“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL

Oxundu: 1213
“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə təqsirləndirilən Yunis Səfərov hüquqlarının pozulduğunu iddia edir. O, həbsdə olduğu ilyarımda ailə üzvləriylə nə görüşə, nə də telefonla danışa bildiyini deyib. Ünsiyyət imkanları məhdudlaşdırıldığına görə müdafiəsini də qura bilmir. O, bütün bunları yanvarın 16-da öz məhkəməsində dilə gətirib.

"Yeni Sabah" xəbər verir ki, Y.Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə Bakıda - Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir. Hakim Natiq Əliyev Y.Səfərovun şikayətinə cavab olaraq deyib ki, istintaq təcridxanasında saxlanılan şəxsin hüquq və vəzifələri Penitensiar Xidmətə aid məsələdir: «Biz bu məsələyə qarışa bilmərik. Amma siz bizə bu haqda ərizə versəniz, Penitensiar Xidmətə sorğu göndərib maraqlanarıq».

 

 

Y.Səfərov dövlət hesabına vəkildən imtina edərək, hüquqlarını Elçin Sadıqovun müdafiə etməsini istəsə də, məhkəmə həmin vəkili onun müdafiəsinə buraxmayıb. Yunisin yaxınlarının onunla müqavilə bağlayıb, müdafiəçisi olmasını istədiklərini məhkəməyə söyləyən vəkil Bəxtiyar Hacıyev müdafiə prosesinə buraxılıb. Yunisin dövlət hesabına vəkili də prosesdən uzaqlaşmaq istədiyini söyləyib: «Bir halda ki, təqsirləndirilən şəxs mənə etimad göstərmir, hüquqi yardımımı istəmir, bu işdə qalmağımın anlamı yoxdur».

 

Təqsirləndirilən şəxslərdən Cəfər Zalov, Firudin Zeynalov da dövlət hesabına vəkillərindən imtina etsələr də, Natiq Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası onların imtinasını qəbul etməyib.

 

Y.Səfərov məhkəməsində videoçəkilişə icazə verilməsini də istəyib: «Bu, xalqı maraqlandıran məhkəmə prosesidir. Belə hadisələr 20-30 ildə bir dəfə olur. İnsanlar bilməlidir ki, vətəndaş məmura niyə xəsarət yetirdi, onu niyə öldürmək istədi. Bu, fövqəladə haldır...»

 

Hakim N.Əliyev ona çıxışını davam etdirməyə imkan verməyib. O, «kəsin onun səsini!» – deyərək, Y.Səfərov da daxil, digər təqsirləndirilən şəxslərin olduğu kabinədəki mikrofonun söndürülməsinə göstəriş verib. Videoçəkiliş istəyi də təmin olunmayıb.

 

Məhkəmə prosesinin audio və videoyazıyla aparılmasını vəkillər də istəyiblər. Onlar öz istəklərini əvvəlki məhkəmə təcrübələrində protokollardakı ifadələrin təhrif olunmasıyla əsaslandırıblar. Audio və videoyazı, zəruri hallarda, məhkəmədə deyilənlərlə yazılanları müqayisə etməyə imlan verir.

 

Məhkəmə audio və videoyazı ilə bağlı vəkillərin vəsatətini təmin etməyib. Vəkillər də hakimlərin davranışına etirazlarını bildirərək, bunu yazılı şəklə salmaqdan ötrü vaxt istəyiblər. Hakimlər məhkəməni bir ay - fevralın 17-dək ertələməyə qərar veriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system