NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənistanda ölkə əhalisinin 1.177.000 nəfər azalacağı gözlənilir

Oxundu: 45
Ermənistanda ölkə əhalisinin 1.177.000 nəfər azalacağı gözlənilir

Ermənistan Milli statistika xidmətinin əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin açıqladığı rəsmi məlumata əsasən, 2018-ci ilin yanvar-iyun ayları ərzində Ermənistanın dövlət sərhədindən xaric olan vətəndaşların sayı 1.142.243 nəfər, dövlət sərhədindən daxil olan vətəndaşların sayı isə 1.066.779 nəfər təşkil etmişdir.

 
Qeyd edilən dövr ərzində miqrasiyanın mənfi saldosu -75.464 təşkil etmişdir. Ölkəni tərk edən vətəndaşların müəyyən hissəsinin mövsüm ilə əlaqədar müvəqqəti işləmək üçün getdiyini və geri qayıdacağını nəzərə alaraq mənfi saldonun göstəricisinin ilin sonunadək bir qədər azalacağını proqnozlaşdırmaq olar.
 
BMT-nin "Dünya əhalisinin perspektivləri – 2015" adlı məruzəsində Ermənistanın demoqrafik durumunun təhlilinə əsasən qeyd edilir ki, 2100-cü ilədək ölkə əhalisinin sayı 1 milyon 793 min nəfər təşkil edəcək. Ermənistanda əhalinin ixtisarı BMT hesablamalarına əsasən davam edərsə, 2015-2100-cü illər ərzində ölkə əhalisinin 1.177.000 nəfər azalacağı gözlənilir. 
 
Ermənistanda demoqrafik göstəricilərin təhlili göstərmişdir ki, 2008-ci ildən etibarən hər il ölkədə miqrasiyanın mənfi saldosu əhalinin təbii artımını üstələyir ki, bu da ölkə əhalisinin tədricən azalmasına səbəb olur. Ümumilikdə, 2008-2014-cü illər ərzində Ermənistanı 224.300 nəfər tərk etmişdir. Ermənistan əhalisi arasında ölkəni tərk etmə hallarının hər il sabit qaydada baş verməsi, təbii artım tempinin isə davamlı şəkildə azalması yuxarıda qeyd olunan ixtisarın 2100-cü ilədək deyil, 2050-60-cı illərədək baş verəcəyini ehtimal etmək olar. 
 
Əvvəlki illərdə olduğu kimi, bu il ərzində də Ermənistanın demoqrafik durumunun pisləşməsinə, xüsusilə də erməni əhalisinin kütləvi şəkildə miqrasiyasına əsas səbəb ölkədə gedən siyasi proseslər, zəif iqtisadiyyat, rayon və kəndlərdə əhalinin məşğulluq səviyyəsinin aşağı düşməsi olmuşdur. Ermənistanda iqtisadi tənəzzül ilə əlaqədar yoxsulluq həddinin və işsizlik səviyyəsinin sürətlə artımı müşahidə edilir. Əgər 2013-cü ildə ölkədə yoxsulluq həddinin 32% olduğu qeyd edilirdisə, 2014-cü ilin sonunda bu göstərici 35% olmuş, 2015-ci ilin sonunda isə onun 40%-a çatacağı və 2016-cı ildə də davam edəcəyi bildirilir. 
 
Ermənistan iqtisadiyyatında mövcud olan çətinliklər ilə yanaşı demoqrafik problemlərin də getdikcə artması ölkənin bir çox sahələrində işçi qüvvəsinin azalmasına gətirib çıxarır. Bunun əsas səbəbi ölkəni tərk edən əhalinin əksər hissəsinin orta və gənc nəslin olmasıdır. 
 
Ermənistanda əhalinin sayının azalması təkcə miqrasiya səbəbli deyil, eyni zamanda doğum sayı ilə ölüm sayının arasında olan nisbətin ixtisarı nəticəsində də baş verir. 2018-ci ilin birinci yarımilliyində doğum sayı 18.719 nəfər (2017-ci ilin analoji dövrü ərzində bu göstərici 19.401 nəfər), ölüm sayı isə 14.628 nəfər (2017-ci ilin analoji dövrü ərzində bu göstərici 14.929 nəfər) təşkil etmişdir. Qeyd edilən dövr ərzində ölüm sayında 301 nəfər, doğum sayında isə 682 nəfər azalma müşahidə edilmişdir ki, bu da təbii artım tempinin aşağı düşməsinə səbəb olmuşdur.
 
Cari ilin 1-ci kvartalı ərzində Ermənistanda iqtisadi cəhətdən fəal əhali arasında işsizlik səviyyəsi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 1.3% artaraq 19.1% təşkil etmişdir. Ermənistanın Dövlət məşğulluq xidmətinin məlumatına görə, 2018-ci ilin yanvar ayının 1-nə Ermənistanda işsiz əhalinin sayı 72.600 nəfər təşkil etmişdir ki, 2017-ci ilin iyul ayının 1-nə bu rəqəm 63.000 nəfər olmuşdur. Erməni ekspertlərinin rəyinə görə, ölkədə işsizliyin səviyyəsi 39.2% həddindədir və onun 45,5 %-i əhalinin 15-24 yaşlarında olan gənc nəslin üzərinə düşür. Qadınlar arasında isə işsizliyin göstəricisinin 72% olması Ermənistanda gender bərabərliyi sahəsində də ciddi problemlərin mövcud olmasını göstərir.
 
Əldə edilmiş məlumata əsasən, Ermənistana köçmüş Suriya ermənilərinin ölkədə yaranmış vəziyyət və baxımsızlıq səbəbindən Ermənistanı tərk etməsi halları artmışdır. Cari ilin oktyabr ayında Ermənistanın "Qnçakyan" sosial-demokrat partiyasının sədr müavini Vazgen Mesropyanın son il ərzində Ermənistanda məskunlaşmış 12.000 suriyalı erməni vətəndaşından 4.000 nəfərinin artıq ölkəni tərk etməsi barədə bəyanatı Ermənistan hökuməti tərəfindən suriyalı erməni qaçqınlarına qarşı laqeyd münasibətin və ölkədə iqtisadi çətinliklərin olmasının real göstəricisidir. Ermənistanda mövcud olan siyasi və sosial-iqtisadi vəziyyətlə əlaqədar bu ölkəni tərk edən yerli və suriyalı ermənilərin sayının bundan sonra da artacağı istisna edilmir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system