NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənistan üçün Moskva ilə əməkdaşlığın alternativi yoxdur

Oxundu: 554
Ermənistan üçün Moskva ilə əməkdaşlığın alternativi yoxdur

Başqa yolu qalmayan baş nazir bunu anlamaq istəmir

Azər Rəşidoğlu: “Ermənistanda yalnız Qarabağ klanına qarşı mübarizənin lideri kimi tanınan Paşinyanın bir siyasətçi olaraq məğlubiyyəti uzaqda deyil”

 

Ermənistanda dekabr ayına təyin olunan parlament seçkiləri ilə yanaşı, Qarabağ klanı və ermənistanlılar arasında toqquşmanın qaçılmazlığı, yeni baş nazir Nikol Paşinyanın devriləcəyi iddiaları da müzakirə obyektinə çevrilib. Ötən günlərdə isə rusiyalı ekspert Dmitri Verxoturov Qarabağ klanının Ermənistanda yenidən hakimiyyətə gələ biləcəyini səsləndirib.

 

Verxoturovun sözlərinə görə, Ermənistanın gələcək siyasi kursu, ümumilikdə gələcəyi sual altındadır. Və Ermənistanda indiki qeyri-sabit vəziyyət kəskin siyasi rəqabət fonunda yenidən ciddi iğtişaşlara səbəb ola bilər.


Ermənistanın hazırkı rəhbərliyi ilə Qarabağ klanı arasındakı münaqişədən danışan D.Verxoturov bildirib ki, Qarabağ klanı hələ ki, ən mütəşəkkil qüvvədir, çünki onların hakim sistemdə möhkəm mövqeləri və böyük dəstəyi var. “Onlar reytinqi sürətlə düşən Paşinyandan hakimiyyəti geri ala bilərlər”, - deyə rus ekspert vurğulayıb.

 

Yaxşı, Ermənistanda Qarabağ klanının hakimiyyətə gəlmə ehtimalı varmı? Ümumiyyətlə Qarabağ münaqişəsinin həlli baxımından yerli ermənilərlə Qarabağ klanının hakimiyyəti arasında həlledici fərq nədən ibarətdir?

 

Mövzuya siyasi şərhçi Azər Rəşidoğlunun baxış bucağı ilə yanaşdıq:

 

“Sabiq prezident Robert Köçəryanın hakimiyyətə qayıtmaq şansı az deyil. Bunu anlayan Paşinyan “Qarabağ kartı”ndan istifadə etmək niyyətindədir. Əslində, yeni baş nazirin başqa yolu da qalmayıb. Etirazlar fonunda iqtidara gələn, lakin ölkəni idarə etmək bacarığı olmayan Paşinyan yalnız populist şüar və fəaliyyətlə iflasdan sığortalanmaq niyyətindədir. Onu da xatırlatmaq yerinə düşər ki, yeni baş nazirin son kadr təyinatları siyasi qüvvələrin narazılığına səbəb olub. Son etirazlar zamanı Paşinyanı dəstəkləyənlər də artıq ondan uzaqlaşmağa başlayıblar. Paşinyana müxalifətdə olan Sarkisyan, Köçəryan, hətta üçüncü böyük fraksiyaya sahib Çarukyanın əlində milyardlarla dollar vəsait cəmləşib və yeni baş nazirin sabotaj edilməsi onlar üçün elə də çətin deyil. Ermənistanda elə bir vəziyyət yaranıb ki, iqtidar lümpenlərdən, müxalifət isə zənginlərdən ibarətdir. Bir dilənçinin milyonçuları idarə etməsi isə imkansız görünür”.

 

Politoloq hesab edir ki, Paşinyanın nə siyasi, nə də ki iqtisadi proqramı mövcuddur. Ona görə də o, insanların başını qatmaq üçün Qarabağa səfər edir, danışıqlar masasına separatçıların da əyləşməsini tələb edir və çıxışlarını hərbi ritorika üzərində qurur: “Xatırladaq ki, işğal altında olan Azərbaycan ərazisində - Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir, “DQR”-in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan birbaşa iştirak edir. Bir sözlə, qondarma “DQR” tam İrəvandan asılı vəziyyətdədir və onun danışıqlara cəlb olunmasını təklif etmək sərsəmlikdən başqa bir şey deyil.

 

“DQR” müstəqil subyekt deyil və odur ki, danışıqlar masasında tərəf kimi iştirak edə bilməz. Ümumiyyətlə, Paşinyanın mövqeyi, bəyanatı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə, münaqişənin və Ermənistandakı problemlərin həllinə yardım göstərmir, əksinə, həmin problemləri dərinləşdirir. Bu baxımdan, Paşinyanın bir siyasətçi kimi məğlubiyyəti uzaqda deyil. O, Ermənistanda yalnız Qarabağ klanına qarşı mübarizənin lideri kimi tanınır. Lakin İrəvanda yerli ermənilərlə Qarabağdan gələn ermənilər arasında psixoloji vuruşma özünü göstərməkdədir. Paşinyan nə qədər millətçi şüarlara müraciət etsə də, bu məsələlər adi şüur səviyyəsində öz həllini tapmayıb. Paşinyanın qarşısında duran ən mühüm vəzifə Dağlıq Qarabağ məsələsində bundan sonra tutacağı mövqedir. O, anlayır ki, sona qədər danışıqlardan imtina edə bilməz. Savaş da apara bilməz. Əks təqdirdə, ötən ilin aprelində olduğu kimi bu dəfə də İrəvan “ağ bayraq” qaldırmağa məhkum olacaq. Əslində, Paşinyanın Dağlıq Qarabağa səfərləri də bu ziddiyyətli mövqedən irəli gəlir. O başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və İrəvan onsuz da məğlubdur.


Daha bir məqama diqqət çəkən A.Rəşidoğlunun qənaətincə, İrəvan özünün əsas dayağı olan Moskvanın da dəstəyini itirməkdədir: “Paşinyan addımları ilə demək istəyir ki, Ermənistan iqtisadi baxımdan Qərbə bağlı olmağa çalışır. Amma Paşinyan anlamaq istəmir ki, ermənilərin təhlükəsizlik problemində Kreml ilə əməkdaşlığın alternativi mövcud deyil. Ermənistanda siyasi böhran davam edir və arxa plana çəkilən Sarkisyan hakimiyyətə yenidən qayıtmaq barədə düşünür. Bu prosesin sonunun nə olacağını zaman göstərəcək. Lakin istənilən halda Paşinyanın iflasa uğrayacağını təxmin etmək olar”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system