NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 5345BÜTÜN YAZILAR
Bizə təqdim olunan müharibələr əslində şərhsizdir
Gunel Eyvazli
Bizə təqdim olunan müharibələr əslində şərhsizdir
16:45, 24.12.2015

Zənn etdiyim budur ki, dünya müharibəsi dalğasına giriş əvvəlki kimi olmayacaq

 Demək ki, informasiya dalğası və ətrafımızda baş verən hadisələr istər-istəməz bizi düşüncələrə qərq edir. Bəzilərimiz kütlə hay-küyünə uyub küyə doğru qaçırıqsa, bir başqalarımız sadəcə sükuta dalırıq.

Bizə təqdim olunan bütün hadisələr, müharibələr əslində şərhsizdir. Hər birimiz öz baxış bucağımızdan müxtəlif gerçəkliklərin şahidi oluruq. İstər dünyanı bürüyən qaçqınlıq dalğası olsun, istər günahsız insanların qətliamı olsun, istərsə də rus adlı yeni bir “xilaskarın” meydana atılıb oyuna qoşulması olsun, istərsə də ikili oyununu davam etdirən “əlahəzrət” Amerika olsun. Bildiyim budur ki, əslində hadisələr eyni ssenari üzrə davam edir. Biz isə dünya şousu qarşısında izləyicidən başqa bir şey deyilik.

Dünya müharibələrinin əsas məqsədi onu yenidən bölüşdürmək istəyidir. Dünyanın xırda dövlətlərə parçalanmış halda mövcudluğu böyük dövlətlər üçün baş ağrısından başqa bir şey deyil. Əslində tarixi bir az geriyə vərəqləsək eyni fikir üslubunun qədim türk fatehlərində də olduğunu müşahidə edəcəyik. “Əgər göyün bir tanrısı varsa, yerin də bir tanrısı olmalıdır” konsepsiyası əsrlər boyu fatehlərin əlinə qılınc verərək onları müharibələrdən müharibələrə sövq edib.

Zənn etdiyim budur ki, (hər birimiz fərziyyə irəli sürə bilərik) dünya müharibəsi dalğasına giriş əvvəlki kimi olmayacaq. Bu, yüz faiz öncəki müharibələr kimi olmayacaq. Dünya dövlətlərinin müəyyən cəbhələrdə birləşib, bir-biri ilə savaş meydanına keçidini qətiyyən gözləməyin. Heç nüvə silahına belə ehtiyac qalmayacaq.
Dünya informasiya dünyasıdır. Bizə tamaşa nümayiş etdirirlər, biz tamaşaya qaranlıq salondan baxırıq, göz yaşı tökürük, heyrətlənirik və sadəcə tamaşanın sonunu gözləyirik.

Son isə çox sadədir. Dünya arenasında vəziyyət elə yaranıb ki, kiçik dövlətlər baş verən hadisələr, olaylar, qırğınlar önündə mat vəziyyətdədir. Bir neçə ərəb dövlətinin kütlə psixalogiyasına köklənmiş əhalisinin yardımı ilə baş verən inqilabları, “qızım sənə deyirəm, gəlnim sən eşit” göstərisindən başqa bir şey deyil. Bəli, yaranan vəziyyətdə ortada yenə də eyni lider dövlətlər görünür. Meydanda ABŞ və ikibaşlı rus qartalı var. Əlbəttə, bu dünyanın İranı, Çini, Yaponiyası da mövcuddur. Onlar hələ ki, kulis arxası dövlətlərdir.

Dünya oyununda isə hələ ki rus və amerikan qüvvələri möhtəşəm şou göstərirlər. Əslində isə oyun eyni hadisələrin rus və amerikan variantıdır. Məqsəd və məramları isə eynidir. Məsələn, günlərin birində bir zəif dövlətin xilaskarına çevrilən rus “qardaşımız” tankının lüləsini başqa bir istiqamətə də yönləndirə bilər. Məsələn...
Xırda dövlət liderlərinin bu manevrlərə həsədlə baxması onlara bənzəmək yox, kimə arxalanmaq olar? müşahidəsidir. Yəni vəziyyət elə yaradılıb ki, xırda dövlətlər özləri könüllü surətdə əjdahanın ağzının içinə keçəcəklər. Bunun üçün məxsusi təşkil edilmiş dünya müharibəsinə ehtiyac yoxdur.

İqtisadi blokada, valyutaların dəyər çəkisini itirməsi, kütləvi işsizlik, ixtisarlar, müəssisələrin bağlanması, məhsulların anbarda yığılıb qalması və.s. sıxma-boğmaların növlərindən biridir. Yəni belə bir şəraitdə köməyə heç nə gələ bilmir. Süqut öncəsi isə əjdaha ağzında çabalamağın bir mənası yoxdur.

Məsələn, mənə belə gəlir ki, SSR-ni Qarbaçov deyil, elə SSR-i qurularkən qurulmuş xüsusi plan, konsepsiya dağıdıb. Çünki, doğulan və ölməsi məqbul olan insan həyatı kimi, dövlətlərin də yaranma və süqut olma proqramları mövcuddur. Və dövlət tarixlərinə nəzər saldıqda bütün imperiyaların eyni aqibəti yaşadıqlarını və bənzər situasiyalarda məhv olduğunu müşahidə edirik.

Dünyanı bürüyən qaçqın seli və bir çox dövlətlərin “dinindən imtina edərsənsə qapıları üzünə açaram” şərtlərini ortaya qoyması xüsusi bir dəyişikliyə səbəb olmayacaq. İslam mədəniyyəti, sözün həqiqi mənasında, kültür mədəniyyəti, yaxasından xaç asan müsəlman vasitəsilə onsuz da yayılacaq. Amma, iki fərqli mədəniyyətin qovuşması cahil deyil, humanist nə isə yaratması tamlıqla mümkündür.

Əlbəttə, hələ qarşıda vəba, xolera və daha başqa xəstəlik dalğası var. Əgər Afrika və yaxın kontingentlərin əhalisi bir zamanlar labarator şəraitdə hazırlanmış xüsusi viruslar vasitəsilə məhv edilirdisə, indi müharibə ocaqlarından buxarlanacaq xəstəliklər təbii surətdə sərhədləri aşacaq. Burada yardımlar dalğası və dırnaqarası humanizm mənzərələri də bizi “göz yaşına qərq edəcək”. ABŞ və digər dövlətlər ağzı qanla dolmuş mənzərələrini yardımsevər və əl tutan mərhəmətlik maskası arxasında gizlədərək köhnə demokratik və humanist imicini yüngülvari bərpa edəcək və.s.
Yəni bu belə olub, belə də davam edəcək.

P.S. Yazımın yazılma səbəbi isə çox sadə oldu. Əslində dediyim kimi tamamən başqa mövzuda yazacaqdım. Amma bir yaxın insanın söylədikləri fikrə qərq olmağıma səbəb oldu. Bir çox müəssisələrə özünü göstərməyən insanlar tərəfindən qəribə anketlər gəlir. Anketin mövzusu təqribi belədir: Sovet dövrü ilə əlaqədar ən çox yadında nə qalıb? (bir neçə müddəa sırf bu mövzuya aiddir). Dinə inanırsanmı? Ümumiyyətlə, nəyə inanırsan? Kilsəyə gedirsənmi və.s... (Sumqayıtda belə anketlərə konkret olaraq rast gələnlər var).