NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Eldəniz Quliyev: "Bu danışıqlar məğlubiyyətə bərabər dialoq olardı"

Oxundu: 249
Eldəniz Quliyev:

“Nə qədər ki atəşkəs hər gün, hər saat pozulur, nə vaxta qədər bizim torpaqlarımız, yurd-yuvamız, ocaq yerlərimiz işğal altındadır, sülh danışıqlarına getmək milli xəyanətə bərabərdir”

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il yanvarın 16-də Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşünün yekunlarına dair yayılan açıqlamada xalqların sülhə hazırlanmasına dair məqamın qeyd olunması öz gözlənilməzliyi ilə hər iki tərəfdə  çaşqınlığa səbəb oldu. Sülh üçün hansı şərtlər nəzərdə tutulur? Adamlar məhz bunun açıqlanmasını istəyirlər. Söhbət ondan gedir ki, ermənilər işğal etdikləri torpaqların bir qarışını belə geri qaytarmaq istəmirlər. Şübhəsiz ki, hər iki tərəfdə sülhü dəstəkləyənlər var. Məsələn, bu yaxınlarda Humanitar Tədqiqatlar Cəmiyyəti İctimai Birliyinin sədri Əvəz Həsənovun təşkilatçılığı dəyirmi masa keçirilərək, xalqı sülhə hazırlamağın vacibliyinə toxunulub. AmmaAzərbaycanda indiki halda bu variantla razılaşmaq əksəriyyət tərəfindən təslimçi sülhə imza atmaq kimi qəbul edilir. Əksər siyasi ekspertlərə görə, münaqişənin Dağlıq Qarabağsız həll yolu  təslimçi sülhdür və buna qətiyyən getmək olmaz. Çünki ermənilər Dağlıq Qarabağın  ətrafındakı rayonları da ələ keçirərək status almağı hədəf seçmişdilər və sülh razılaşması onların öz hədəfinə çatması deməkdir.

 

Maraqlıdır, torpaqları işğal olunmuş xalqın sülhə hazırlanması fikri özündə nələri ehtiva edir? Əgər Qarabağı və ətraf rayonları işğal edən Ermənistanın istər hakimiyyəti, istərsə də bir xalq olaraq ermənilər torpaqların geriyə qaytarılmasını qəbul etmədiklərini bildirirlərsə, onda hansı sülhdən söhbət gedir?

 

 

"İslamınSesi" saytının sualına münasibət bildirən tanınmış ziyalı, politoloq Eldəniz Quliyevin sözlərinə görə, dünya təcrübəsində elə bir münaqişə, elə bir müharibə olmayıb ki, sonda sülhlə bitməsin: "Bu, tarixi bir reallıqdır. Müharibələr ya bir tərəfin məğlubiyyəti, ya da iki tərəfin qarşılıqlı razılığa gəlməsi ilə sonda sülhlə nəticələnir. Amma sülh danışıqlarının özünün də müəyyən prinsipləri var. Mən çox təəssüf edirəm ki, bəzi “sülh göyərçinləri” torpaqları işğal altında qalan xalqı sülhə hazırlamaqdan dəm vururlar. Sülh tərəflərin qarşılıqlı razılığa getməsidir. Azərbaycan nəyi güzəştə getməlidir? Söhbət Dağlıq Qarabağa veriləcək statusdan gedirsə, bu məsələ yeni deyil və torpaqların geri qaytarılmasının müqabilində Azərbaycan tərəfi buna razıdır. Yəni bu halda status məsələsini indi sülhə hazırlıq kimi təqdim etməyə ehtiyac yoxdur. Yox əgər daha nələrisə güzəştə getməyimizdən söhbət gedirsə, mən düşünürəm ki, indiki şəraitdə Azərbaycan tərəfinin bununla razılaşması təşlimçi sülhdən başqa bir şey olmayacaq. Bu danışıqlar məğlubiyyətə bərabər dialoq olardı”.

 

E.Quliyevin sözlərinə görə, nə qədər ki atəşkəs hər gün, hər saat pozulur, nə vaxta qədər bizim torpaqlarımız, yurd-yuvamız, ocaq yerlərimiz işğal altındadır, sülh danışıqlarına getmək milli xəyanətə bərabərdir: “Danışıqlar aparmaq olar, amma indiki vəziyyətdə sülh sazişi haqda danışmaq absurd fikirdir. Nə vaxt ki, ermənilər işğal etdikləri bütün rayonların qaytarılmasına  və Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək status verilməsinə razılaşarlar, bu halda sülh barədə razılığa gəlmək olar. Dediyim kimi, biz də müharibənin əbədi davam etməsində maraqlı deyilik, biz də sülh istəyirik. Amma təslimçi sülhə əsla razılaşmaq olmaz. Bu halda biz şəhidlərimizin ruhu qarşısında cavab verməli olarıq".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system