Dünyanın nüfuzlu 500 müsəlmanından biri olan azərbaycanlı İslaminSesinin “Qonaq otağı”nda

Oxundu: 3878
Dünyanın nüfuzlu 500 müsəlmanından biri olan azərbaycanlı İslaminSesinin “Qonaq otağı”nda

DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, Dəyərlər AİN (Azerbaijan Islam News) portalının baş redaktoru İlqar İbrahimoğlu. Onun haqqında çox danışmaq olar.

O, ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri, iqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almış, "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmiş, Varşavada yerləşən İnsan Haqları üzrə Beynəlxalq Məktəbin məzunu, "Narkomaniya və alkoqolizm üzrə beynəlxalq ekspert" sertifikatına malik bir ictiamai xadim. "Əsma-ül-Hüsna" (irsi qan xəstəlikli uşaqlara qayğı üzrə ixtisaslaşan), "Yetimsiz Vətən" (valideyin himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə ixtisaslaşan) proqramlarının koordinatoru, "Hikmət evi" disput mərkəzinin və "İslam maarifi" proqramının elmi rəhbəri, həmçinin tolerantlığın, dözümlülüyün, mədəni inteqrasiyanın inkişafına yönəli "Mədəniyyətlərin dialoqu" proqramına rəhbəridir. Teologiya, postmodern fəlsəfə və insan haqlarının fəlsəfəsi kimi sahələrdə interdistiplinar tədqiqatlar aparır.

 

Eyni zamanda, neyrolinqvistikanın şəxsiyyətlərarası ünsiyyətlərdə və paradiqmal təmasda rolu və yeri barədə araşdırmalarla məşğul olur. Göstərilmiş tədqiqatlar çərçivəsində Avstriyaya, Polşaya, ABŞ-a, Almaniyaya, Türkiyəyə, İrana, Yunanıstana, Rusiyaya, Ukraynaya, İordaniyaya, İsveçrəyə, Fransaya, İtaliyaya səfərlər etmiş və ən ümdəsi həddindən artıq səmimi bir həmsöhbət olan İlqar İbrahimoğlu "İslaminSesi"nin “Qonaq otağı”nda.  

 


- Hacı, ilk sualımıza gündəm mövzu ilə başlayaq. Son hadisələr və dünyanın yenidən diqqətinin Azərbaycana yönəlməsi Qarabağ hadisələrinə necə təsir edə bilər?

 

- Bunu bir neçə aspektdən qiymətləndirmək olar. Birincisi: bura bizim Vətənimizdir. Məsuliyyət daşıdığımız əmanətdir. Qarabağın azadlığı uğrunda dünyasını dəyişənlərimiz də şəhidlərimizdir. Bütün əməllərimiz də elə bir istiqamətə yönəlməlidir ki, şəhidlərimizin ruhları şad olsun. Bu istiqamətdə edəcəyimiz ən böyük iş isə torpaqlarımızı geri qaytarmaqdır.

 

İkinci tərəf isə sözsüz ki, geopolitik maraqlardır. Bu məsələyə Amerikanın, Rusiyanın da öz yanaşmaları var. Regional dövlətlərin – İranın da, Türkiyənin də öz münasibətləri var. Biz zaman-zaman Rusiyanın Ermənistana dəstəyini görmüşük. Hətta Qarabağda elə bir vaxt olub ki, sovet ordusu ilə qarşı-qarşıya olmuşuq. Məsələ bununla da bitmir. Hər zaman dolayısı ilə müşahidə etmişik ki, Ermənistana və qondarma Dağlıq Qarabağ Respublikasına Qərbdən də dəstəklər olub. Bunu Amerika da edib. Təbii ki, “hüquqi” çərçivədə: guya ərazi bütövlüyünə dəstək adı ilə bunu həyata keçiriblər. Məsələ iki qonşu qardaş ölkəyə gəlib çıxanda isə biz hər ikisindən dəstək ummuşuq. Sözsüz ki, hər iki ölkə: həm Türkiyə, həm İran praktiki olaraq bizə daha ciddi yardım etməlidirlər. Biz bunu onlara çatdırmalıyıq, deməliyik.

Əgər geopolitik baxımdan dəyərləndirsək, çox mürəkkəb bir vəziyyətdəyik. Lakin hər bir mürəkkəb vəziyyətin özünün öz imkanları olur. Sadəcə olaraq bundan istifadə etməyi bacarmalıyıq.

 

Üçüncü məsələ ölkədaxili məsələdir ki, buna da nəzər salanda görürük ki, ölkədə demokratik vəziyyət bərbad durumdadır, siyasi məhbuslar çox ağrılı vəziyyətdədir. İqtisadi böhran dalğaları hiss olunur. Təhsilin vəziyyəti bəlli, səhiyyənin vəziyyəti bəlli, lakin müharibə - bu, lokal olsa belə - baş verəndə bunlar hamısı arxa plana keçir. Ümid edirəm ki, vətəndaş cəmiyyəti özündə qüvvə tapacaq ki, bu mövzular daim gündəmdə qalsın. Çünki Qarabağın azad olunması həm də bu məsələlərin həllindən keçir. Lakin bununla yanaşı, Qarabağdakı uğurları birmənalı olaraq dəstəkləyir və bildiririk ki, bu, oyun və alətlərə çevrilməməlidir. Nə qədər ki, bu, vətən və torpaq mövzusudur – müqqədəsdir. Elə ki, bu istifadə vasitəsinə çevrilir – bu, yaxşı hal deyil.

 

 

- Bəs bundan sonrakı prossesləri necə dəyərləndirirsiniz?

 

- Bundan sonrakı prosseslər göstəriləcək iradələrə bağlıdır. Hələlik Azərbaycan üçün bunun ən əhəmiyyətli tərəfi bu oldu ki, Azərbaycan insanın müsbət ruhiyyəsi, vətənpərvərliyi üzə çıxdı. Bu, bizim üçün uduşlu haldır. Bu da gələcəkdə prosseslər üçün çox böyük avantajımızdır.

 

- Son zamanlar müşahidə etdiyimiz 20 illik ruh düşkünlüyü, insanların məğlubiyyət sindromu sanki bu 4 gündə yoxa çıxdı. Şəhidlərin izdihamla dəfni və s. Bu, illərlə aparılmış düşmən təbliğatının fiaskoya uğramasıdır, yoxsa?


- Bu, ilkin reaksiyadır. Çox gözəl və ali bir hissdir. Bunun nə qədər şüurla həyata keçirilməsi zamanla aydınlaşacaq. Ümumilikdə Azərbaycan insanı bu 4 gündə göstərdi ki, o, qətiyyən sıradan çıxmayıb. O, insani dəyərlərini itirməyib. İnanca münasibəti ildən-ilə artmaqdadır. Bu, həm də əks effektdir. Bu, onu göstərir ki, Azərbaycan insanı mənəvi deqradasiyaya uğramayıbmış. Yaşanan bu hadisələrin hamısı onu sübuta yetirdi.

 

 

- Oktyabr ayında verdiyiniz müsahibədə Suriyadan sonra növbənin Türkiyə olacağını söyləmişdiniz. Həqiqətən 2016-ci ildə biz bunun şahidi olduq. NATO dövlətinin bu hala gətirilməsi böyük dövlətlərin marağına nə dərəcədə uyğundur?

 

- Uzun illər öncə elə Nəcməddin Ərbəkan hocanın da bu barədə fikirləri olmuşdur. Yəni növbəti dalğa hansı ölkəni vuracaq. Bu gün böyük dövlətlərin Suriya məsələsində gözləntilərinin alınmadığını gördük. Türkiyə, Suriya kontekstində ciddi səhvə yol verdi. Türkiyə bütün qonşuları ilə problem vəziyyətinə gəlib çıxdı və öz daxilində o qədər problem olan hökumət, Suriya ilə bağlı yanlışlara yol verəndə, əslində öz daxilində gizli minaların yaranmasına səbəb oldu. Bumeranq olaraq hər şey özünə qayıtdı. Məzhəb amilini ortaya qoydu, özündə o məsələ qabardı, terrorçuları dəstəklədi (təbii ki, birbaşa deyil, dolayısı ilə) – həmin hadisələrin öz ölkəsində təkrarlanmasına gətirib çıxardı. Bu gün artıq Türkiyədəki o əmin-amanlıqdan danışmağa dəyməz. Türkiyə hakimiyyəti təxirəsalınmaz tədbirlər görməlidir.

 

- Min il sonra xristian dünyası bir araya gəlməyə cəhd etdi. Görüş yeri olaraq da Kuba seçildi. Halbuki, Kuba hansı mövqedədir – bu da bəllidir. Hələ də din və siyasət yanaşı gedir?

 

- İslam inancına görə, insan hər zaman Allahın hüzurundadır. İnsan bütün yerlərdə məsuliyyət hiss etməlidir. O cümlədən ictimai-siyasi prosseslərdə də iştirak edərkən Allahın hüzurundadır. Bu baxımdan islami kimlikdə siyasət də bir ibadət formasıdır. Qərbə gəldikdə isə, son əsrlər zahirdə elan etsələr də ki, artıq din onların həyatında elə bir rol oynamır, lakin bu, zaman-zaman belə olmadığını büruzə verib. Elə Qarabağ məsələsində də biz bunu aydın müşahidə edə bildik. Lakin burada Avropanın dindar və inanclı toplumundan söhbət gedə bilməz. Bu, artıq bir qrup insanın dindən istifadəsi nəticəsində üzə çıxmış bir haldır. Bu gün artıq sirr deyil ki, Vatikan – siyasi institutlardan biridir. Lakin Avropa toplumu da birrəngli deyil, orada da rəngarənglik var. Ümid edirəm ki, yaxın on ildə biz Avropanın daxilindən inanclı və səmimi insanların səsini eşidə biləcəyik. Onlar bu ağrılı prosseslərə öz münasibətlərini bildirəcəklər və öz vicdanlarının səsini dinləyəcəklər. Onlar dinin tamamilə kənara qoyulmasına öz etiraz səslərini ucaldacaqlar.

 

 

- Bu gün İslam ölkələrində bir tendensiya müşahidə olunmaqdadır. Dinin dövlətdən ayrı tutulmasına hey cəhd edilir. Bu gün bu prosses nə məqsədlə aparılır?

 

- Bu, bu günün məsələsi deyil. Bu, illərlə, əsrlərlə baş vermiş hadisələrin nəticəsidir. Yəni modernizm deyilən bir dövr gəldi ki, hər şeydə dini günahlandırdılar. Lakin zaman göstərdi ki, əslində belə deyil. Müsəlman ölkələrinə də bunun əks-sədası gəlib çatdı. Lakin bu, müsəlman ölkələrində o qədər də aktivləşmədi. Çünki müsəlman özünü daim Allahın hüzurunda hiss edir. Müsəlmanın ibadəti yalnız məsciddlə, namazla məhdudlaşmır. İslamin nəzərində hər yer – Allahın hüzurudur. İstər ictimai fəaliyyət, istər dindar bir mühitdə o, Allaha bəndəçilyini edəcək. Bu gün heç bir bir ictimai fəaliyyət ola bilməz ki, orada Allahın rəngi olmasın. Bu gün ictimai həyatda dindarı görmək istəməyənlər bunu deyirlər. Lakin düşünürəm ki, həqiqi iman sahibi kimlərinsə nə isə deməyindən asılı olmadan, Allahın hüzurunda olduğunu dərk etməli və öz üzərinə düşəni etməlidir.

 

- Hər il müxtəlif təşkilatlar və informasiya agentlikləri sorğular aparırlar. Bu il bunların birinə rast gəldim. 2015-ci ilin uğurlu müsəlman xanımların siyahısı dərc olunmuşdu. Əksəriyyəti hicablı xanımlar idi. Bu qədər azadlığa rəğmən, niyə Azərbaycan qadını dünya səviyyəsində təmsil olunmur və ya hansısa uğuruna görə fərqlənmir?

 

- Azərbaycan gənc dövlətdir. Sovetdən sonra 25 il – çox az bir müddətdir. İnanclı xanımlar arasında kifayət qədər intellektuallar var. Təəssüflər olsun ki, bu gün Azərbaycanda elmi müstəvidə, təhsildə, səhiyyədə yetərincə uğur yoxdur. Mədəniyyət sahəsində müəyyən uğurlar var. Lakin ümumi baxdıqda “azərbaycanlı xanımların dünya səviyyəsində yeri nə qədərdir” – deyə sual etsək, mən deyərdim ki, çox yüksək səviyyyədədir. Həm ümumi dünya çapında, həm də İslam dünyasında Azərbaycan xanımı çox yüksək səviyyədədir. Həmin formatlarda Azərbaycan xanımının yer alması isə artıq zamanın işidir. Zaman keçdikcə özünüifadə imkanları olacaq, inşəallah.

 

- Nəsillərin toqquşması və valideyn-övlad konteksti bugünkü problemlərin həll olunmasında nə dərəcədə rol oynayır? Doğrudanmı nəsillərin zamanla uzlaşması bu qədər çətindir?

 

- Biz zaman-zaman nəsillərin təsnifatını tanıtmağa çalışmışq. “X” nəslidir ki, 1965-ci ildən 1982-ci ilə qədər, sonra “Y” nəslidir ki, 1982-ci ildən 2000-ci ilə qədər. Və “Z” nəslidir ki, 2000-ci ildən bu yana. Diqqət etsək, görəcəyik ki, bunların arasında artıq ciddi bir fərqlənmə var. Ümumi olaraq həm texnoloji, həm də kommunikasiya baxımından bu nəsillər fərqlidir. Bu, normaldır və bu, hər zaman olub. Bəzən bunları ümumiləşdirən nöqtələr də olub, fərqləndirən nöqtələr də olub. Hesab edirəm ki, Azərbaycan toplumunda “Y” nəslinin gəlib daha önə çıxmasının və estafeti qəbul etməsinin vaxtı çatıb. Qarabağ hadisələri göstərdi ki, hansı hadisələr ki, “X” üçün əhəmiyyətlidir – bu, “Y” üçün də yüksək dərəcədə önəmlidir. Son həftələrdə müşahidə etdiyimiz o emosional gərginlik özünü “Y” nəslində daha çox göstərdi. Bu, sevindirici haldır. Bu gün sevindirici bir haldır ki, azərbaycanlı valideyn öz uşağının təhsilinə çox ciddi yanaşmağa başlayıb. Bu, çox önəmli bir məsələdir, çünki təhsilsiz cəmiyyətin gələcəyi yoxdur.

 

 

- Bu gün Azərbaycanda təhsilin vəziyyəti barədə nə deyə bilərsiniz? Ekspertlər bildirir ki, bu gün Azərbaycan təhsili barəsində narahat olmaq lazımdır.

 

- Rəsmi təhsil bərbad vəziyyətdədir. Orta məktəbləri götürsək, əgər ibtidadi təhsil nisbətən normaldırsa, lakin ondan sonra bir mərhələ başlayır ki, standartlara qətiyyən cavab vermir. Bəlli siniflərdən sonra isə ümumiyyətlə dərs keçilmir. Ondan sonra təhsili repetitorlar və kurslar əvəzləməyə başlayır. İnsafən, pis əvəzləmirlər də. Amma burada bir sual meydana çıxır ki, bəs bu təhsil sistemindəki bu resurslar və maliyyə hara gedir? Belə çıxır ki, səmərəsizdir bunlar? Ona görə də deyə bilərik ki, bu gün Azərbaycanda rəsmi təhsilə alternativ olaraq, fərdi təhsil inkişaf edib. Amma universitet mərhələsində vəziyyət qənaətbəxş deyil. İstisnalar var təbii ki, lakin fövqəladə dəyişiklikdən söhbət gedə bilməz. Lakin Azərbaycan gəncliyi təhsil alır, mütaliə edir.

 

- Milli atrubutlardan danışsaq, təxminən bir həftə əvvəl himnin dəyişdirilməsi ilə bağlı müzakirələr başlamışdı.

 

- Belə müzakirələr daima olur. Normal fikir formatında və normal bir cəmiyyətdə bu cür müzakirələri ziyanlı hesab etmirəm. Sadəcə olaraq, bu məsələlər bəzən epataj kimi edilir, gündəmə gəlmək üçün edilir. Özlüyündə bu müzakirələrdən çəkinmək lazım deyil.

 

- Bu gün ailə bağlarının zəifləməsi niyə bu qədər şiddətlənib? Boşanma statistikası göstərir ki, dünənə kimi nümunəvi olan Azərbaycan ailəsi, bu gün iflasa gedir. Bütün bunlar nə ilə əlaqədardır?

 

- Birincisi, bu gün dünyada qloballaşma ilə əlaqədər olaraq, ailə institutunda da adiləşmə gedir. Bu, dünyanın yaşadığı problemdir. İkincisi, insanlar həyatlarında nümunələri götürürlər. İzlədikləri seriallar, izlədiklər kinolar – onların nümunə mənbəyidir. Problemlərlə üzləşəndə, həmin qəhrəmanlar nə edərdilər – bu sxemlərə əsasən hərəkət edirlər. Üçüncüsü isə odur ki, Qarabağ savaşından sonra Azərbaycan toplumunda məğlubiyyət sindromu yaşanmağa başladı. Əslində məğlubiyyət sindromunun acı nəticələri kimi də bunu qiymətləndirə bilərik. Toplumlarda məğlubiyyət sindromu yaşanırsa, qadının rolu anormal şəkildə qabarmağa başlayır. Bu, bizim cəmiyyətdə də baş verdi. Hansı ailədə ki, kişinin passionarlığı zəifləyirsə, o ailənin harmonik halı çətin olur. Düşünürəm ki, bizim cəmiyyət Qarabağ savaşının məğlubiyyətini bu məsələdə də hiss edir. Bu gün bu məsələni daim müzakirə edərkən vurğulayırıq ki, Qarabağın qaytarılması təkcə torpaq məsələsi deyil. Bu, əxlaqın qaytarılması, mənəviyyatın qaytarılmasıdır. Bu, cəmiyyətin özünə qaytarılmasıdır.

 

 

- Uduzmaqdan danışdınız. Uduzmaq hissi insana nə qazandırır?

 

- Söhbət Qarabağ kontekstindən gedirsə, bu, çox ağrılı bir məsələdir. Biz 90-cı illərin əvvələrindən bunu yaşayırıq. Son on gündə gördüyümüz bu reaksiya – o ağrının nəticəsidir. Amma ibrət götürməli məsələlər də var. Nə oldu ki, bu yerlərə gəlib çıxdıq? Tarixdə hansı səhvlər buraxıldı? Biz birdən-birə Zəngəzuru və ya İrəvanı itirmədik ki?! Bunları itirənə qədər biz başqa şeyləri itirdik. Buna görə də düşünürəm ki, cəmiyyətdə iman çox güclü olmalıdır. Şəhadət ruhiyyəsi olmalıdır, Həzrət İmam Hüseynin (ə) məktəbindən qidalanan ruhiyyə olmalıdır. Bir toplumun üzərinə gəlinən zaman, onun son damla qanına qədər müqavimət göstərmək qüdrəti olmalıdır. Bu ruhiyyə uşaqlıqdan, yeniyetməlikdən insanlara aşılanmalıdır.

 

- İmam Hüseyn (ə) ruhiyyəsindən danışdınız. Son illər cəmiyyətimizdə, xüsusilə gənclər arasında belə bir ruhiyyənin inkişafı hiss edilir.

 

- Bu, ən təbii prosesdir. Xalq hərəkatı nəyə qarşıydı? Manqurtluğa qarşı idi. Xalq hərəkatı – özünəqayıdış idi. İnsan özünə qayıdanda dəyərlərini axtarır. Ən təbii prosesdir. Sovetdən sonra yaşanan səmimi bir axtarışın nəticəsində baş verən bir hadisədir. Bu, Azərbaycan insanın ən təbii hərəkətidir.

 

 

- İnsanların inanclarını nəzarətdə saxlamaq mümkündürmü?

 

- Təcrübə onu göstərib ki, insanların inanclarını nəzarətdə saxlamaq mümkün deyil. İnsanları incitmək mümkündür, sürgün etmək mümkündür, məhv etmək mümkündür. Zahirdə onun görünməsinin qarşısını almaq mümkündür, amma imanı və inancı aradan aparmaq mümkün deyil. Əsrlər boyu bu eksperimentləri etmək istəyənlər olub, lakin buna nail ola bilməyiblər. İraqın özündə belə düşünürdülər ki, bu məsələ bitib, amma Səddam gedən kimi, nə baş verdi – bu, göz qabağındadır. Milyonlar səhnəyə gəldi.

 

- İllər öncə dinin ölkədə sıxışdırılması və islamofobiyanın hökm sürdüyü dövrlə indiki dövrü müqayisə edərkən, hansı nəticəyə gəlirsiniz?

 

- Ümumilikdə ölkədə demokratik potensial zəifləyib. Ümumən ölkədə insan hüquqları və azadlıqları məhdudlaşıb. Ləyaqətli yaşamaq və özünüifadə imkanları zəifləyib. İnancla da bağlı eyni hadisələr baş verib. Bu, əlahiddə məsələ deyil. Bu, ölkədə baş verənlərin tərkib hissəsi qədərdir. Bu gün bir çox məsələlərin həlli o qədər ağrılı oldu ki, əldə etdiklərimizi uğur kimi qiymətləndirmirəm. Bu gün də Azərbaycanda ləyaqətli insan kimi yaşamaq çox çətindir. Cəmiyyətdə ləyaqətli yaşamaq – zombiləşməmək, həşarata çevrilməmək məsələsidir. Bu gün dini camiədə da əsas müzakirə olunan məsələ budur. İslamin bizə öyrətdiyi budur: hər zaman Allahın hüzurunda olduğunu unutma və ləyaqətli insan həyatını yaşa.

 

- Həbsdə olan siyasi məhbusların bir hissəsi bu yaxınlarda azadlığa buraxıldı. Hazırda da həbsdə kifayət qədər siyasi məhbus var. Lakin sözügedən məhbuslar arasında inanclı kəsimin nümayəndərlərinə qarşı önmühakiməlik hiss edilir. Bu ön mühakiməni yaradan nədir?

 

- Bu cür ön mühakimədən çıxış edənlər vətəndaş cəmiyyətində azdır. Əksəriyyət susmağı seçib. Amma bizim kimi düşünənlər də var.

 

Mənə elə gəlir ki, susqunluğun bir neçə səbəbi var. Bunun da birincisi odur ki, dünyadakı islamofobik dalğa buranı da vurub. Yəni bizim vətəndaş cəmiyyətinin bəzi təmsilçilərində də inancla bağlı, İslamla bağlı hər hansı bir inkişafdan narahatçılıq hiss edilir. Bu, məntiqli yanaşma deyil, fobik yanaşmadır.

 

- Yəni bunu yaradan səbəblər nədir?

 

- Bunlar elə hesab edirlər ki, nə qədər məhdudlaşdırsalar, bir o qədər yaxşıdır. Dolayısı ilə bu repressiyalarla bir növ özlərinə haqq qazandırırlar. Bu, islamofobiyanın Azərbaycanı da vurmasının nəticəsidir.

 

- Siyasi məhbuslarla bağlı gözləntiniz nədir?

 

- Gözləntim az deyil. Hesab edirəm ki, bunun üçün çalışmaq lazımdır. Düzgün çalışılarsa, siyasi məhbuslar azadlığa çıxa bilər.

 

- Əfvə inanclı kəsimdən heç kəs düşmədi. Bu, nə ilə əlaqədərdir?

 

- Düşünürəm ki, diskriminasiyadır və subyektiv bir yanaşmadır. Biz bu barədə danışmalıyıq. Müsahibələrimizlə, müraciətlərimizlə, mətbuat vasitəsi ilə. Bunun anormallığı görünməlidir. Zaman-zaman bunu dilə gətirmək lazımdır.

 

- Hacı, eşitdiyimə görə şahmat oyununu sevirsiz. Şahmatla əlaqə və bu oyuna həvəs necə yaranıb?

 

- Bu, uşaqlıq dövrünə qayıdan bir mövzudur. 8-11 yaşım olanda Azərbaycanda şahmat bumu yaşanırdı. Ölkədən dünya çempionu çıxmışdı. Şahmat, riyaziyyat qədər önəmli sayılırdı. Şahmat – beynin gimnastikasıdır. Analitik düşünməyə imkan verir. Amma 16 yaşımdan bəri hər hansı bir peşəkar idmanla məşğul olmamışam. Daha çox təhsil və mütaliə ilə məşğul olmuşam. İndi də müəyyən dərəcədə beyin gimnastikası olaraq özümü formada saxlayıram, amma şahmat daha çox müəyyən dövrün intellektual sıçrayışı üçün bir növ impuls rolunu oynamışdı.

 

Ülviyyə Tahir

Xəyal Şükür

Foto: İlkin Əzimov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system