NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 44
İpoteka şərtlərini ağırlaşdıran qanun konstitusiyaya ziddir - Təhlil

İpoteka şərtlərini ağırlaşdıran qanun konstitusiyaya ziddir - Təhlil

İslaminSesi bildirir ki, Ekspertlər dəyişikliyə etiraz etdi; Vahid Əhmədov: “Palata bankların sağlamlaşdırılmasını həyata keçirə bilmirsə, nə işlə məşğuldur?”

Banklar Assosiasiyasının ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təklifləri cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Təkliflərdə qeyd olunur ki, ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq. Əgər təkliflər qəbul olunsa, bu, istənilən ipoteka krediti alan şəxsin gələcəkdə eyni aqibətlə üzləşməsi deməkdir.


Ekspertlər isə deyirlər ki, bu təkliflər Azərbaycan Konstitusiyasına ziddir...

“Yeni Müsavat” məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikirlərini öyrənməyə çalışıb. O bildirib ki, sözügedən qanunun qəbul olunması gözlənilir: ““İpoteka haqqında" Qanuna edilən dəyişikliklərdən sonra bu məsələ öz həllini tapa bilər. Lakin hesab edirəm ki, bu, insan haqlarına ziddir, həmçinin hərrac prosedurunun pozulmasıdır. Azərbaycanda bu günə qədər aparılan hərracları, yəni bankların və digər qurumların girovunda olan əmlakların satılması ilə bağlı keçirilən hərracları kölgə altına alır. Ancaq məsələyə başqa tərəfdən yanaşsaq, bu gün Azərbaycanda problemli kreditlərin həcmi çoxdur. Çoxsaylı girovlar var ki, banklar onları vətəndaşların əlindən alıb, lakin onları satmaq mümkün deyil. Səbəb isə odur ki, hərraclarda girovlar bazar dəyərindən yüksək qiymətləndirilir və onların satılması sonradan problemə çevrilir. Amma istənilən halda bu qanun müəyyən ziddiyyətlər yaradacaq. Çünki bank əmlakı girov götürərkən, qiymətləndirmə prosesində qiymətləndiricilər ya əmlakı bazar dəyərindən aşağı qiymətləndirirlər və ya banklar əksər hallarda bazar dəyəri ilə deyil, likvit dəyərlə girova qəbul edirlər. Əmlakın girova likvit dəyərlə qəbul edilməsi o deməkdir ki, bazar dəyərindən 15-20 faiz daha ucuz dəyərləndirilir”.

Image result for Ramil Osmanlı

Ekspertin sözlərinə görə, girov alqı-satqı predmetinə çevrildiyi halda onun yenidən qiymətləndirilməsi həyata keçirilməlidir. Yenidən qiymətləndirmə prosesi zamanı mütləq müstəqil qiymətləndiricilər bu prosesə cəlb olunmalıdır. Bu məsələnin məhkəmə qaydasında tənzimlənməsi daha doğru olardı: "Mən həmin qanunun qəbul olunacağını düşünürəm. Aparılan müzakirələrin formatı və ona olan yanaşma, eyni zamanda qanunvericilik təşəbbüsü ilə çıxış edənlərin imkanları bu qanunun qəbul olunacağını düşünməyə imkan verir. 

Sonrakı mərhələdə vətəndaşın mülki qaydada keçirilmiş hərracın nəticələrini ləğv etmək üçün məhkəmə qaydasında mübahisələndirilməsi baş verə bilər. Əvvəlki qaydalarda əgər hərrac başa çatdıqdan sonra aparılan məhkəmə prosesi sonuncu instansiyaya qədər gedib tam qanuni qüvvəsini aldıqdan sonra evin boşaldılması prosesi həyata keçirilirdisə, indi artıq bu proses hərracdan əvvəl həyata keçiriləcək. Bu da o deməkdir ki, vətəndaş 2-3 il çəkən bu prosesdə öz mülkiyyətindən istifadə hüququndan məhrum olunacaq".

Image result for Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu mümkün olan hal deyil: “Bu qanunun qəbul olunması mümkün deyil. Çünki konstitusiyaya ziddir, biz konstitusiyanı dəyişmirik ki... Banklar Assosiasiyası konstitusiyanı dəyişə bilməz axı... Belə bir qanun layihəsi Milli Məclisə daxil olmayıb. Yəqin ki, haradasa aşağı səviyyələrdə müzakirələr gedir. Mən inanmıram ki, cənab prezident elə bir layihənin Milli Məclisə daxil olmasına qol çəksin. Çünki konstitusiyaya görə, mülkiyyət yalnız məhkəmə tərəfindən ləğv edilə bilər. Heç bir təşkilat , o cümlədən bank, məhkəmə qərarı olmadan mülkiyyət hüququnu əldə edə bilməz. Mən bu vaxta qədər hansısa ölkədə belə bir təcrübənin olmasını eşitməmişəm. Ona görə də hesab edirəm ki, bu qanun qəbul oluna bilməz”.

Problemli kreditlərin həcminin artmasını əsas gətirərək belə bir qanunun qəbul edilməsinə gəlincə, Vahid Əhmədov vurğuladı ki, bu problemin məsuliyyəti bankların və Palatanın üzərindədir: “Problemli kreditlərin həcminin artmasını banklar özləri fikirləşməlidir, özü də Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bir yerdə. Palata yaradılanda onun qarşısında əsas vəzifə kimi bankların sağlamlaşdırılması qoyulmuşdu. Cənab prezident də 2016-cı ilin yekunlarına dair iclasında da bildirdi ki, ötən il Azərbaycan iqtisadiyyatına ən böyük ziyan vuran təşkilatlar banklar olublar. Düzdür, biz iki dəfə devalvasiya keçirdik, banklar müəyyən qədər əziyyət çəkdilər. Ancaq onlar vaxtında kreditləri 30-35 faizlə verəndə bilmirdilər ki, həmin kreditləri qaytarmaq mümkün olmayacaq. İndi də Palata bu istiqamətdə heç bir iş görmür. Ötən il problemi kreditlərin həcmi 1,6 milyard manat idisə, indi 1,8 milyard manata yüksəlib. Bəs Palata bankların sağlamlaşdırılmasını həyata keçirə bilmirsə, nə işlə məşğuldur? Biz Beynəlxalq Bankı bu bəladan qurtarmaq üçün dövlət büdcəsindən əlavə vəsait ayırdıq. Ancaq Palata heç bir iş görmür. Vaxtilə Mərkəzi Bankın banklara nəzarət mexanizmi daha güclü idi. Palata sağlamlaşdırmaq əvəzinə daha da banklarda vəziyyəti gərginləşdirir. Azərbaycanda bank sistemi düzəlməyincə, biz iqtisadiyyatımızda ciddi artım gözləməməliyik”.

NƏRGİZ

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system