə etdiyi nağılvari bir krallıqdan danışır, onu təsvir edirdi. O vaxt buna elə inanıblar ki, hətta Marko Polo Çinə səyahət edəndə həmin krallığı axtarıb!"

 

Deməli fitrətimizdə yalana inam və onun ardınca getmək istəyi daha qüvvətlidir.

 

Gələcəyin illuziyasını quranlar... Övladlarının gələcəyini həddindən artıq düşünən valideynlərin çoxalması məni gələcəyə ümidsiz baxmağa vadar edir. Onlar uşaqlarını dərsdən çıxarıb idmana, idmandan çıxarıb musiqiyə, musiqidən çıxarıb rəqsə aparırlar. Özlərinin gücü yetmədiyini uşaqlarına sırıyan bu valideynlər nə boyda bir yanlışın içində olduqlarının fərqində deyillər. Onlar özlərinə belə etiraf etmək istəmədikləri bir yalan illuziyanın ardınca düşüblər. Onlar bir diktatordu və ancaq “Et” kəlməsini əzbərləyiblər. Onların tərbiyə maşınından çıxan uşaq isə bütün məşğuliyyətlərdən canını qurtarmaq üçün dəqiqələri sayır. Valideynin özünün qüvvəsi yetmədiyini uşağa tətbiq etməsi, uşağın bütün bunları yola vermək üçün bəzən var qüvvəsi ilə, bəzən görüntü xatirinə çalışması yalan bir münasibətin formalaşmasına gətirib çıxarır. Cəmiyyətin axsaqları-hər şeyi bilməyə can atan, əslində yarımçıq papaqçılar meydana çıxır. Uşaq yalan pillələrini dırmaşır. Biz ona yalan deyə xitab etmirik, onu buna sövq edirik. Cəmiyyət olaraq da insanları nəyəsə sövq edirik. Bizə yalan danışsınlar, bizə ümid versinlər .


Yalanın alverçiləri... Cəmiyyətin hər yerində onlarla rastlaşa bilərsiniz. Onlar hər gün və hər yerdə “cekpot” deyə qışqırıra bilər. Onlar əllərindəki lotereyaları yellədərək insanlara pul vəd edirlər. Özləri isə qışın soyuğunda nazik plaşda titrəyirlər. Və yaxud: O, insanlara plastik əməliyyat və saç əkimini vəd edir. Amma özünün yöndəmsiz burnu və keçəlləşmiş başı diqqətimdən yayınmır.


O, insanlara seçim platformasını açıqlayır, islahatlar vəd edir, populist çıxışlar edir, onun gözlərini tez-tez qırparaq əllərini ovuşdurması özünün belə dediklərinə inamsızlığından xəbər verir.


Telakanal əhalinin rifahından danışan süjeti yayımlayır, ardınca isə kasıblar üçün yaradılmış mağazadakı insanların çoxluğunu və mağazanın bir neçə saat ərzində boşaldılmasını göstərir.


Sizə insanların əməlləri ilə danışdıqları ilə arasındakı uçurumu qısa belə təsvir etmək olar. Deyl Karnegi insanlara bütün həyatı boyunca motivasiya və sosiallaşmağın üsullarını təbliğ etsə də, ömrünün sonunda tam tənhalıqda öldü. "Evlilikdə xoşbəxt olmağın sirrlərini" yazaraq məşhur olan yazar öz həyat yoldaşını öldürərək sosial şəbəkədə fotolarını paylaşdı. Bütün həyatını feminizm uğrunda mübarızəyə həsr edən və kişi düşmənçiliyi ideologiyası ucbatından ailə həyatı belə qurmayan Beti Fredman hazırda Manxettanda tənha yaşayır. Sonuncu müsahibələrinin birində "Necə bir nəfərlə sadəqət və etibarlılıq içində qocalığımı keçirdərdim"-deyə arzusunu dilə gətirmişdi.


Cəmiyyətin ümumi qayda-qanunlarının yerini dəyişdikcə bütün bunlardan hamı əziyyət çəkəcəyik. Hər kəs üstünə biçilmiş rolları oynamadıqca cəmiyyət yalan kürkünə daha çox bürünəcək. Çünki insanlar müasirliyin diktəsi ilə daha çox şey istəyir və bu istəklərini reallaşdırmaq üçün ən asan yolu- yalanı seçirlər. Bu yalanın uzunömürlülüyü isə onun müəlifinin nə qədər planlı və mükəmməl rol oynamağından asılıdır. Cəmiyyətin rüsvayçılıq sütunu-qınaq sistemi sıradan çıxdıqca və insanlar arasında artıq anormal hesab edilən halların normal qəbul edilməsi cəmiyyətin cılızlaşmasını labüdləşdirir. Cılız cəmiyyətləri isə daha mahir yalançılar idarə edir.

YAZARIN DİGƏR YAZILARI