Dünyanı nələr gözləyir? – Tramp mühüm sənəd imzalayan prezident kimi tarixə düşmək istəyir

Oxundu: 193
Dünyanı nələr gözləyir? – Tramp mühüm sənəd imzalayan prezident kimi tarixə düşmək istəyir

Üzeyir Cəfərov: “Ola bilsin ki hansısa lokal xarakterli toqquşmalar olsun, amma genişmiqyaslı müharibə olmayacaq”

 

Xəbər verildiyi kimi, ABŞ Rusiya ilə imzaladığı orta və qısa mənzilli raketlərin ləğvi (DRSMD) müqaviləsindən rəsmən çıxıb.

 

"2 avqust 2019-cu ildə Amerika tərəfinin təşəbbüsü ilə Sovet Sosialist Respublikaları İttifaqı ilə ABŞ arasında 8 dekabr 1987-ci ildə Vaşinqtonda imzalanmış orta mənzilli və daha qısa mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə xitam verilib", - deyə sənəddə vurğulanır.

 

Qeyd edək ki, sənəd artıq bir neçə gündür ki, dünya mediaslnda müzakirə mövzusuna çevrilib.

 

Bəs ABŞ-ın sözügedən müqavilədən çıxması beynəlxalq təhlükəsizlik üçün nələr vəd edir? Yeni genişmiqyaslı savaş gözlənilirmi?

                                          

Mövzu ilə bağlı İslaminSesi-nə danışan hərbi ekspert Üzeyir Cəfərov Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın əvvəlkilərdən xeyli fərqləndiyini vurğuladı. Və hesab etdiyini bildirdi ki, 1987-ci ildə SSRİ prezidenti Qorbaçovla ABŞ prezidenti Reyqan arasında imzalanmış məlum sənədlə bağlı Vaşinqtonun müqavilədən rəsmən çıxması, yeni müqavilənin imzalanması və onun altında məhz Trampın imzasının qoyulması, mühüm sənəd imzalayan bir prezident kimi tarixə düşməsi ilə bağlıdır: “Artıq bunun işartıları da görünür. Yəqin ki, belə bir sənəd imzalanacaq. Və düşünürəm ki, ABŞ-ın “qarnının ağrısı” da elə budur. Trampda özünə vurğunluq hissi var. Həmişə gündəmdə qalmaq onun xobbisidir. Bu adam səsləndirdiyi qeyri-etik ifadələrinə görə çox ciddi problemlərlə baş-başa qalıb”.

 

O ki qaldı müqavilədən çıxmanın beynəlxalq təhlükəsizliyə təsiri məsələsinə, ekspertin qənaətinə görə, hansısa yeni savaşa başlamaq üçün ABŞ-ın müttəfiqləri ona imkan verməyəcəklər. Ağ Evin hazırkı rəhbərliyi də gözəl başa düşür ki, müharibə ona elə-belə başa gəlmir: “Onun son vaxtlar İranı hədələməsi də göstərir ki, Tramp özünü siyasətçi yox, necə deyərlər, lotu kimi aparmaq istəyir, “dünyanın sahibi mənəm və nə desəm o da olmalıdır” düşüncəsi ilə yaşayır. Biz onun Şimali Koreya ilə münasibətlərini də gördük. Bütün dünya saatlara baxırdı ki, bu dəqiqə Amerika ilə Şimali Koreya arasında müharibə başlayacaq. Amma baxın, iki prezident görüşəndə Tramp dedi ki, Kim Çen İr yaxşı oğlandı, mənim ən yaxın dostumdu və s.

Yenə deyirəm ki, mən beynəlxalq təhlükəsizliklə bağlı heç bir narahatlıq görmürəm. Ola bilsin ki hansısa lokal xarakterli toqquşmalar olsun, amma genişmiqyaslı müharibə olmayacaq. Yəni dünya Putinlə ikibaşlı oyunlar oynayan Tramp tərəfindən yaradılmayıb. Dünya XIX-XX əsrin dünyası deyil ki, hansısa bir müharibəyə başlayacaqlarını düşünək. Baxın, İran da, Şimali Koreya da ABŞ-ın təhdidlərini cavabsız qoymur, çox rahat şəkildə cavab verirlər. Yaxud Türkiyəni götürək. ABŞ “S-400” raketləri ilə bağlı onu da hədələyirdi. Amma raketlər alınandan sonra sakitcə qınına çəkildi. Yəni indi dünya əvvəlki deyil. Heç kəslə təhdid dilində danışmaq olmur. Bunu ABŞ-da, Rusiya da dərk etməlidir və artıq dərk edirlər də. Ona görə biz də öz problemlərimizin həllində qətiyyətli olmalıyıq”.

 

Ü.Cəfərov dedi ki, apardıqları yanlış siyasət nəticəsində ABŞ-ın da, Rusiyanın da daxilində çox böyük problemlər var: “Amerika Meksika ilə sərhəddə divarın hörülməsinə boş yerə milyardlarla dollar vəsait xərcləyir. Halbuki, bu vəsaiti vətəndaşların ehtiyacları üçün sərf edə bilərdi. Bu iki dövlət Ermənistanın indiki tərbiyəsiz küçə rəhbəri Paşinyanla, ondan əvvəlki cinayətkar rejimlə bərabər beynəlxalq hüquqları tapdalayıb keçirlər. BMT-nin TŞ-nin 5 daimi üzvünün Qarabağla bağlı çıxardığı 4 məlum qətnamə haqda vasitəçi dövlətlər kimi ümumiyyətlə danışmırlar.

 

Ümumiyyətlə Qarabağ məsələsinə gəlsək, bu problemin ədalətli həlli ilə bağlı ABŞ-ın heç bir niyyəti yoxdur. Ermənistanın özünü aqressiv aparmasında onun da, Rusiyanın da rolu var. Ola bilsin bu dövlətlər özlərini ağıllı sayırlar. Amma onları, necə deyərlər, dingildədən malik olduqları nüvə silahıdır. Belə götürəndə onların heç biri – nə amerikalılar, nə də ruslar müsəlmanlardan ağıllı, mədəni deyillər. Onlar bizim tolerantlığımızdan istifadə edirlər. Və yeri gəlmişkən, tolerantlığı da indi-indi bizlərdən – müsəlmanlardan öyrənirlər. Sadəcə olaraq tarixin gərdişidir ki, onlar nüvə silahına sahib olublar və dünyanı bu silahla təhdid edirlər”.   

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system