NAMAZ VAXTLARI:
  • FƏCR 05:04
  • GÜN 06:25
  • ZÖHR 12:34
  • ŞAM 18:59
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənişünas alim: ““Madrid prinsipləri”ni imzalasaq, Dağlıq Qarabağı həmişəlik itirəcəyik!” - MÜSAHİBƏ

Oxundu: 191
Ermənişünas alim: ““Madrid prinsipləri”ni imzalasaq, Dağlıq Qarabağı həmişəlik itirəcəyik!” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı: “Qarabağı ermənilərdən geri almaq üçün ağlamaq lazım deyil”

 

“Dağlıq Qarabağ məsələsinin müzakirəsi bizim nəzarətimizdən çıxıb

 

Jurnalist-tədqiqatçı, ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetində Erməni dili və mədəniyyəti kafedrasının professoru Qafar Çaxmaqlının Modern.az saytına verdiyi müsahibəni ixtisarla İslaminsesi-nin oxucularına təqdim edirik.

 

- Qafar müəllim, bu günlərdə Ağdamın işğal olunmasının 26-cı ilini qeyd etdik. Artıq rayonlarımızın  işğal günü yaxınlaşdıqca, “bu dəfə işğal barədə necə danışaq?!” düşüncəsi ilə baş-başa qalırıq.  Nə vaxta kimi ağlayacağıq?

- Qarabağı ermənilərdən geri almaq üçün ağlamaq yox, onu almaq lazımdır.  Əvvəl bilməliyik ki,  necə olub Qarabağ ermənilərin əlinə keçib?  Necə olub ki, biz bu məsələdə ermənilərə uduzmuşuq? Bundan sonra necə edə bilərik ki, məğlubiyyətlərimiz təkrarlanmasın. Məncə, öncə tarixdən dərs çıxarmalıyıq. 

Bir az tarixə ekskursiya etsək, hansı mərhələdə səhv etdiyimizi biləcəyik. Dağlıq Qarabağ indinin məsələsi deyil. Birdən-birə də ortaya çıxmayıb.  Bilməliyik ki,  1923-cü ildə, Sovet dövründə Dağlıq Qarabağa muxtar vilayət statusu verilməsi ermənilərin ən böyük qələbəsi olub. Zatən onlar o zaman bundan artığını istəməmişdilər. Hətta bəzi erməni böyükləri bunun zərərli bir addım olduğunu dərk etmişdi. Erməni millətindən olan bəzi vəzifəli insanlar Dağlıq Qarabağın, hətta Zəngəzurun bizdən qoparılıb  Ermənistana verilməsinə qarşı idilər. Həmin vəzifəli ermənilərdən biri Anastas Mikoyan idi. Mikoyan 1922-ci ildən 1965-ci ilə kimi Sovet hökumətinin yüksək vəzifələrində oturmuş şəxsdir. Lenindən Brejnevə qədər olan dövrdə  “odda yanmaz, suda batmaz” bir adam olub. Ermənilərin  bir çoxu Dağlıq Qarabağın Ermənistana verilməsinə qarşı çıxıblar. Qarabağ kəndlilərinin qurultayında “Yaşasın Azərbaycan!” şüarı səsləndirilib.

Bu faktları ermənilər gizlədirlər, bizimkilər də bunu qabartmaqda həvəsli deyillər. Bunun çox səbəbləri var. Amma o dövrdə, o günki şərtlərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi bu bölgənin məhv olunmasına bərabər tutulub.  Buna rəğmən, ermənilər bölgədə yaşayan əhaliyə muxtar statusu alıblar. Bu, erməni əhalinin Dağlıq Qarabağda qalıb yaşamasını stimullaşdırıb və dolayısı ilə onların Qarabağda ilk qələbəsi olub.

 

- Sovet dövründə Dağlıq Qarabağa status verilsə də, vilayətin ermənilər tərəfindən işğalına illər sonra başlanıldı. Sizcə, niyə bu qədər gec?

- O dövr üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi həqiqətən erməni xalqı üçün faciə olardı. Sadəcə, ermənilər çox dərinə getmədilər.  Onlar Zəngəzuru Ermənistana birləşdirməyə nail oldular. Zəngəzurun birləşdirilməsi strateji cəhətdən Azərbaycan və Türkiyənin belini qıran məsələ oldu.  Yalnız bizim deyil,  Türkiyə ilə bütün Türk dünyasının əlaqəsi kəsildi. Qarabağ məsələsi yalnız 1988-də ortaya atılmadı.  Ermənilər bütün dövrlər ərzində, münasib məqam yetişəndə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini zaman-zaman qaldırıblar.  Onlar bu iş üçün hər zaman hazırlıqlı olublar. Təəssüf ki, bu təhlükəni görə-görə qarşısını ala bilməmişik. Onlar Sovet hakimiyyəti və kommunist rejiminin qadağalarını aşaraq, Dağlıq Qarabağda möhkəmlənə biliblər. Biz isə erməni əhalinin zəifləməsi,  buradan çıxıb getməsi, azalması ilə bağlı heç bir tədbir görməmişik. Əksinə verdiyimiz qərarların bir çoxu erməni əhalinin xeyrinə olub. Mənim “Dağlıq Qarabağ işğaldan öncə və sonra “(Yalova-2011) adlı kitabım var. Orada bunları geniş şəkildə qeyd etmişəm.

 

- BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki,  indiyə kimi yerinə yetirilməyib. İllərdir ki, laqeyd yanaşma hökm sürür...

-  Onlar bir şey  deyil, kağız parçasıdır. O sənədlərin arxasına düşməkdənsə, başqa işlərlə məşğul olmalıyıq. Ermənini tanımaq lazımdır. O hansısa kağız parçası ilə Qarabağı bizə verməyəcək. BMT üzvü olan dövlətlər bu məsələyə müdaxilə edib hərbi qüvvə yaradaraq, o əraziləri erməni hərbçilərindən təmizləmək üçün səy göstərirlərmi? Yox. Demək o qətnamələr kağız parçasından başqa bir şey deyildir. Bunlar ona görə səy göstərmir ki, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü  ATƏT-in Minsk qrupunun həmsədrləridir. Guya danışıqlar aparırlar. Ona görə də burada porodoks yaranır. Nə sülhlə,  nə də güclə erməni qoşunlarını Qarabağdan çıxarırlar. Hər görüşdə bir sözü deyirlər. “Tərəflər hərbi gücdən imtina etsin”. Tərəflər dedikdə Azərbaycan təcavüzə məruz qalıb və Azərbaycan öz torpaqlarını erməni qoşunlarından azad etmək üçün hüquqi imkanlarındanmı imtina etsin?

 

 

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu vaxta kimi 6 prinsip müəyyənləşib. Sonuncusu “Madrid prinsipləri”dir ki, onun üzərində böyük dövlətlər dayanıb. Ancaq etiraf edək ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti “Madrid prinsipləri”nin nəyi nəzərdə tutduğunu anlamır.

- Ermənişünas kimi bunun izah edilməsinin hər zaman tərəfdarı olmuşam. O prinsiplərin son anda danışıqlar prosesində qəbul olunması və imzalanması Azərbaycanın zərərinədir. Ona görə də Azərbaycan hakimiyyəti buna getmir. “Madrid  prinsipləri”ndə göstərilir ki, öncə 5 rayon geri qaytarılacaq, sonra da 2 rayon. Əlavə olaraq Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məcburi köçkünlərin geri dönməsindən sonra olacaq. Dağlıq Qarabağdan  çıxarılan əhali oranın yerli əhalisinin 15%-dir.  Burada bir referendum olması nəzərdə tutulur ki, status müəyyənləşsin. Dağlıq Qarabağda keçiriləcək referendumun nəticəsinə uyğun olaraq Dağlıq Qarabağın statusu müəyyən ediləcək. Bu da öncədən nəticəsi bəlli olan məsələdir. Təsəvvür edin, əhalinin 85%-i erməni, 15%-i isə azərbaycanlıdır. O zaman Dağlıq Qarabağı tamamilə itirəcəyik. İndi Dağlıq Qarabağ de-fakto ermənilərin əlindədir, o zaman de-yure ermənilərin əlində olacaq. Bəlkə ictimaiyyətin xəbəri yoxdur. Referendumda  hansı sual qoyulduğunu oxumuşdum. Bu, “Madrid prinsipləri”ndən əvvəl olan şey idi. Sonra dəyişdirdilər.

Suallar belə idi:

1. Dağlıq Qarabağın müstəqil olmasına tərəfdarsınızmı?

2. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə tərəfdarsınızmı?

3. Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına tərəfdarsınızmı?

Bu sualların özü də təxribat idi. Çünki oradakı əhalinin özü də ya birinci, ya da 2-ci suala cavab verəcək. 3-cü sual boş qalacaq.  “Madrid prinsipləri”nin qəbul olunması və ona imza atılması Dağlıq Qarabağın tamamilə itirlməsi deməkdir. Əgər gələcəkdə “Madrid prinsiplərinə imza atsaq, bu, Dağlıq Qarabağın Zəngəzur kimi əlimizdən getməsinə səbəb olacaq.

 

- “Madrid prinsipləri”nin şərtləri münaqişənin bizim xeyrimizə həll edilməsinə yaşıl işıq yandırmır. Sizcə, münaqişənin həlli üçün yeni maddə, yaxud da prinsipin zamanı yetişməyibmi? Azərbaycan diplomatiyası bu yöndə hansı addımları atmalıdır? Yeni prinsipdə nələr əks olunmalıdır ki, Dağlıq Qarabağ qeyd-şərtsiz Azərbaycana qaytarılsın?

 - Vaxtilə üzərində durulan prinsiplər olub. Bu prinsiplərin hamısı münaqişənin uzadılması və onun Ermənistanın xeyrinə işləməsi nəticəsini ortaya qoyub. İndi də hər hansı  yeni təkliflərin verilməsi bizim zərərimizədir. Ermənistanın baş naziri Nikol Paşinyan yeni fikir ortaya ataraq demişdi ki, “Dağlıq Qarabağ erməniləri də tərəf kimi danışıqlar prosesinə cəlb olunsun”. Bu da təxribat idi. Erməniləri Dağlıq Qarabağ danışıqları prosesinə cəlb etmək o deməkdir ki, biz Dağlıq Qarabağı subyekt kimi tanıyırıq. Təbii ki, Azərbaycan Paşinyanın bu fikirlərini qəbul edə bilməzdi. Nə qədər ki, bu məsələyə işğal faktı kimi baxılmayıb, münaqişənin həlli mümkün deyil. Bu qənaətdəyəm ki, mümkün deyil ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə  həll olunsun və  eyni zamanda orada yaşayan  erməni əhaliyə öz müqəddəratını təyin etmək haqqı verilsin. Bunlar bir-birinə zidd prinsiplərdir. Əgər erməniyə öz müqəddəratını təyin etmək haqqı verirsənsə, demək referendum edəcək, seçkiyə gedəcək və səni tanımayacaq. Bu,  o haqdır. Əgər məsələ ərazi bütövlüyü çərçivəsində həll edirsənsə, bu, Azərbaycanın qanunları ilə tənzim olunmalıdır. Bizi dirəyiblər ki, orada yaşayan ermənilər öz müqəddəratını təyin etmək haqqını alsınlar. Biz də buna imkan verə bilmərik.

 

- Qafar müəllim, bəs nə etməliyik?

- Biz o torpaqlar üzərindəki haqqımızı  əlimizdə saxlamalıyıq. Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirməklə cinayətkar ünsürləri təmizləmək haqqını da özündə saxlamalıdır. Münaqişə ola bilsin daha 30 ya da 40 il davam etsin. O vaxta qədər ki, Azərbaycan öz ərazisində məsələni həll etmək üçün güc tətbiq etmək planını genişləndirməli və buna hazır olmalıdır.

 

- Sizin fəaliyyətinizin əsas hissəsi Türkiyə ilə bağlıdır. Hər halda, türklərin Dağlıq Qarabağa olan münasibətini daha yaxşı bilirsiniz. Niyə ATƏT-in Minsk qrupu həmsədrləri arasında Türkiyə yoxdur? Sizcə, buna mane olan səbəblər nədir?

- Sualınız çox maraqlıdır. Münaqişənin əvvəlində biz necə hazır deyildiksə, Türkiyə də o cür hazır deyildi. Türkiyə Sovetlər Birliyindən qopan dövlətlərin hamısını tanıdı, o cümlədən də Ermənistanı.  İlk dövrlərdə Ermənistana yardımlarını da etdi. Amma Ermənistan müstəqilliyi ilə bağlı Konstitusiya Bəyannaməsi qəbul etdi. Həmin Konstitusiya Bəyannmaəsində Türkiyənin bir sıra vilayətlərinə ərazi idsialarını ortaya qoydu. Yəni guya, bu torpaqlar Ermənistan əraziləridir və ora “Qərbi Ermənistan” deyirlər. Təbii, Türkiyə buna “necə olur ki, müstəqiliyini tanıyıram, ancaq sən ərazi iddiası ilə çıxış edirsən?” formasında etirazını bildirdi. Üstəlik də o zaman  Ermənistan Azərbaycana qarşı təcavüzünü genişləndirdi və bir sıra əraziləri tutdu. Xüsusən də Kəlbəcər ərazisi Dağlıq Qarabağın inzibati ərazisinə bərabər ərazidir. Kəlbəcəri işğal edəndən sonra Türkiyə Ermənistanın işğalçılıqdan vaz keçməsini tələb etdi. Ermənistan isə işğalçılıq siyasətindən vaz keçmədi və Türkiyə birtərəfli qaydada sərhədlərini bağladı. O gündən bu günə kimi Türkiyənin Ermənistanla bağlı siyasəti dəyişməyib. Ermənilər Türkiyəyə qarşı çox qarmaq atsa da, qardaş ölkənin siyasəti dəyişməyib. Ermənilər işğal siyasətindən əl çəkməyənə kimi Türkiyə Ermənistanla heç bir diplomatik əlaqə qurmayacaq. Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət dəyişməyəcək. Bu məsələlərdə Ermənistan öz-özünü təcrid siyasəti həyata keçirir.

Digər tərəfdən, Ermənistan münaqişə tərəfi kimi Türkiyənin bu məsələyə müdaxilə etməsini istəmir. Hətta ermənilər Almaniyanın da həmsədr olmasına etiraz edir. Çünki Almaniya bir az obyektiv mövqe sərgiləyə bilər. Rusiya Dağlıq Qarabağı işğal edib Ermənistana verən ölkədir. ABŞ erməni diasporu və lobbisinin çox güclü olduğu dövlətdir və təsir imkanları çox genişdir. Fransa da tarixən ermənilərin himayəçisi olub. Bu 3 dövlət ermənilərin tərəfindədir. Bu dövlətləri dəyişdirə bilmirik. Rəhmətlik Heydər Əliyevin zamanında həmsədr ölkələrin dəyişdirilməsi məsələsi ortaya çıxmışdı. Fransanın yerinə Almaniyanın olmasını təklif etmişdik. Hətta İtaliyanın da danışıqlarda iştirak etməsi məsələsi vardı,  Ermənistan istəmədi. Artıq Dağlıq Qarabağ məsələsinin müzakirəsi bizim nəzarətimizdən çıxıb. Yalnız etiraz edə bilərik.

 

- O zaman  1994-cü ildən bəri kağız üzərində fəaliyyətdə olan ATƏT-in Minsk qrupu niyə mövcuddur?

- Hesab edirəm ki, Azərbaycan Minsk qrupunun fəaliyyətindən imtina etməlidir.

 

- Siz dediyiniz kimi, imtina etsək, uzanan münaqişənin həlli necə olacaq?

- Digər münaqişələrin heç birində ATƏT-in Minsk qrupu yoxdur. Bu qurum Qarabağ münaqişəsini həll etmir, uzadır. Uzatmaq da Azərbaycanın zərərinədir. 1993-cü ildən bəri o bölgədə yoxuq. 1993-cü ildən bəri Qarabağda dünyaya gələn erməni uşaqları Azərbaycan adlı dövləti tanımırlar. O bölgədən qaçqın düşən vətəndaşlarımızın çoxu Azərbaycanın müxtəlif bölgələrində dünyaya gəlib və Dağlıq Qarabağı vətəni hesab etmir. Münaqişənin uzanmasının çox fəsadları var. Jurnalist, politoloq, ictimai xadim olaraq çalışırıq ki, Dağlıq Qarabağı gündəmdə saxlayaq. Əgər hər hansı mətbu orqan bu məsələyə önəm verməsə, məsələ unudulacaq. Bu zaman biganəlik ortaya çıxır. Türkiyədə bu məsələni ona görə gündəmdə tutmağa çalışırıq ki, Türkiyə dövlətinə təsir etmək imkanlarımız olsun və Qarabağ münaqişəsinə dırnaqarası baxılmasın.

 

- Yaxşı, siz deyənlərlə razıyıq. O zaman niyə türk dövlətləri birləşib Qarabağ münaqişəsinin həlli ilə bağlı bir təşkilat yaratmırlar? Məsələn,  niyə ATƏT-in xristian dövlətlərindən ibarət olan Minsk qrupu həmsədrlərinə qarşı müsəlmanlardan ibarət türk qrupu fəaliyyət göstərmir?

- Bu cür məsələlər türk dövlətlərində hakimiyyət başında olan adamlardan qaynaqlanır. Orta Asiya Respublikalarında hakimiyyət başında olan adamların bir çoxu Rusiyaya bağlıdır. Çünki Rusiyanın təyin etdiyi adamlardır. Ona görə də fərqli siyasət yürüdə bilmirlər.

 

Modern.az

        İxtisarla...

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system