NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İqtisadçıdan “Əmlak amnistiyası” təklifi - Sənədsiz həyət evləri problemi həllini tapa bilər

Oxundu: 444
İqtisadçıdan “Əmlak amnistiyası” təklifi - Sənədsiz həyət evləri problemi həllini tapa bilər

Vüqar Bayramov: “Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər”

 

Məlum olduğu kimi, dövlət başçısı qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı sərəncam verib. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi sənədləşmə ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcəyi gözlənilir. Güman olunur ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq.

 

Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi. Mərkəzin sədri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramovun sözügedən məsələ ilə bağlı fikirlərini “İslaminsesi”nin oxucularına təqdim edirik.

 

“Biz nəyi təklif edirdik və indi də məqbul hesab edirik? Əvvəlla, bizim təkliflərimiz “Əmlak aministiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

 

İqtisadçı bildirir ki, rəhbərlik etdiyi mərkəzin konsepsiyasında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Və burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var: “Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.

 

V.Bayramovun sözlərinə görə, bütövlükdə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir: “Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımından əhəmiyyətli hesab edilə bilər”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system