İqtisadçıdan bədbin proqnoz: “Neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”

Oxundu: 208
İqtisadçıdan bədbin proqnoz: “Neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”

Vüqar Bayramov: “Neftin qiymətində azalmalar davam edərsə, ölkəmizdə də dollara tələbat yüksələcək”

 

“Neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyəyə düşüb. “Brent” markali neftin 1 barelinin qiyməti artıq 59 dollardan da ucuz satılır”.

 

İslaminSesi xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

 

Ekspertin sözlərinə görə, neftin dünya bazar qiymətində azalmaların davam etməsi gözlənilən idi və hətta yeni qiymət düşmələri də istisna olunmur: “Belə ki, ABŞ-ın sentyarb ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsində yeni mərhələ başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq indi qlobal arenada heç nə neft ölkələrinin xeyrinə dəyişmir”.

 

V.Bayramovun fikrincə, neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, ölkəmizə daxil olan valyutanın həcmi yenidən azaldacaq: “Azərbaycan ixracatının 90 faizinin enerji məhsullarının olduğunu nəzərə alsaq “qara qızılın” qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz”.

 

Ekspertin qənaətinə görə, Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var: “Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti “qırmızı zonaya” daxil olmaq anlamına gəlir. Çin valyutası ilə yanaşı Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir”.

 

Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. V.Bayramov hesab etdiyini bildirir ki, bu baxımdan neftin qiymətində azalmalar davam edərsə ölkəmizdə də dollara tələb yüksələcək: “Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system