“İstehlakçılara orijinal adı ilə saxta, zərərli yağlar satılır” – Eyyub Hüseynov

Oxundu: 566
“İstehlakçılara orijinal adı ilə saxta, zərərli yağlar satılır” – Eyyub Hüseynov

“Yağ məhsullarının üzərinə cəlbedici şəkillər, məsələn, inək şəkli çəkilir, yaxud “Fermer” və digər sözlər yazılır və beləliklə, alıcıları səhv informasiyalarla aldadırlar”

 

Yağlar insan vücudunun ən vacib qaynaqlarından biri hesab olunur. Lakin qida məhsulu kimi standartların tələblərinə uyğun gəlməyən yağlar qidalanmaya və sağlamlığa ciddi təhlükə yaradır.Məlumdur ki, Azərbaycanın ərzaq bazarında da bu cür keyfiyyətsiz, daha döğrusu, saxta yağlar az deyil.

 

Bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) verilən məlumata görə, son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb.

 

Nəhayət, yaranmış vəziyyətlə bağlı “həyəcan təbili” çalan AQTA-nın məlumatında bildirilir ki,  bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır.

 

Agentliyin məlumatında o da qeyd olunur ki, aparılan araşdırmaların nəticəsinə əsasən, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyililiyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib: “Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir. Bütün bunları nəzərə alaraq, nəzarət tədbirlərinin gücləndiriləcəyini və daha sərt tənzimləmə işlərinin həyata keçiriləcəyini bildirən agentlik əhaliyə xəbərdarlıq edərək, onları diqqətli olmağa çağırıb.

 

Yaxşı, doymuş və trans yağ turşularlnın sağlamlığa mənfi təsirləri haqda AQTA-nın əhaliyə xəbərdarlığı qida təhlükəsizliyinin təmin edilməsi üçün yetərlidirmi? Ciddi mənfi təsirlərin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

 

Bu barədə fikirlərini “İslamınsəsi” ilə bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov dedi ki, trans yağlar üçün müəyyən olunan normativ istehsal müəssisələrinə tətbiq olunmalıdır: “Düşünürəm ki, bu, çox əhəmiyyətli məsələdir. Çünki hazırda ölkəmizin yağ bazarı seqmenti çirklənmişdir, istehlakçılara orijinal adı ilə saxta, zərərli yağlar satılır.Təsadüfi deyil ki, iki il əvvəl Yeni Zelandiyada konfransda olarkən həmin ölkədən Azərbaycana göndərilən kərə yağının istehsal zavodunda oldum. Ölkəmiz üçün hazırlanan yağların keyfiyyətinə, saxlanma şəraitinə, Azərbaycan dilində markalanmasına baxdım, gətirilmə yollarını öyrəndim. Əmin oldum ki, Yeni Zelandiyadan Azərbaycana təmiz kərə yağı göndərilir. Təəssüflər olsun ki, hər bir istehsal müəssisəsinə gedib, monitorinq aparmaq mümkün deyil.

 

Bəzən xarici istehsalçılar da yerli idxalçıları aldadırlar. Yəni Azərbaycana normadan artıq transyağlar - bunlar həm kərə, həm də bitki yağlarına aiddir - göndərirlər. O baxımdan AQTA tərəfindən qaldırılan məsələ təqdirəlayiqdir. Lakin bu işdə nəzarət tədbirlərinin həyata keçirilməsi və ciddi tənzimləmə prosesinin tətbiqi reallıqda da özünü göstərməlidir. Belə ki, agentlik məhsulların tarladan, istehsal müəssisələrindən istehlakçıların süfrəsinə qədər izlənilməsini təmin etməlidir”.

 

Bununla belə, Eyyub Hüseynov təklif etdi ki, istehlakçılar üçün xüsusi məlumat norması təsdiq olunmalıdır: “Alıcılar məhsulların üzərindəki etiketlərə, adlara baxıb həmin məhsullar barədə məlumat alırlar. Yağ məhsullarının üzərinə cəlbedici şəkillər, məsələn, inək şəkli çəkilir, yaxud “Fermer” və digər sözlər yazılır. Əslində, diqqətlə oxuyanda kiçik hərflərlə “kərə yağı deyil” yazıldığını görürük. Göründüyü kimi, alıcılar səhv informasiyalarla aldadılır, bazarlarda onlara kərə yağı adı ilə spred, yəni qarışıq yağlar satılır. Odur ki, ilk növbədə məlumat standardları tətbiq olunmalı və məhsulun markalanmasında həmin normadan istifadə edilməlidir”.

 

Birlik sədrinin fikrincə, qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması da əsas şərtlərdən biridir: “Maarifləndirmə işində aidiyyəti dövlət qurumları ilə ictimai təşkilatların əməkdaşlığı səmərəliliyi artıra bilər. Bu sahədə təşkilatımızın 22 illik təcrübəsi var, istehlakçılar bizə böyük inam bəsləyir. Dəfələrlə gördüyümüz işlərin akkumulyasiyasını Qida Təhlükəsizliyi Agentliyinə təqdim etmək, onlara təmənnasız köməklik göstərmək istəmişik. Əfsus ki, agentlikdən təklifimizə, müraciətimizə baxılmayıb, hətta bizim iştirak etdiyimiz televiziya verilişlərinə də qatılmayıblar. Doğrudan da Azərbaycanda geniş istehlakçı maarifçiliyinə ehtiyac var, amma ictimai dəstəksiz bu istiqamətdə müsbət nəticə əldə oluna bilməz”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system