Gözümüzün önündə reallaşmaqda olan "Böyük Ermənistan" ideyası və parlamentin Qarabağ dərdsizliyi

Oxundu: 98
Gözümüzün önündə reallaşmaqda olan

İlqar Əli: ""Qarabağ münaqişəsinin həlli ilə prezdent özü məşğuldur" deyib, 27 ili yola verdiyiniz bəsdir, ölkənin ən böyük problemi sizi də düşündürməlidir"

Zaman-zaman Qarabağ probleminin parlamentdə müzakirə olunması ilə bağlı məsələ qaldırılıb, təkliflər verilib. İstər bəzi deputatlar, istərsə də ölkə ictimaiyyətinin ayrı-ayrı fəal nümayəndələri, siyasi qurumlar tərəfindən.  Bu isə millət vəkillərinin problemin həllinin nəyə görə yubanması, danışıqların gedişinə dair dolğun məlumat əldə edə bilməmələri ilə əlaqələndirilir. Amma 2001-ci ildə Milli Məclisdə aparılan müzakirələr istisna olmaqla, bu məsələ parlamentdə indiyə qədər aktiv şəkildə gündəmə gətirilməyib. Halbuki, ərazilərimizi işğal edən Ermənistan tərəfi tez-tez Dağlıq Qarabağ münaqişəsini parlamentdə müzakirə edir, məsələyə dair dinləmələr keçirir, danışıqların gedişi ilə bağlı cəmiyyətə məlumat verir.

 

Bəs ümumiyyətlə Qarabağ problemi ilə bağlı parlamentdə müzakirələrin aparılması lazımdırmı və belə müzakirələr nələrisə həll edəcəkmi? Yeni parlamendən bu istiqamətdə nələri gözləmək olar?

 

İslaminSesi-nin suallarını cavablandıran Məcburi köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İlqar Əlinin qənaətinə görə, nə qədər ki Qarabağ məsələsi parlamentin müzakirəsinə çıxarılmayıb öz həllini tapmayacaq: "Bu məsələ parlamentin bütün iclaslarında müzakirəyə çıxarılmalıdır. Ancaq çox təəssüf ki parlament xalq tərəfindən seçilmədiyi üçün nəinki xalqın, heç dövlətin ərazi bütövlüyünü də sifarişsiz müzakirəyə çıxarmaq qüdrətində deyil. Çünki təyinatla formalaşır. Biz çox istərdik ki, Qarabağ məsələsi xüsusilə Qarabağdan təyin olunmuş deputatların diqqət mərkəzində olsun. Amma təəssüf  edirəm ki, bu belə deyil. Çünki ermənilər milli maraqlara üstünlük verdiyi halda, biz hələ də şəxsi maraqların arxasındayıq. Nə qədər ki qarabağlı "işbazlar" madiyyatı hər şeydən, o cümlədən Qarabağdan üstün tutacaqlar, biz daha böyük fəlakətlə üzləşəcəyik".

 

Problemlə bağlı tez-tez, o cümlədən ötən ilin noyabrında da münaqişə ilə bağlı parlamentdə müzakirələrin aparılması, dinləmələrin keçirilməsi üçün Milli Məclisin rəhbərliyinə, deputatlara, xüsusilə də Qarabağ və ətraf rayonlardan olan millət vəkillərinə müraciət etdiklərini deyən İlqar bəy, hələ də heç bir qanedici cavab almadıqlarını bildirdi:

 

"Çox təəssüf edirəm ki, sanki belə bir problem yoxmuş kimi əhəmiyyət də vermədilər. Dünyanın gözü baxa-baxa  işğalçılar heç bir beynəlxalq hüquqa məhəl qoymadan bizim yurdlarımıza sahib çıxır, məskunlaşma işləri aparırlar.  Arxayınlıqla  işğal etdikləri rayonlarımızda müasir yollar çəkir, istehsal müəssisələri açır və istirahət mərkəzləri tikir. Həm də bütün bunları ermənilər özləri sanki bizə göz dağı verirlərmiş kimi mətbuatda və internet vasitəsi ilə yayırlar.

 

Artıq 30 ilə yaxındır ki, ərazilərimiz işğal altındadır. Bu illər ərzində saysız-hesabsız danışıqlar aparılıb. Amma fakt odur ki, nəticə əldə edə bilməmişik. Özlərini insanların hüquq və azadlıqlarının müdafiəçisi adlandıran, demokratiyanın qarantı sayan dövlətlərin, beynəlxalq qurumların gözü qarşısında artıq sayı bir milyona çatan qarabağlılar  XXI yüzillikdə səfil, sərgərdan duruma salınıb. Açığı, heç Azərbaycan dövlətinin də Qarabağ münaqişəsinə dair fəaliyyəti bizi qane etmir. Danışıqlara getməklə, atəşkəsə əməl etməklə indiyə qədər nəsə əldə etmişikmi? Əsla. Münaqişənin həlli ilə məşğul olan,problemin guya sülh yolu ilə nizamlanmasına nəzarət edən tərəflər ərazisi işğal olunan Azərbaycanın təmkinli , dözümlü davranışlarını dəyərləndirdilərmi ?! Əksinə, bizi işğalçı ilə bərabər tutaraq  güzəştə  getməyə çalışdılar. ATƏT-in Minsk qrupunun regiona səfərləri artıq cəmiyyətdə ironiya ilə, gülüşlə qarşılanır.

 

"Hələ bunlar fərqində deyillər ki, hədəf bütövlükdə Azərbaycandır və ermənilər sürətlə bu hədəfə doğru gedirlər. Biz isə gözümüzün önündə reallaşmaqda olan "Böyük Ermənistan" ideyasını xülya adlandırırıq" - deyən İ.Əli MM-də Qarabağ  məsələsinin müzakirə edilib ciddi qərar qəbul olunmasını tələb etdi: "Prezdent özü bu işlə məşğuldur deyib, 27 ili yola verdiyiniz bəsdir. Bir milyon məcburi köçkün insanın taleyi, ölkənin ən böyük problemi sizi düşündürməlidir. Eyni zamanda gələn ay formalaşacaq yeni parlament də tarix qarşısında məsuliyyətini dərk etməlidir. Onlardan da eyni məzmunlu tələbimiz olacaq".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system