NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İslam rəhbərinin xüsusiyyətləri - Rəhbər din və etiqadından aslı olmayaraq hər kəslə ədalətlə davranmalıdır

Oxundu: 305
İslam rəhbərinin xüsusiyyətləri - Rəhbər din və etiqadından aslı olmayaraq hər kəslə ədalətlə davranmalıdır

İslam hakimiyyətində cəmiyyətə rəhbərlik edən şəxsin xüsusiyyətləri barədə silsilə söhbətlərimiz davam edir.

 

Mövzu ilə əlaqədar bu günki toxunacağımız mətləb İslam hakiminin dinindən, əqidəsindən aslı olmayaraq bütün insanlara qarşı ədalətli olmasıdır. Bütün vətəndaşlara, bütün insanlara eyni gözlə baxmalı, cəmiyyətdə şəxsi münasibətlər zəminində yaranan təbəqələşmənin qarşısını almalıdır. Rəhbərin ən mühüm vəzifələrindən biri də yer altı və yer üstü sərvətlərin insanlar arasında ədalətli paylaşımı saxlamasıdır.

 

Qurani Kərim bir çox yerdə bu mətləbə işarə edib. Bunlardan biri də Hucurat surəsinin 13-cü ayəsidir:

 

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.”

 

Diqqət çəkmək istədiyim mətləb ayənin “Ey insanlar” xitabı ilə başlamasıdır. Mütəal Allah, ayədə fərq qoymadan bütün insanlara xitab edir və buyurur ki, biz sizi bir kişi və bir qadından yaratdıq. Yəni sizin hamınızın kökü bir “mənbə”dəndir. İnsan olaraq hamınız vahid bir şəxsdən yaranmısınız. Çünki digər bir ayədə sizi vahid bir nəfsdən yaratdıq deyə buyurur (Nisa-1). Qeyd etdiyimiz bu ayə də “Ey insanlar” xitabı ilə başlayır və insanları ədalətə və təqvaya dəvət edir:

 

“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun!”

 

Ayə bütün insanların, hətta Həvvanın belə yaradılışının kökünün Adəmə (ə) qayıtdığını bildirir. Qurana əsasən bütün kişi və qadınlar bu iki şəxsdən, Adəm və Həvvadan yaranıb və dünyaya yayılıb. Yəni müxtəlifliyə baxmayaraq bütün insan nəsli Həzrət Adəmdəndir. Arada olan müxtəlifliklərə və bunun hikmətinə işarə edərək ayə (Hucurat-13) belə davam edir:

 

“Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”

 

Quran, zahiri müxtəlifliyin səbəb və hikmətini tanışlıq və qarşılıqlı ünsiyyət olaraq bəyan edir. Müxtəliflik heç də üstünlük və imtiyaz deyil. Çünki ayə, tanışlıq kəlməsindən istifadə edərək zahirə işarə edir. İnsanların zahiri müxtəlifliyi və müxtəlif mənsəblərə sahib olması onlara üstünlük qazandırmır. Ayəyə əsasən müxtəlifliyin əsl səbəbi dünya həyatının asanlaşdırılması və insanların zahirən tanınmasıdır. Zahir insanların bir-birini tanıması üçündür. Əsl həqiqətdə insanların bir-birinə üstünlüyünün meyarı onların iman və təqvası ilə ölçülür.

 

Ayə “Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır”, təqvalı olanınızdır deyə buyurur. Yəni bu o deməkdir ki, insana dəyər qazandıran onun Allah qarşısında olan vəzifə və öhdəliklərini yerinə yetirməsidir. Kim öz öhdəlik və vəzifəsini hansı həddə yerinə yetirərsə, o nisbətdə üstünlük əldə edər. Zahiri bağlantı və nəsil-nəcabət insana imtiyaz qazandırmaz. İnsanın dərəcə üstünlüyü onun öz vəzifəsinə, öz insanlıq vəzifəsinə əməl etməsi ilədir.

 

Ayənin “Həqiqətən, Allah Biləndir, Xəbərdardır” ifadəsi ilə bitməsi özü də diqqət çəkəndir. Allah Təala bununla batinə işarə edir və Özünün bütün incəlik və gizliliklərdən agah olduğunu çatdırır. Ayənin bu şəkildə bitməsi o deməkdir ki, üstünlükdəki məqsəd daxili keyfiyyətdir. Çünki görünən zahir hər kəsə bəllidir. Daxili yalnız Allah görür və insana bununla qiymət verir. İnsan zahirdə özünü nə qədər təqvalı və imanlı göstərsə də Mütəal Allah onun daxilindən xəbərdardır. İnsan zahirdə başqalarını aldada bilsə də Alim olan Allahı aldada bilməz. Çünki Allah “Əlim” (hər şeyi bilən) və “Xəbir”dir (gizlinlərdən xəbərdar olan).

 

Bütün bu və bu kimi ayələr təsdiq edir ki, bütün insanların mənşəyi (başlanğıcı) birdir. Heç kimin heç kimə üstinlüyü yoxdur. Əyər üstünlük axtarılarsa bu yalnız əməl baxımından, hər kəsin öz vəzifəsinə hansı həddə əməl etməsi baxımından olmalıdır. Üstsnlük yalnız əməlin keyfiyyəti baxımından müqayisə oluna bilər.

 

Əziz İslam peyğəmbərinin (s) dəyərli hədisləri də bizə bunu öyrədir. Peyğəmbər (s) buyurub:

 

“Ey insanlar hamınız Adəm nəslisiniz. Adəm də torpaqdandır. Heç də ərəbin əcəmə üstünlüyü yoxdur. Üstünlük yalnız təqva (iman) ilədir”.

 

Bu o deməkdir ki, heç kimin lovğalanmağa, özünü öyməyə, özünü digərində üstün hesab etməyə haqqı yoxdur. Ayə və hədislərin də buyurduğu kimi üstünlüyün meyarı yalnız TƏQVAdır.

 

Təqvası (imanı) olmayanın Allah yanında heç bir dəyəri və qiyməti yoxdur. Allah yayanında dəyər qazananlar bunu yalnız və yalnız təqva ilə əldə ediblər. Əməl və təqva yoxdursa dəyər də YOXDUR!

 

Həzrət Əli (ə) da bu mətləbə işarə edərək buyurur:
“İsalm hakimiyyətində nə müsəlman, nə də ki, qeyri müsəlman məzlum olmamalıdır (kimsəyə zülm olunmamalıdır).”

 

İmam (ə) bu kəlməni məmurlarına bildirir. Buyurur ki, dinindən aslı olmayaraq tabeliyinizdə olan heç bir kəsə zülm olunmamalıdır. Bəli, İslamın ƏZƏMƏTi də məhz elə bundadır!

 

İslam qanunlarına əsasən dövət tabeçiliyində olan bütün fərdlər hüquq baxımından bərabərdirlər. Düşüncə və etiqad fərqliliyinə görə kiminsə kiməsə zülm etməyə haqqı yoxdur. Xüsusən də rəhbərlər ayrı seçkilik qoyaraq kimsəyə zülm etməməlidir. Müsəlman və ya qeyri müsəlman hərbir kəs öz yaşam hüququndan istifadə etmək haqqı vardır. İmam da (ə) bu tövsiyəsini məhz məmurlara bildirir.

 

İmam Əli (ə) digər bir hədisisndə də bu mövzuya toxunaraq, Malik Əştərə belə buyurur:

 

“Sən öz rəyətinə (hakimlik etdiyin əhaliyə) səmimi qəlblə, rəhmətlə, lütflə yanaş!”

 

Yəni hər bir kəsə səmimi olaraq, məhəbbətlə, rəhmətlə davran. Bu cür yanaşmanın səbəbinə İmam (ə) özü sözünün davamında işarə edərək buyurur, çünki onlar səninlə qardaşdırlar və bu iki haldan xaric deyillər. Onlar səninlə ya din qardaşıdırlər, ya da ki, yaradılışda qardaşdırlar. Din qadaşına mərhəmətli, diqqətli olmaq sənin dini borcundur. Digər insanlara qarşı mərhəmətli olmaq isə sənin insanlıq borcundur. Siz insan olmaqda, Adəm övladı olmaqda şəriksiniz. Bu səbəbdən hakim hər kəsə qarşı mərhəmətli, dürüs olmaqda borcludur. Həm də səmimi qəlblə, lütf və mərhəmətlə.

 

Rəhbərin vəzifəsi budur ki, bütün insanlara qarşı ədalətli olsun. Din və etiqadından aslı olmayaraq hər kəslə ədalətlə davransın. Etiqadına görə kimsə digərindən üstün tutularaq digərinə zülm olunmamalıdır. İnsanlar ləyaqət və öz vəzifələrinə əməl etmək baxımından qiymətləndirilməlidir. Cəmiyyət bu yöndə inkişaf etməlidir. Cəmiyyətin rəhbəri həm özü bu cür olmalıdır, həm də insanları bu yöndə dəyərləndirməlidir.

 

Belə olan halda gözəl cəmiyyət yaranar, insanlar rifah içində olar. Cəmiyyətdə heç bir fərd rəhbərdən narazı olmaz. Müsəlman və ya qeyri müsəlman fərqi yoxdur, hər kəs hakimi sevəcək, ona rəğbətli olacaq. Yalnız bu halda mövcud cəmiyyətin və hakimiyyətin əsasları möhkəm ola bilər. Əks halda nə hakimiyyət davamlı olmaz, nə də cəmiyyət və toplumda sabitlik olmaz. Necəki İmam Muhəmməd Baqir (ə) buyurub:


“Hökümət küfürlə davam edər, lakin zülümlə davam etməz.”

 

İmam (ə) çatdırmağa çalışır ki, cəmiyyətin rəhbəri əqidəsində kafir olsa belə, əgər öz tabeçiliyində olanlarla ədalətlə və mərhəmətli davransa insanlar onu sevəcək. Yox müsəlman olsa belə, lakin zülm etsə insanlar ondan bezar olacaq. Bu da həm hakimiyyəti, həm də cəmiyyətdə olan sabitliyi təhlükə altına atır.

 

Allah bizi Öz yolunda, Əhli-Beyt (ə) yolunda sabit qədəmli etsin inşaallah.

 

Azərbaycan İslami Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system