İraqda nə baş verir? - Aksiyalarda xarici kəşfiyyat izi - Araşdırma

Oxundu: 661
İraqda nə baş verir? - Aksiyalarda xarici kəşfiyyat izi - Araşdırma

Bəzi yerlərdə keçirilən aksiyalar kortəbii görünsə də, Səudiyyə Ərəbistanı və ABŞ-ın bu aksiyalarda əlinin olduğu aşkardır

İraqdakı aksiyalar təqribən bir ay əvvəl virtual məkanda başlamışdı. Ölkədəri nümayişlər artıq üçüncü gününə daxil olub. Bəzi yerlərdə keçirilən aksiyalar kortəbii görünsə də, Səudiyyə Ərəbistanı və ABŞ-ın aksiyalarda əli olduğu aşkardır.  

"Ərbəin" yürüşü astanasında olan İraq digər illərə nisbətən bu il fərqlidir. Lideri olmayan etiraz və nümayişlər müstəqil görüntü versə də, bir çox cəhətdən şübhə doğurur.

  

Etirazlar hardan başlayıb?

 

Nümayişlər və küçə etirazları oktyabr ayının 1-də başlayıb. Və artıq üç gündür davam edir. Bağdad, Nəcəf, Kərbəla, Ziqar, Maysan, Babil və Bəsrə əyalətlərində nümayiş və etirazlar keçirilib. Etiraz aksiyalarının şahidi olan bölgələr Bağdaddan başqa şiə bölgələri kimi tanınır. Sünni bölgələrdə bu günə qədər belə etirazlar olmayıb.  

 

Etirazların səbəbi nədir və aksiyalar müstəqildirmi?

  

İraq mediasında çoxsaylı xəbərlərdən, həmçinin etirazçıların şüarlarından aydın olur ki, onların əsas tələbi iqtisadi problemlərin həlli və siyasi korrupsiyaya qarşı mübarizə aparmaqdır. İşsizlik gənclərin ən vacib tələblərindən biridir, ardınca hökumət xidmətlərinin, o cümlədən kommunal və digər dövlət xidmətlərinin yaxşılaşdırılması tələb olunur. Amma İraqdakı bəziləri etirazların siyasi liderinin olmadığını və xalqın müstəqil şəkildə küçələrə çıxdığını söyləsələr də, əslində bəzi səbəblərə görə heç də belə deyil.  

 

- Birincisi, etirazların səbəbi kimi dolanışıq və iqtisadi vəziyyətin pis olması göstərilsə də, bunun insanların qəzəbinə səbəb olacağı ağlabatan deyil. Çünki İraqda vəziyyət uzun müddətdir ki, bu cürdür. İŞİD terrorçularından təmizlənən ölkə yenicə özünə gəlməyə çalışır.   

 

-  İkincisi isə, baş verən aksiyalar barədə "Əsaibul Haqq" təşkilatının rəhbəri bir ay öncə mətbuata açıqlamalar vermişdi. Qeys Xəzali bir ay əvvəlki çıxışında bildirmişdi ki, İraq daxilində olan bəzi siyasi qüvvələr xarici dövlətlərin dəstəyi ilə aksiyalar planlaşdırırlar:  

 

"Problem İsrail, ABŞ və bəzi ərəb dövlətlərinin təqdim etdiyi "Əsrin müqaviləsi"nə qoşulmamaqdır. Onlar İraq dövlətini özlərinə itaət etdirmək istəyirlər. Biz İraqda aksiyaların keçirilməsinin şahidi olacağıq. Bu mitinqlər oktyabr ayında baş verəcək. İstəyirsiniz, mənim bu sözlərimi yazın. Bunlar mənim təhlilim deyil, dəqiq məlumatlardır. Bunu xarici telekanallar vasitəsi ilə yayacaqlar. Bu etirazları xalqın ümumi narazılığı kimi göstərməyə çalışacaqlar. Amma əslində pərdə arxasında xarici qüvvələr dayanır".

 

İndi nümayişlərin başlanğıc tarixinə baxsaq, Xəzalinin dediyi kimi oktyabrın ilk çərşənbə axşamı başlayır.  

 

- Üçüncüsü, nümayişlərə və etirazlara dəvətlər bir ay əvvəl sosial media vasitəsi ilə başlayıb və çağırış edənlərin əksəriyyəti BƏƏS partiyasının mənsubları olub. Nümayişlər başlayan kimi Səddam Hüseynin qızı Rağad Səddam, etirazları dəstəkləyərək, "Bütün İraq sizinlədir" və "Allah şəhidlərimizə rəhmət eləsin" - deyə dəstək mesajları verib.  

 

- Dördüncüsü, Səudiyyə Ərəbistanı Tramp rəhbərliyinə Tehran, Bağdad və Beyrutu qarışdırmaq barədə təklif verib. Bu planı isə Livanın "əl-Əxbar" qəzeti ortaya çıxarıb. Plana əsasən media orqanlarında küçə etirazlarına çağırış olmalı və İran, İraq və Livanda mərkəzi hökumətin zəifləməsinə səbəb olan aksiyalar keçirilməlidir. Bu planın baş tutması üçün bəzi telekanallara 100 milyon dollar sərmayə də ayrılıb. Bir çoxları İraqdakı hadisələrlə eyni vaxtda Beyrutda da bir neçə aksiyanın keçirildiyinin fərqində olmaya bilərlər. Amma Beyrutdakı aksiyalar İraqdakı kimi diqqəti cəlb etməyib. İndi Səudiyyə Ərəbistanının planı İraqda həyata keçirilir və buna görə heç kim üzə çıxaraq bu aksiyalara rəhbərliyi öz üzərinə götürmür. 

  

- Beşincisi, nümayişlərin "Ərbəin" yürüşü ərəfəsində baş verməsi təsadüfi deyil. Bu xaos bizə bir neçə məsələyə diqqət etməyi öyrədir.

 

Birincisi, "Ərbəin" yürüşü kölgədə qalır, digər tərəfdən isə hələ bir yaşı tamam olmamış Adil Əbdülmehdi hökumətinin devrilməsinin bünövrəsi qoyulur. İraq hökuməti iki tərəfdən Amerikanın böyük təzyiqinə məruz qalır. Əvvəla, Adil Əbdülmehdi hökuməti Heydər Abadidən fərqli olaraq nəinki Qərbə, Şərqə baxır, bu yaxınlarda çoxsaylı ticarət və iqtisadi sazişlərin imzalandığı Çinə rəsmi səfərdən qayıdıb. Çin ilə ABŞ arasında isə ciddi iqtisadi müharibə davam edir.  

Daha önəmlisi isə İsrail rejiminin bu yaxınlarda İraqda "Həşd-Şabi" mövqelərinə hücum etməsidir. Bunu İraq Baş naziri açıq elan etdi. Bu da Bağdadın bu hücumlara qarşı qətiyyətli olması deməkdir.  

 

Öldürülənlərin sayı  

 

İraqdakı küçə etirazlarında 11 nəfərin öldüyü bildirilir. Onlardan biri polis işçisidir. Ən çox ölü sayı İraqın cənubundakı Nasiriya şəhərində olub. Yaralıların sayının isə yüzlərlə olduğu bildirilir. Etirazları bir növ dəstəkləyən İraq Kürdüstanında isə ölənlərinin sayının 21 nəfərə çatdığı qeyd olunub.

 

İraq siyasətçilərinin mövqeyi  

 

Bütün partiyalar və siyasətçilər, hətta baş nazir Adil Əbdülmehdi xalqın etiraz etmək hüququnu vurğulasa da, bəzi siyasətçilər qeyri-müəyyən mövqe tutublar.  

Ölkədəki aksiyalara münasibət açıqlayan Əbdülmehdi bildirib ki, bəziləri nümayişlərin dinc şəkildə keçirilməsinin qarşısını almağı bacarıb. Əllərdə tutulan və səsləndirilən bəzi şüarlar nümayişlərdən istifadə cəhdlərini ortaya çıxarıb. Problemlərin çözülməsi üçün hökumətin əlində sehirli həllər yoxdur, istəklərin bir il içində həyata keçirilməsi mümkün deyil. İşsizliyi biz yaratmamışıq, bizə dağılmış infrastruktur miras qalıb. Bizlər bu gün dövlətlə dövlətsizlik seçimi arasındayıq.  

 

İraq hökumətinə müxalif olan şəxslər indiki nümayişlərə çağırış etmədiklərini, ancaq vəziyyətdən narazı olmadıqlarını bildiriblər. Son bir neçə ayda hazırkı hökumətin hələ bir yaşı olmasa da, hökumət nazirlərinə və hətta baş nazirə impiçment üçün çox səy göstəriblər.

  

Müqtəda Sədr etirazların ikinci günü öz "Twitter" səhifəsində “Biz xalq etirazlarının partiya etirazlarına çevrilməsini istəmirik. Əks təqdirdə koalisiyamızı aksiyalara dəvət edərdik. Bu nümayişlərin ümumxalq aksiyasına çevrilməsini və dinc olmasını istəyirik. Nümayişlərdə zorakılığa yol verilməməlidir” - yazıb.

 

Etirazların ilk günündə İraqın keçmiş baş naziri Nuri Maliki "Bu gün Təhrir meydanında (Bağdadda) baş verənlər bədbəxtçilikdir və heç kimə fayda vermir. Aksiya iştirakçılarını qanuna tabe olmamağa, nümayişlərin dincliyini qorumağa və təhlükəsizlik qüvvələri ilə toqquşmalardan çəkinməyə çağırıram" - deyə açıqlama yaymışdı.

 

İraqın keçmiş Baş naziri Əyad Əlavi də nümayişlərin dinc olmasını xalqın qanuni haqqı adlandırıb. Xalqın etirazlarının dinc formada davam edəcəyi təqdirdə onların tələblərini dəstəkləyəcəklərini söyləyib.  

 

Aksiyaların ikinci günü Seyid Əmmar Həkim etirazçılara "bizim övladlarımız" -  deyə səslənib. Təhlükəsizlik qüvvələrinə "övladlarımıza səbrlə yanaşın, onları dinləyin" - deyib.

  

Vəziyyət sakitləşməyə doğru gedir  

 

Dünən axşamdan vəziyyətə nəzarət etmək üçün avtomobillərin şəhərdə hərəkət etməsi qadağan olunub. Bağdad şəhərində komendant saatı elan edilib. Bundan əlavə İraq hakimiyyəti Nəcəf, Babil, Maysan, Ziqar əyalətlərində nəqliyyatın hərəkətinə qadağa qoyub. Bəzi mənbələr bu gün İraq şəhərlərindəki vəziyyətin sakit olduğunu söyləyiblər. "Əl-Ərəbiyyə" telekanalı baş nazirin etirazçıların nümayəndələri ilə görüşdüyünü və onların tələblərini dinlədiyini yazıb. Görülən bu tədbirlər İraqı sakitləşdirməyə kömək edəcək.

/Eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system