HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 1225
Fazil Mustafa və şou-biznes

Fazil Mustafa və şou-biznes

Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim.. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim....

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqifin bu qəzəli müasir dünyamızın reallıqları ilə necə də uzlaşır. Bəli! Bu gün cahan mülkündə doğru nəsə görmək müşkül məsələyə çevrilib. Əcaba nədən deyə sual versəniz, sadəcə ətrafa göz gəzdirin və cavabı həmən tapacaqsınız. Həzərat bu dünyada doğru nəsə görmək ona görə müşkülə çevrilib ki, yalanların, saxtalıqların, saxtakarların qiyməti “bazarlarda” çox bahadır. Elə buna görədir ki, özünü bir şey sanan filankəslər, elə öz uydurduqları və inandıqları yalanları, doğru kimi cəmiyyətə, hətta böyük anlamda desək bəşəriyyətə sırımağa çalışırlar və təəssüf ki, saxtakarlığın hökm sürdüyü dünyada buna nail olurlar. Həmin o filankəslər cəmiyyətə sırıdıqları yalanların müqabilində əməlli-başlı mükafatlandırılırlar da, buna heç şübhəniz də olmasın, Bayaq dedim axi, yalanın qiyməti çox bahadır.

 

Sözümüzün canı yalan-doğru məfhumlarının məğzini araşdırmaq deyil, əslində məqsəd və məramım millət vəkili Fazil Mustafanın son müsahibəsində səsləndirdiyi fikirlərə münasibət sərgiləməkdir. Yox, yox! biz şou-biznes əhli deyilik və Fazil Mustafanın bostanına daş ataraq gündəmdə qalmaq niyyətimiz də yoxdur. İndi deyəcəksiz ki, heç Fazil Mustafa da “manıs” deyil ki, kiminsə haqqında danışıb gündəmdə qalmağa çalışsın. Amma həzərat vallah bu Fazil bəy şou adamı olmasa da, bizneslə arası çox yaxşıdır. Bəs necə! Səsləndirdiyi və cəmiyyətə sırımağa çalışdığı hər sərsəm yalanlara görə, Fazil bəy mükafatlandırılır axı...

 

Cənablar! Vallah dərdimiz heç Fazil Mustafanın biznesə olan marağı ilə də deyil. Heç onun səsləndirdiyi yalanlara fikir vermədən də ötüb keçə bilərdim. Əgər bu yalanlar ictimai fikirə və cəmiyyətə ziyan vurmasa idi. Hə bir əmma da var. Bu əmma ondan ibarətdir ki, bizim millətimizin hörmətli vəkili hər dəfə ağzını açıb danışmağa, yaxud əlinə qələm alıb yazmağa başlayanda mütləq bir görkəmli şəxsiyyətimiz, siyasi-ictimai xadimimiz, İslam müqəddəslərimiz, haqda ağlına gələni söyləyir. Artıq o qədər sərsəm fikirlər səsləndirib ki, vallah ölkənin gündəmini şou-biznesin ən öndə gələn müğənnilərindən daha çox zəbt edir desək, yanılmarıq. Fazil Mustafa artıq “ulduz” a çevrilib desək, bəlkə də daha doğru olar. Hətta millət vəkili kimi onu tanımayanlar , sərsəm açıqlamaların müəllifi dedikdə həmən xatırlayırlar. Əlqərəz, bizim hörmətli millət vəkilimiz oturub çox düşünüb ki, biznes işləri zəif gedir, görəsən bu dəfə kimin “bostanına daş atım”. Birdən ağlına ədəbiyyat və mədəniyyət tariximizin iftixarı olan dahi şairimiz Məhəmməd Füzulinin adı gəlib. Öz-özünə deyib əşi kişi çoxdan haqq dünyasına qovuşub, üstəlik qohum-əqrəbası da qalmayıb. Kim çıxıb mənə nəsə deyəcək. Beləcə yumub gözlərini, açıb ağzını, başlayıb ki, bəs Füzuli Azərbaycanda mərsiyə janrının yayılmasının təməlini qoyanlardan biridir. Mərsiyə janrı isə insanı dini ideologiyanın quru təbliğatçısına çevirməkdir. Adama deyərlər ölkənin dağ boyda problemləri dura-dura, “pricem tut mərsiyə”. Axı ədəbiyyatımızın görkəmli sənət dahilərinin yaradıcılığında xüsusi bir janr kimi yer tutan mərsiyə niyə Fazil bəyin xoşuna gəlmir. Haçandan mərsiyə janırı insanı dini ideologiyasının təbliğatçısına çevirib? Bütün bunlar bir kənara. O boyda dahi Füzuli haqda fikir səsləndirməyə görəsən Fazil Mustafaya kim ixtiyar verib? Axı Fazil Mustafa haçandan ədəbiyyatşünas olub ki, Füzuli haqda danışsın da.

 

Bu demokratiya və plüralizm də bir zad deyil həzərat. Yaxud da biz bu sözlərin mənasını dərk etməkdə acizik. Yoxsa hər yerindən duran demokratiyadır deyib istədiyi insan haqda fikir söyləməzdi axı. Görəsən dahi Füzuli haqda fikir səsləndirərkən, onun yaradıcılığını müzakirəyə çıxararkən heçmi utanc hissi keçirmədi Fazil bəy? Bütün bu sualların cavabını əslində özüm bilirəm. Yazımın əvvəlində dedim axı. Bu dünyada doğrular yox, yalanlar daha qiymətlidir və bahalıdır. Fazil bəy isə çox bacarıqlı biznes adamıdır. Yalanları cəmiyyətə sırımaqla, biznesini inkişaf etdirir. Amma yaxşı olar ki, Azərbaycan adlı məmləkətin görkəmli dühaları, ziyalıları, şair və yazıçıları, ictimai və dövlət xadimləri ilə gündəmə gəlməkdən çəkinəsiz hörmətli Fazil bəy. Yoxsa vallah millət sizi bağışlasa da, tarix əfv etməz. “Mən Fazil Mustafaya dur deyirəm”

 

Müşviq Əhmədov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system