NAMAZ VAXTLARI:
  • FƏCR 03:44
  • GÜN 05:22
  • ZÖHR 12:37
  • ŞAM 20:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İŞİD-lə mübarizə imitasiyası – ABŞ siyasi, iqtisadi və geosiyasi maraqlarını reallaşdırmağa can atır

Oxundu: 594
İŞİD-lə mübarizə imitasiyası – ABŞ siyasi, iqtisadi və geosiyasi maraqlarını reallaşdırmağa can atır

Mütəllim Rəhimli: “Əgər Birləşmiş Ştatlar mübarizədə səmimidirsə, onda ilk növbədə terror təşkilatlarının əldə etdiyi silahlar üzərində nəzarəti gücləndirməli, kanalları kəsməlidir, amma hələ ki biz bunu görmürük”

 

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl ölkəsinin Suriyanı tərk edəcəyini bildirmişdi. Amma bu yaxınlarda onun müşaviri Con Bolton İŞİD-in yenidən qayıtma ehtimalını nəzərə alaraq bu halda Suriya və İraqa dərhal müdaxilə edəcəklərini açıqlayıb.

 

“Fakt budur ki, İŞİD hələ də real təhlükə olaraq qalır. ABŞ-ın İraq və Suriyada mövcudluğunun əsas səbəbi İŞİD-in qayıtma ehtimalıdır”, - Bolton bildirib.

 

O, İŞİD-in yenidən peyda olmasının qarşısını almaq üçün ingilis və fransız həmkarları ilə danışıqlar apardığını qeyd edib.

 

Maraqlıdır, həmişə İŞİD-ə dəstək göstərməkdə adı hallanan ABŞ-ın bu mövqeyi nəyi ifadə edir?

 

Bu barədə “İslaminsəsi”nə danışan politoloq Mütəllim Rəhimli əvvəlcə maraqlı bir nüansa toxundu. Dedi ki, müasir dünyada olduqca yeni texnologiyaların formalaşması bilavasitə cəmiyyətlərin idarə olunması ilə bağlıdır. Politoloq hesab edir ki, Birləşmiş Ştatlar həmin texnologiyalardan istifadə edərək, inkişaf etməkdə olan ölkələrdə daxili çəkişmələr, hakimiyyət böhranları yaratmağa qadirdir: “Hadisələrin təhlili ABŞ-ın Suriyadakı hədəflərinin uzağa hesablandığını göstərir. Yaxın Şərqdə möhkəmlənmək və öz planlarını həyata keçirmək üçün Suriya artıq açar rolunu oynamaqdadır. Baxın, Trampın qərarına rəğmən Ağ Ev administrasiyası, Amerika dövlətini idarə edən güclü qüvvələr ABŞ qoşunlarının Suriyadan çıxmasının əleyhinədirlər. Tramp əvvəlcə dedi ki, ABŞ hərbçiləri Suriyanı tezliklə tərk edəcək, lakin dərhal bunun ardınca bildirdi ki, orada müəyyən bir qüvvəni saxlaya bilərlər. İndi isə ABŞ administrasiyasının tamam başqa mövqeyinin şahidi oluruq. Onların “ehtimal”ına görə İŞİD yenidən qayıdacaq və bu halda Amerika ordusu Suriya və İraqa müdaxilə edəcək.

 

İlk növbədə, bu, Amerikadakı hakimiyyət böhranının bir göstəricisi, əvvəlki kimi birmənalı qərar vermədiyinin sübutudur. Digər tərəfdən də görünən odur ki, Birləşmiş Ştatlar öncədən planlaşdırdığı ssenaridən geri çəkilmək, Suriyada möhkəmlənmək niyyətindədir. Bu möhkəmlənmə isə müxtəlif adlar altında, məsələn, İŞİD-ə qarşı savaş, terrorla mübarizə adı altında ola bilər.

 

Ümumiyyətlə, böyük qüvvələr İŞİD-lə mübarizə imitasiyası altında öz siyasi, iqtisadi və geosiyasi maraqlarını reallaşdırmağa can atırlar. Ona görə də söhbət İŞİD-lə mübarizədən getmir. Əsas mövzu budur ki, terrorçu təşkilat necə meydana gəlib, kim tərəfindən maliyyələşdirilir və silahlandırılır? Məsələ burasındadır ki, indi silahların üzərində ciddi nəzarət var, silah ixracatçıları da bəlli ölkələrdir. Amma belə bir şəraitdə İŞİD-in əlində müasir silahlar cəmləşib. Əgər terrorla mübarizə səyləri səmimidirsə, onda ilk növbədə əldə etdiyi silahlar üzərində nəzarət gücləndirilməli, kanallar kəsilməlidir. Hələ ki biz bunu görmürük. Demək, İŞİD-lə mübarizə formal xarakter daşıyır, onun ortada olmasında maraqlı qüvvələr var. Həmin qüvvələr xristian və müsəlman aləmindən qaynaqlanır”.

 

Məlumat üçün qeyd edək ki, 2014-cü ildə əsasən İraq və Suriyada böyük əraziləri işğal edən İŞİD terror qruplaşması həmin ilin yanvarın 3-də öz “dövlətini”, iyunun 29-da isə yeni “xilafət” yaratdığını bəyanlayıb. İslam adı altında ağlasığmaz cinayətlər, terror aktları törədən təşkilatda 30-40 min silahlının olduğu bildirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system