"İslam Əməkdaşlıq Təşkilatı işğalçını öz adı ilə tanıyır" - Nəzakət Məmmədova

Oxundu: 1158

"İƏT Qarabağ münaqişəsi ilə bağlı ikili standartlardan uzaq olan, Ermənistana qarşı kəsərli tədbirlərin görülməsi üçün ən obyektiv mövqe ortaya qoyan təşkilatlardan biri, bəlkə də birincisidir"

 

Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 14-cü “Əl-ələ gələcəyə doğru” devizi altında keçirilən zirvə görüşündə Azərbaycanı Baş nazir Novruz Məmmədov təmsil edib. Zirvə görüşü nəticəsində qəbul edilən yekun kommünike sənədin 34 və 35-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı İƏT-in prinsipial mövqeyi öz əksini tapıb. Burada Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pislənib, beynəlxalq hüquq və BMT Nizamnaməsi ilə ərazilərin güc tətbiq etməklə işğalının qəbuledilməzliyi təsdiqlənib, o cümlədən, BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi və işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. İƏT dövlət və hökumət başçılarının birgə razılığı ilə qəbul edilən sənəddə münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq müstəvidə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə çağırış əks olunub.

 

Maraqlıdr ki, İƏT üzv ölkələrindən effektiv tədbirlərin həyata keçirilməsi, o cümlədən, işğalçıya öz ərazilərindən və ya əraziləri vasitəsilə silah ötürülməsinin, fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı fəaliyyətinin və işğalın saxlanılmasına xidmət edəcək hər hansı fəaliyyətin milli qanunvericilikləri vasitəsilə qarşısının alınması tələb olunur. Sənəddə Azərbaycanın BMT Baş Assambleyası vasitəsilə də daxil olmaqla, ərazi bütövlüyü və suverenliyini bərpa etmək səylərinə də dəstək ifadə olunub.

 

Bəs, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qarabağ probleminin həllində mövqeyini necə dəyərləndirmək olar? İƏT daha nələri etməlidir və edə bilər?

 

"İslamınSesi"-nə açıqlama verən verən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, İƏT Azərbaycanın haqlı mövqeyini ən çox müdafiə edən təşkilatlardan biridir: "Onun bu mövqeyi dəfələrlə müxtəlif zamanlarda qəbul edilən sənədlərdə təsbit edilib. İƏT münaqişədə işğalçının öz adıyla tanınması, eləcə də ona qarşı kəsərli tədbirlərin görülməsi üçün ən obyektiv mövqe ortaya qoyan təşkilatlardan biri, bəlkə də birincisidir. O, digər təşkilatlardan fərqli olaraq ikili standartlar yox, konkret mövqe ortaya qoyub. Təbii ki, İƏT-in qəbul etdiyi sənədlərin, Ermənistana etdiyi çağırış və xəbərdarlıqların məcburi qaydada icra mexanizmi və səlahiyyətləri yoxdur. Lakin təşkilata üzv olan ölkələrin İƏT-in qəbul etdiyi qətnamələrə riayət etməsinə, Ermənistanla ikitərəfli əməkdaşlığı məhdudlaşdırmasına, bu ölkəyə sərmayə qoymalarına nəzarət etmək, habelə İƏT üzvü olan müsəlman dövlətlərin beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Avropa Şurasında Azərbaycanla bağlı müzakirələrdə ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə İƏT təsir edə bilər".

 

İşğalçı ölkəyə edilən köməyə gəlincə, N.Məmmədova dedi ki, Ermənistana silah yardımı əsasən Rusiya tərəfindən edilir: "Yəni bu cür əməkdaşlıq, silah ticarəti ikitərəfli əsaslarla həyata keçirilir. Ermənistan KTMT üzvü olaraq silah yardımını həm də oradan alır, Azərbaycan isə Qoşulmayanlar Hərəkatına üzv dövlətdir, heç bir hərbi təşkilata üzv deyil, ona görə də silah təchizatını əsasən ikitərəfli müqavilələrlə həyata keçirir".

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system