NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünya şöhrətli yazar Mustafa Məstur "İslaminSesi"nin "Qonaq Otağı"nda

Oxundu: 2751
Dünya şöhrətli yazar Mustafa Məstur

"Dünyanı böyük şəxsiyyətlər xilas edəcək"

Artıq bir neçə müddətdir ki, “Qonaq Otağı” layihəmiz çərçivəsində ölkənin tanınmış ictimai xadimləri və söz ustadları ilə silsilə görüşlər reallaşdırırıq. Bu dəfə qonağımız isə ölkəmizə qonaq olan, dünya şöhrətli yazar Mustafa Məsturdur. Əsərləri 20 dilə tərcümə olunan yazarla həm öz yaradıcılığından, həm də dünyagörüşü və həyatından bəhs etdik.

– Cənab Mustafa Məstur ilk öncə dəvətimizi qəbul etdiyiniz üçün sizlərə təşəkkürümüzü bildiririk. Dərhal ilk sualımıza keçmək istəyirdik. Yazarların və sözün dünyanı dəyişdirəcəyinə inanırsınız?

– Əla və yerində verilmiş sualdır. Bu barədə çox böyük yazıçılar polemika ediblər. Məsələn, Reymond Karver adlı yazar var. Mən onun yazılarını fars dilinə tərcümə etmişəm. O, qətiyyətlə inkar edir ki, qələm və ya yazarlar dünyanı dəyişdirmək iqtidarına malik deyillər. Uruqvaylı Mario Bardansa belə hesab edir ki, dülgərin, aşpazın, dəmirçinin, qaynaqçının öz əməli ilə ictimayyətə bir faydası var. Amma yazıçılar heç bir fayda vermir. Mən də onlarla eyni fikirdəyəm. İncəsənətin, romanların, hekayələrin dünyaya ciddi bir təsirinin olduğunu düşünmürəm. Demirəm faydasızdır, amma təsiri azdır. Hər hansı bir şəxsin həyatını kökdən dəyişməsi mümkün olmasa da, amma təsir edə bilər. Mənə İranda oxucularım zəng edib bildirirlər ki, sizin kitabları mütaliə edəndən sonra həyatımız dəyişdi. Ağlayaraq həyatlarında olan inqilabdan danışırlar. Mən onların heç birinə inanmıram. Yazıya ümid edərək deyə bilərik ki, insanların həyatını 90 dərəcə dəyişəcək, amma mən deyərdim ki, bir dərəcə, ya da 3 dərəcə dəyişə bilər. Bununla incəsənəti və ədəbiyyatı təhqir etmək niyyətimiz yoxdur, sadəcə onun bacardığı budur. Məsələn, qaşıqdan onun təyinatı üzrə istifadə ediriksə, bu alınır. Amma qaşığa bacarmadığını yükləyə bilmərik. Həyatda incəsənətdən də qüvvətli nələrsə var. Məsələn, iki nəfərin bir-biri ilə söhbət edib nələrsə deməsi o kitabda deyiləcək sözlərdən daha böyük qüvvəyə malikdir. Hansısa səssiz kitabdansa canlı insan daha faydalıdır. Əgər kimsə desə ki, mənə anam və ya müəllimim təsir etdi, bu daha inandırıcıdır, nəinki hansısa kitabı oxumaq. Əgər kitablar nələrisə dəyişməyə qadir olsaydı, keçən əsrdə iki nəhəng müharibənin qarşısı alınardı. Əgər Stalin və ya Hitler kitab oxumaqla islah olsaydı, biz bir kitab yazardıq və bu qədər də qan tökülməzdi.

 

 

– Bəs dünyanı nə xilas edəcək?


– Böyük insanlar, dahi şəxsiyyətlər. İsa Məsih (ə) kimi, Məhəmməd peyğəmbər (s) kimi insanlar dünyanın xilasıdır.


– Axı onların da kitabı olub...


– Xeyr, həmin şəxsiyyətlərlə yanaşı olub o kitablar.


– Sevdiyiniz, ya da nifrət etdiyiniz söz varmı?


– Əli Şəriətinin “s” hərfi ilə başlayan sevdiyi 3 söz var. Amma indi onun birini unutmuşam. Onlardan yadımda qalan sədaqət və səmimiyyətdir. Sədaqətli insanlar səhv də etsələr, onların səhvi xəbislikdən doğan səhvlərdən deyil. Nifrət etdiyim isə xəyanətdir. Lakin daha geniş anlamda xəyanət. İçində nifrət, kin, eqoizm olan xəyanəti nəzərdə tuturam. Yüz dənə kitab oxuyarsan, amma bir cümlə bütün oxuduqlarının xülasəsi olar. Mənim fikrimcə dünyada ən pis şey haqlı olmaqdır. Daim özünü haqlı bilmək. Ətrafda bütün insanları yanlış bilmək və yalnız özünü mütləq həqiqət kimi qəbul etmək. Bütün bu xəyanətlər ən sonda İŞİD-lə nəticələnir. Hitlerlərlə nəticələnir. Hətta mühazirələrdə belə bu düşüncə insana fikir yürütməyə mane olur. Bəzən gəncləri qəbul etmirlər. Halbuki o gəncin 5% olsa da haqlı olmaq ehtimalı varsa onu niyə dinləməyək ki?!...

 


– Tolstoyun “Etiraf” əsəri onun yuxusu ilə başa çatır. Orada onu saxlayan bir ipdən bəhs olunur. Sizin “Tanrının ay üzündən öp” romanında sonda çərpələngin ipi mənə onu xatırlatdı. Hər iki yazar Tanrının ipindən bəhs edir yoxsa?


– Həmişə çalışıram ki, romanlarımda xüsusi simvolikadan istifadə edim. Bu vahid bir simvolika da ola bilər, pərakəndə də. Əgər o epizodda velosipeddən istifadə etsəydim, onda tamamilə başqa bir sual meydana çıxacaqdı. Amma mən orada çərpələngdən istifadə etdim. Çünki çərpələngi göyə qaldırmaq nə qədər asandırsa, onu orada küləyin əks istiqamətində saxlamaq bir o qədər çətindir. Oxucuya mesaj verilir ki, iman gətirmək nə qədər asandırsa, onu saxlamaq bir o qədər də çətindir. Bu zaman təsvir uşaq həqiqətindən, daha böyük bir həqiqətə gəlib çıxır. İncəsənətdə belə bir məsələ var: Nəyəsə səhv deyə bilməzsən. Orada ya gözəldir deyə bilərsən ya da əksinə. Eyni ilə təbiətdə olduğu kimi: Bir ağaca burada səhv bitib deyə bilmədiyimiz kimi. Romandakı həmin səhnə nələrləsə uzlaşır ya yox. Bu əhəmiyyətlidir.

 


– “Tanrının ay üzündən öp” və “Mən sərçə deyiləm”. Hər iki romanda intihar hadisəsi var. İntihar məğlubiyyətdir yoxsa xilas?

– İkinci adı çəkilən roman bu epiqrafla başlayır: “Əgər oyunun qaydalarını dəyişə bilmirsənsə, ağzını yum və oyuna davam et!” Dünyanın qanunları var. Sevmək, ölmək, qayğı göstərmək kimi saysız qanunlar. Əgər bacarırsansa bu qanunların əleyhinə çıx! Yox, bacarmırsansa onda oyuna davam et! Ən əsası budur ki, sən qəbul etməlisən ki, sən bunu dəyişmək üçün yaranmamısan. Dəyişməyə də qadir deyilsən. Sənin mahiyətinin buna gücü çatmaz. İnsan nə zaman xoşbəxt olur?! Anlayır ki, bu onun qüvvəsi xaricindədir. O nələrisə dəyişə bilməz. O kitabda o bilirdi ki, bu beyin bunun üçün deyil, amma o beyini başqa istiqamətə istifadə etmək istədi. O romanda o sual quyusuna düşmüşdü. Elə güman edirdi ki, suallara cavab tapa biləcək. Yaşadıqca isə suallar daha da artırdı. Suallara cavab tapa bilməyəndə isə oyundan çıxdı – intihar etdi.

 


– Məhərrəm ayıdır. Bu ay barədə uşaqlıq xatirələriniz necədir?


- Mənim hekayələr toplum var. Orada 7 hekayəm var. Hər bir hekayə bir sualla bitir. Bir hekayə də İmam Hüseyn (ə) haqqındadır. Birində roizə məclisindən bəhs olunur. Deməli isti aylardır. Anası uşağı göndərir ki, getsin buz alsın. Əvvəllər İranda belə bir adət var idi. Bir nəfər pərdə çəkər və Kərbəla müsibətini nəql edərdi. Həmin uşaq da əlində buz qayıdarkən görür ki, yüngül əxlaqı ilə tanınan bir qadın həmin roizə məclisinə baxaraq göz yaşı tökür. Onda uşaq özü-özünə deyir ki, bu bizim evimizdəki roizə məclisindən çox daha təsirlidir. (Yəni öz sadəliyi və ətrafına insanlara fərq qoymadan toplamağı ilə – Ü.T.) Özünü o qədər unudur ki, əlindəki buz əriyir. Həmin hekayə belə bitir: Asimandan gələn səs deyir ki, varmı mənə kömək edən?!... (Ağlayır. Uzun sükutdan sonra) Mən uşaq vaxtı o roizələrə gedərdim.


– Modern insanın İmam Hüseyndən (ə) əxz edə biləcəyi dəyər nə ola bilər?


– İmam Hüseyn (ə) və Kərbəla səhnəsi elə bir hadisədir ki, oradan hər kəs özünəməxsus dərs götürə bilər. Biri üçün şücaət məktəbidir; elə bir şücaət məktəbidir ki, bu şücaətin əxlaqla əlaqəsi yoxdur. Eyni zamanda əxlaq aşiqləri də məhz o səhnədə nümayiş etdirilən əxlaqdan dərs ala bilər. Bir az da yuxarı getsək, orada Allahı sevmək və ona aşiq olmaq dərsi də var. Amma baxır insanlar o hadisəyə hansı prizmadan baxırlar. Eşq insanları həmin Allah eşqinə vurulurlar, ondan aşağıda, məsələn, Mahatma Qandi kimilər şücaətə aşiq olurlar. Dünyanın humanistləri və əxlaqsevərləri onda məhz əxlaqı tapırlar. Xülasə Kərbəla bir məktəbdir.

 


– Dünən mühazirədə sadə insanlarla dostluq etdiyinizdən bəhs etdiniz. Bu bilginin insana ziyan verməsidirsə, bu qədər bilginin arxasınca düşməyin nə mənası var?


– Mənim fikrimcə dünyada iki qrup xoşbəxt insan var. Bir qrup ümumiyyətlə heç nə bilmir. İkinci qrup isə hər şeyi bilənlərdir. Birinci qrupa İsa, Mövlanə, Məhəmməd (s) aiddirsə, ikinci qrupa ümumiyyətlə nəyəsə görə narahat olmayanlar aiddir. Birinci qrupun bütün suallara cavabı var və onlar Allah barədə yəqinə çatıblar. Pərdələr onlar üçün götürülüb. Fələsəfəçilər bir rəng barədə saatlarla danışa bilərlər. Bu bəşəriyyət barədə də ola bilər, dünya barədə ola bilər. Bəlkə də heç bir nəticəsi olmayacaq, amma onun eşqi elə yüksəkdir ki, buna inanır. Peyğəmbərlər heç vaxt belə sual vermirlər ki, dünya niyə belə nizamsızdır? Yaxud da belə deyək: Onların “Niyə?” sualı olmur. Çünki pərdə götürülüb. İkinci qrup isə bilmədiyinə görə rahatdı. Məsələn, bir bağban bizim bildiyimizi bilmir. O yalnız ağaclarına qulluq edir və işini bitmiş hesab edir. Onlar üçün nəinki cavab, heç sual da maraqlı deyil. Bizim çoxumuz isə Ərafdayıq. Biz Ərafdakılar hey suallara cavab tapa-tapa irəliləyirik. Təəssüf ki, bu suallar günü-gündən artır. Sanki birinci dəstə üçün götürülmüş pərdə bizim üçün azca aralanıb. Biz nə birinci qrup kimi tam pərdə götürülmüş halda deyilik, nə də ikinci dəstə kimi pərdədən xəbərsiz. Bu halda bilgi bizim üçün heç də xeyirli deyil. Bu bilgi bizim əziyyət çəkməyimizə səbəb olur. Onda qayıdırıq ilk sualımıza: Ədəbiyyat bizi xilas edər? Onda Mario deyir ki, ədəbiyyat nəinki bizi xilas edir, əksinə əziyyətimizi (düşüncə əziyyətimizi) daha da artırmaqdadır. Sanki sualları daha qarışdırır və bizi daha ağır vəziyyətə salır. Necə deyərlər ədəbiyyat agah edir, amma aram etmir!


– Niyə Sokrat, Füzuli, Mövlanə, Hafiz kimi şəxsiyyətlər indi yetişmir?


– Əgər sualı belə qoysaq ki, onlar daha böyük şəxsiyyətlərdir və son 100 ildə belə bir insan yetişmədi onda mən məsələyə gərək başqa prizmadan baxam. Hazırda bəşəriyyətin bütün müvəffəqiyyəti son 100 ildə əldə edilib. 300-500 il əvvəl yaşayan insanların sualları çox sadə idi. Necə ki, Mövlanə neçə əsr öncə deyəndə ki, “Haradan gəlmişəm, gəlməyimin nə faydası var?” cümləsi ilə Darvinin “Hardan gəlmişik?” sualının arasında çox fərq var. Mövlanə bu sualı verəndə insanlar elə bilirdilər ki, kainatın mərkəzi yer kürəsidir və insan da bu yaradılışın əsas mehvəridir. Amma bu gün görürlər ki, Yer kürəsi bu Qalaktikada heç nədir. Qalaktikada milyonlarla ulduz var. Günəş də onlardan biridir. Yer kürəsi də onun ətrafında fırlanır. Təbii ki, bu qədər inkişaf etmiş elmin qabağında Darvinin “Hardan gəlmişik?” sualı ilə Mövlanənin “Hardan gəlmişik?” sualının arasında yerlə göy qədər fərq var. İnsanşünaslıq, təbiətşünaslıq və digər elm sahələrinin bu günü hara, 500 il öncəsi hara? İbn Sinanın imzasının qarşısına baxırıq ki, nə qədər elmin adı yazılıb. Amma bu gün elm o qədər inkişaf edib ki, o sayda elm adını bir insan öz adı qarşısına toplaya bilməz. Müasir dünyada fəlsəfə ilə məşğul olanın belə, imzasının qarşısına fəlsəfənin hansı bölməsi ilə məşğul olduğu yazılır. Bu günün alimləri Sokratdan çox savadlıdır.

 

 

– Mustafa Məstur kim olmaq arzusunda idi və kim ola bilib?


– Mən keçmişə baxan adam deyiləm, hətta yazdığımı belə dönüb redaktə etməyi sevmirəm. Çünki yazdığım yalnız o zamana aid idi. Eyni zamanda gələcək haqda da düşünmürəm. Mənim düşüncələrim hamısı indiki hala köklənib. Bir yazar nə qədər səfeh olmalıdır ki, nəyəsə xatir gələcək haqda düşünsün. Nəyəsə xatir yazsın. Bunu ona görə deyirəm ki, bir neçə gün öncə müxbirlərdən biri soruşdu ki, Nobel mükafatı üçün nəsə yazmaq fikrindəyəm? Ümumiyyətlə mən bu haqda düşünmürəm. Çünki mən onlar üçün yazmıram. Yazmıram ki, kimsə mənə nəsə versin. Ən çox sevdiyim yazar Selincerdir. 35 yaşında yazmağa başladı cəmi bir roman yazıb çəkildi. Dünyanın ucqar bir yerində yaşadı və heç kəsə də müsahibə vermədi. O lazım olanı etdi və çıxıb getdi. Nəinki o tədbirdən bu tədbirə gəzib kitab imzaladı. Mən həyatımdan məhz o “nəyəsə xatirlər”i çıxardım. Əgər bir iş görürsənsə və onu nəyinsə xatirinə edirsənsə, onun dəyəri olmaz. Yəni sən Nobelə görə kitab yazırsansa, burada dəyərli olan sənin kitabın deyil, Nobel mükafatının özüdür.


– İrandan Azərbaycan necə görünür?


– Mən sadəliyi daha çox sevirəm. Sadə şəhərləri bəyənirəm. Çox izdihamlı yerləri gəzə bilmirəm. Harasa gedəcəmsə, sakit küçələri seçirəm. Hansısa restorana belə gedəcəmsə yeməyi lap keyfiyyətsiz olsa da, adamı az olan yerə üstünlük verirəm. Bura aramlıq və sükut vəd edən bir yerdir. Belə yerlər Bakıda çoxdur. Məsələn, bir çox yerlərdə bazarlara və ya ticarət mərkəzlərinə gedərkən insanı nələrisə almaq üçün sıxışdırır və ya elanlarla səs-küy yaradırlar. Amma burada o yoxdur. Seçimini rahat edə bilirsən. Heç vaxt Amerikaya getmərəm. Amma Avropaya gedirəm. Orda da aramlıq var.


– Cənnətə getsəydiniz, Allahın sizə nə deməyini istəyərdiniz?


– Xoş gəldin (Azərbaycan dilində deyir gülərək) deməyini istərdim. Amma ədəbiyyatla məşğul olaraq cənnətə gedəcəyimi düşünmürəm. Nə isə başqa bir işlə məşğul olmaq lazımdır. Sevdiyim rejissorlardan biri Kieslovskidir. O danışır ki, filmlərindən birini İsveçdə çəkirmiş. Film çox əziyyətlə başa gəlirmiş. Çəkilişlər əsnasında bir yaşlı qadın ona yaxınlaşıb minnətdarlığını bildirib. Ona filminin vasitəsi ilə illərdir bir evdə küsülü yaşadığı qızı ilə barışıdığını deyir. Kislovski onda deyir ki, deməli bütün çəkilən xərclər və zəhmətlər bir nəfəri belə barışdıracaq bacarığı varsa onda bu sənətin və ya gördüyümüz işin dəyəri var. Eyni fikri mən də paylaşıram. Mənim Nobel mükafatım odur. Mənim əxlaqa çox etiqadım var. Baxmayaraq ki, bu son zamanlar çox dəbdən düşüb. Amma yenə deyirəm ki, nigaran olmayın, əxlaqın ardınca getməyə dəyər.

 

Xəyal Şükür

Ülviyyə Tahir

 

P.S.. Müsahibənin tərcüməsi üçün ilahiyyatçı alim Emil Rahiloğluna təşəkkürümüzü bildiririk... 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system