Kərbəlada gözəlliklər - “Gözəllik baxışlarda deyil, baxandadır”

Oxundu: 387
Kərbəlada gözəlliklər - “Gözəllik baxışlarda deyil, baxandadır”

Təbii ki, hədəf gözəl və ali olarsa nəticənin də gözəl və ali olması birmənalıdır.

 

Əlbəttə“gözəllik baxışlarda deyil, baxandadır”  deyərək mövzunun qapısını bağlaya bilərdik. Amma məsələyə bir az da geniş aspektdən yanaşsaq daha aydın olar. Hər şeyin batini və zahiri gözəlliyi olduğu kimi, Kərbəlanın da batini və zahiri gözəllikləri vardır. Kərbəlanın batinində Hüseyn əleyhissəlamın müqəddəs hədəfləri, zahirində isə bu hədəflər uğurunda izzətlə can verəcək dostları var idi.

 

Mövzunu uzatmadan imamın hədəf və rəftarlarına nəzər salsaq oradakı gözəlliklər özünü gizlədə bilməyəcək. Əlbəttə bu gözəlliyin necəliyini Kərbəla qəhrəmanı xanım Zeynəb (s.ə) mənfur Yezidin sarayında mətanətlə etdiyi xütbədə vəsf etmişdi. Bu barədə qismət olsa gələn yazılarımızın birində yazacağıq. İndi isə Kərbəlada olan gözəlliklərə qısa baxış keçirək:

 

İlahi vəzifəsini və imamlıq məsuliyyətini şərəflə yerinə yetirmək. Bunun üçün insana lazım olan ilk əxlaqı və siyasi keyfiyyət onun dünya və şöhrətpərəst olmamasıdır. Dünyaya bağlı olan kimsə heç vaxt ilahi vəsifəsini layiqincə yerinə yetirə bilməz. Çünki İlahi vəzifələrin yerinə yetirilməsində mal, bəzən də can ilə toqquşmamaq mümkün deyil. Budur ki, Allah taala Qurani Kərimdə həqiqi möminlərin xüsusiyyətlərinə sayanda “Onlar canları və malları ilə Allah yolunda çalışarlar”  deyir.

 

Tarix boyunca əqidə və imanın dünya malına dəyişənlər olub və bu gün də vardır. İmam şöhrətpərəst olmadığı üçün imamlıq dəyərlərinə sadiq olaraq Allah tərəfindən öhdəsinə verilmiş məsuliyyəti sədaqətlə yerinə yetirdi. Allah- Taala müqəddəs Kitabında əmr belə edir: “Ey iman gətirənlər! Allahdan qorxun və sadiqlərlə birgə olun!” Demək ki, imam Hüseynlə o gün və bu gün olmaq hər bir iman gətirmiş şəxsin İlahi vəzifəsidir. İmam Hüseynlə (ə) birgə olmaq dedikdə təbbi ki, İmamın (ə) hədəfləri nəzərdə tutulur. Əlbəttə bəziləri belə düşünə bilər ki, nə üçün İmam peyğəmbərimizin müşrüklərə, yəhudilər və xristianlarla bağlıdığı müqavilələrə, təqiyyə əhkamına və ya məsləhətə istinad edərək Yezidlə beyət etmədi?

 

Bütün bu saydığımız istisnalar əlbəttə dinin yaşaması üçün lazım olan Allah tərəfindən verilən icazələrdir. Amma dinin izzəti və sütunları aradan gedəcək bir yerdə bu istisnaların heç biri caiz deyil, əksinə burada fəsadı və zülmü tam çılpaqlığı ilə faş etmək üçün Yezidin layəqətsiz olduğunu insanlara çatdırmaq lazım idi. Çünki o dövrdə Yezidin tam mahiyyətinə uyğun olaraq kimliyini isbat etmək üçün o mütləq İmamla baş-başa gəlməli idi. Sizcə Peyğəmbərin gətirdiyi xilafət küsüsündə əyləşib onun əzizlərini şəhid edərək başlarını nizəyə keçirən, əzizlərini əsir edərək şəhərləri gəzdirən kimsə həqiqətən xəlifə olmağa layiq idi? İmam da məhz bunu etdi. Bütün dünyaya izzətin heç vaxt zülmə tabe olmayacağını elan etdi. Məhz elə tarix boyunca zülmkar dünyanın qorxduğu bu izzət olmuşdur.

 

Siyasətə izzət və şərafət bəxş etdi. Hərçənd bu gün bəziləri siyasəti tam başqa anlamda qəbul edərək ondan qaçırlar. Hazırda dünyadakı “Siyasət” bunu qəbul etməsə belə İmam (ə) dünya siyasətçilərinə öz hərəkatı ilə comərdlik dərsi keçdi. O elə bir incəliklərə əməl etdi ki, hətta düşmənlərini belə mat qoydu. Kufəlilərin verdikləri vədi sındırmasını eşitsə də öz vədindən dönmədi, Onunla vuruşmağa gəllənlərə su verdi, üzünü öz yoldaşlarına tutaraq “kimin boynunda digərlərinin haqqı varsa getsin” dedi.

 

Dünyada azadlıqsevər insanlara azadlıq dərsi keçdi. Hansı ki, imamın hərəkatından  ilhamlanaraq dünyada neçə inqilabların baş verdiyinin şahidiyik. İmam Vəlidin onda beyət təklifinin qarşısında deyir:  “Yezid fasiq, şərəb içən, fəsad törətməkdən həzz alan, zülm etməkdən yorulmayan, meymun oynadan və Allahın dinindən uzaq birisidir.  Siz mənə belə bir şəxsə beyət etməyi təklif edirsiz. Mənim kimisi (izzətli, qeyrətli, Allaha və axirət gününə imanı olan) Yezid kimisinə beyət etməz! ”.

 

Bəşər övladına necə yaşamağı və necə ölməyi öyrətdi. İnsan ölmək üçün deyil, yaşamaq üçün yaradılmışdır. Bilidiyimiz kimi Ulu Yaradan insanın bütün maddi və mənəvi ehtiyacları ödəmək yollarını ona fitrətin və ağlın vasitəsi ilə öyrətmişdir. Həmçinin insana bütün istəklərini təmin etmək imkanı yaratmışdır. İnsanı havaya, suya, qidaya, mənəvi istəklərə olan meylini yaratmışdır. Amma insanın onun ixtiyarında qoyulmuş nemətlərdən istifadə etməklə yanaşı daim arzuladığı bir istək daim onu narahat edir. Amma təssüflər olsun ki, o bu dünyada insan üçün əlçatmazdır. O hansı istəkdir? Əlbəttə ki, əbədiyyət. Insan ölmək istəmir, ölümə ikrahla yanaşır, bəzən də nifrət edir. Ölümü müsibət bilir. Çünki o, ölmək üçün deyil, yaşamaq üçün yaradılmışdır. Budur ki, onun ölümə deyil, ixtiyarına verilmiş hər bir şeyə rəğbəti olduğu kimi yaşamağa da rəğbəti var. Amma Quran bir ayədə hamının birmənalı olaraq ölümü dadmağından danışarkən digər ayəsində şəhidləri istisna edir və onları “hamı”dan ayırır. Hətta insalara “onlara ölü deməyin, onlar mənim yanımda ruzi yeyirlər, lakin siz bunu dərk etmirsiz!(Bəqərə 154). İmam Hüseyn diri qalmağın yolunu, izzətlə yaşayıb ömür tarixini necə sədaqətə çevirmək dərsini keçdi. O, öz ilahi vəzifəsini yerinə yetirməklə həm islam dinini, həm özünü, həm də onunla birlikdə eşq karvanında olanları diri saxladı. Sizcə 1380 ildir təravətli qalan, barəsində cildlərlə kitablar yazılan, mərasimləri ildən ilə bütün dünyaya yayılan, ən azı barəsində hər il 10 gün kütləvi informasiya vasitələri ilə danışılan şəxsdən savayı kim diri ola bilər? Hələ bu azmış kimi onunla mübarizə aparanlar da var. Əgər Hüseyn(ə) həqiqətən sizin yanaşdığınız kimi ölüdürsə nə üçün ildən ilə onunla mübarizə metodlarında dəyişiklik aparır, tədbirlər tökür və onun xatirəsinə həsr olunmuş mərasimlərə mane olursuz? 

/İslaminSesi/

İlahiyyatçı Hacı Emil Rahiloğlu

Ardı var...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system