“Ən böyük arzum budur ki, foto sənəti deyiləndə Elmar Əzimli adı yada düşsün” - Kadrdan Kənar

Oxundu: 3035
“Ən böyük arzum budur ki, foto sənəti deyiləndə Elmar Əzimli adı yada düşsün” - Kadrdan Kənar

“İslaminSesi”nin “Kadrdan Kənar” foto layihəsi davam edir. Bu dəfə kadrdan kənar düşüncələrini oxucularımızla gənc olmasına baxmayaraq kifayət qədər tanınan və bir sıra beynəlxalq müsabiqələrin laureatı olan Elmar Əzimli bölüşəcək

Elmar Əzimli haqda qısa tanıtım: “23 yaşlı Elmar Əzimli, 19 yaşından foto sənəti ilə məşğul olur. Hazırda Ukraynada kinooperatorluq ixtisası üzrə təhsil alır”.

 

- Foto mənim üçün həyat tərzidir. Gələcək həyatımda başqa bir sahə ilə məşğul ola bilərəm. Amma foto sahəsindən heç bir zaman uzaqlaşmağı düşünmürəm. İkincisi foto mənim üçün bir tarixdir. Yəni foto vasitəsi ilə biz tariximizi gələcək nəsillərə daha rahat çatdıra bilərik. Bu səbəbdən də foto mənim üçün çox dəyərlidir.

 

 

- Foto sənəti ilə məşğul olmağa başlayarkən hər hansı bir maneə ilə qarşılaşmısınız?

 

- Bəli. Valideynlərimin təpkisi ilə qarşılaşmışam. Atam hələ də fotoqraf olmağımı istəmir. Valideynlərim müəyyən yaş dövründən sonra, foto ilə məşğul ola bilməyəcəyimi, gələcək həyatımı təmin etməkdə çətinlik çəkəcəyimi düşündükləri üçün etirazlarını bildirirlər. Amma mən həyatımı başqa bir sahə ilə təmin etməyi, eyni zamanda foto sənətini yaradıcı tərəfdən özümdə inkişaf etdirməyi düşünürəm. Valideyn təpkisi ilə qarşılaşmaq çətinlik yaratsa da, foto sənətindən uzaqlaşmaq fikrim yoxdur.

 

- 6 azərbaycanlı gənc təxminən 100 kilometr yol qət edərək, ucqar dağ kəndlərində yaşayan 384 uşağa hədiyyə aparıb. “Şaxta baba ucqar kəndlərdə” adlı layihədə siz də iştirak etmisiniz. Bu layihəyə uşaqları sevindirmək üçün qoşuldunuz, yoxsa daha çox tanınmaq məqsədi haqda düşündüyünüz üçün iştirak etdiniz?

 

- Bu layihənin təşəbbüsü dostumuz Cavid Qara tərəfindən irəli sürülüb. Dağ turizmi ilə məşğuldur. Layihə ilə bağlı internet vasitəsi ilə elan verildi. Beləcə pul və müxtəlif hədiyyələr yığıldı. Daha sonra mənə təklif gəldi və qəbul etdim. Beləcə layihə çərçivəsində 14 kəndi gəzərək, 384 uşağa müxtəlif hədiyyələr verdik.

 

 

Bilirsiz, layihənin ictimaiyyətə düzgün şəkildə təqdim edilməsi çox önəmlidir. Bundan böyük layihələr həyata keçirilsə də, düzgün təqdim edilmədiyindən ictimaiyyət məlumatsız qalıb və laqeyd yanaşılıb. Bu layihəyə qatılmağımda dağ kəndlərini gəzmək həvəsimin olması danılmazdır. Eyni zamanda dağ kəndlərində yaşayan insanların həyat tərzi də marağımı cəlb edir. Lakin ən çox uşaqları sevindirmək, onlara hədiyyə vermək, üzlərindəki sevinci görmək məni xoşbəxt etdiyi üçün bu layihəyə qoşuldum. Buna görə də, bütün çətinliklərə rəğmən, layihədə iştirakımı sona qədər davam etdirdim və qətiyyən peşman deyiləm. Çünki dağ kəndlərində çəkdiyim şəkillər uğurlu oldu və insanların marağını cəlb etdi. Əminəm ki, gələcəkdə bu cür layihələrə cəmiyyətin marağı daha çox olacaq və daha artıq pul vəsaiti yığılacaq. Bu isə öz növbəsində daha çox uşağı sevindirmək fürsətini yaradacaq.

 

- Beynəlxalq müsabiqələrdə iştirak edib mükafat alarkən, daha çox Azərbaycanın adını hallandırmaq sizi sevindirir, yoxsa bunu şəxsi uğur və inkişafınız kimi dəyərləndirirsiniz?

 

- Mən beynəlxalq müsabiqələrdə iştirak edərkən ilk növbədə öz şəxsi uğurum haqda düşünürəm. Mükafat alarkən isə öncə şəxsi uğuruma sevinirəm. MDB ölkələri arasında keçirilən “Delfi” oyunlarında iştirak edib laureant olarkən, bunu ölkənin yox, öz şəxsi uğurumun nəticəsi kimi dəyərləndirdim.

 

 

- Gənc fotoqraf kimi bəhrələndiyiniz azərbaycanlı fotoqraflar varmı?. Əgər varsa kimlərdir?

 

Şəxsi inkişaf üçün müxtəlif fotoqraflar tərəfindən çəkilən çoxlu şəkillərə baxmaq lazımdır. Elə peşəkar çəkilən kompazisiyalar vardır ki, onları kopyalamaq belə çox çətindir. Azərbaycanda foto sahəsi inkişaf etməkdədir. Fotoqrafların sayı günü-gündən çoxalır. Toy, küçə fotoqrafiyası ilə məşğul olan, reportajlar çəkən gənclərin sayı artır. Mən əsasən Eldar Ələkbərov, Sənan Əsgərov, Eltac müəllim və digərlərinin sənətindən bəhrələnirəm. Foto sənətini tam olaraq Zaur Mirzəyevdən öyrənmişəm. Çəkdiyim fotoları ilk olaraq Zaur müəllimə göstərib, ondan məsləhət alıram.

 

 

 

- Bu sənətlə bağlı gələcək planlarınız nədən ibarətdir? Özünüzü gələcəkdə hansı zirvədə görürsünüz?

 

- Ümumiyyətlə istənilən şəxs, istənilən sahədə uğur qazana bilər. Mən foto sahəsində əlimdən gələni etmək və tarix yazmaq istəyirəm. İstəyirəm ki, müəyyən vaxtdan sonra, foto sənəti deyiləndə Elmar Əzimli adı yada düşsün. Bu mənim ən böyük məqsədimdir. Yaradıcı insanlar, fotoqrafiya ilə məşğul olanlar məni tanısalar, bu artıq mənim ən böyük uğurum olacaq.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system