NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyada anti-dollar ovqatı güclənir

Oxundu: 2215
Dünyada anti-dollar ovqatı güclənir

"Dollardan imtinanın, hələlik real olmaması yalnız ABŞ pulunun hegomunluğu ilə bağlı deyil"

Məhəmmət Talıblı: “Dolların dünya valyutasına çevrilməsi bir gündə yaranmayıb və buna görə ona qarşı qısa zamanda nəticə əldə etmək də çətindir”

 

Vüqar Bayramov: “İqtisadi sferada zaman-zaman gözlənilməzliklər olub və dolların dünya bazarında həmişə hegemonluğunu qoruyub saxlayacağını da birmənalı iddia etmək düz deyil”

 

Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur. Rusiya və İran ilk olaraq dollardan imtinaya çağırış etsə də artıq Türkiyə, Çin və digər ölkələrdə də dolların əzici mövqeyindən xilas olmaq cəhdləri müşahidə edilir. Bəs dünya bazarında dolların hegemonluğuna son qoymaq mümkündürmü? Belə bir vəziyyət yaranarsa ABŞ-ı və dünya ölkələrini, ümumiyyətlə dünya düzəni ilə bağlı mövcud durumu nələr gözləyir? "İslaminSəsi" bu suallarla ekspertlərə müraciət edib.


İqtisadçı Məhəmməd Talıblı dolların gücünun ki vasitə ilə müəyyən olunduğunu qeyd edərək bildirdi ki, dolların saxlanc vasitəsi kimi qəbul olunması və dollarla aparılan ticarətin xüsusi çəkisinin böyük olması onun həm də tədavül vasitəsi kimi istifadəsini ortaya qoyur: "Amma bu da bir gerçəklikdir ki, dünyanın bəzi qitələrində antiamerikan ovqatı güclənir. Bir neçə il bundan öncə Amerika azad insanların Amerikası sayılırdısa, indi daha çox amerikalıların Amerikası təəssüratını yaradır. Buna bənzər mesajı Tramp seçki vədlərində də dilə gətirmişdi. Trampın ekstravaqant davranışları da onun təmsil etdiyi dövlətin nüfuzdan düşməsi üçün ciddi əsas rolunu oynayır. Dollardan imtinaya gəlincə, onun dünya valyutasına çevrilməsi bir gündə yaranmayıb. Buna görə də ona qarşı qısa zamanda nəticə əldə etmək də çətindir. Dolların güc qazanmasının əsası ötən əsrdə, siyasi kontekstdə - müharibənin yaratdığı fürsətdən yararlanmaq hesabına qoyulub.

 

İkinci Cahan savaşında özü zərər görmədən, lakin iştirakçı tərəflərə silah-sursat başda olmaqla hər cür təminatı (ərzaqdan başlamış sənaye məhsullarına qədər) həyata keçirən ABŞ bütün bunları qızıl mübadiləsi ilə həyata keçirirdi. Alqı-satqı ekvivalenti kimi qızıldan istifadə olunurdu. Bu ticarətin genişlənməsi sayəsində müharibənin sonuna qədər ABŞ dünya qızıl ehtiyatlarının 40 faizini öz əlində cəmləşdirmiş oldu. Məhz təminatı qızılla müəyyənləşən ABŞ dolları dünya valyutası rolunda çıxış etməyə başladı. 1944-cü ildə 44 ölkənin imzaladığı “Bretton Woods” sazişi dolların bu mövqeyini daha da möhkəmləndirmiş oldu. Bununla da bu ölkələr öz valyutalarının dəyərini dollarla müəyyən etməyə razılaşdılar. Dünyada bununla başlanan dolların əzici gücü dominantlıq təşkil etməyə başladı. Sonrakı proseslər sadəcə bu tendensiyaya yardımçı rol qismində çıxış etmiş oldu. Əgər belədirsə, o zaman bazardakı bu qədər mühüm təsirləri necə neytrallaşdırmaq olar? Belə bir təsir gücünü özündən ehtiva edən alternativ valyuta məkanı yaratmaq mümkünmü? “Dollarsızlaşdırma” siyasətini necə effektiv etmək olar? Öncə bu suallara cavab tapmaq lazımdır".

 

İqtisadçı Vüqar Bayramov isə xatırlatdı ki, əvvəlki dövrlərdə dollardan imtinaya cəhdlər olsa da bu cəhdlərin heç biri uğur qazanmayıb. Onun sözlərinə görə, hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır: "Amma iqtisadi sferada gözlənilməzliklər həmişə olub və dolların dünya bazarında həmişə hegemonluğunu qoruyub saxlayacağını da birmənalı iddia etmək düz deyil. Ancaq dollardan imtinanın, hələlik real olmaması yalnız ABŞ pulunun hegomunluğu ilə bağlı deyil. Bu vacib faktor olsa da, əsas məsələ inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnə ilə müəyyənləşməsidir. Hətta ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr belə, öz pullarını dollar üzərindən konvertasya etməlidirlər".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system