HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 557
Ərdoğan Bəşər Əsəddə olmayan səlahiyyətləri özünə vermək istəyir

Ərdoğan Bəşər Əsəddə olmayan səlahiyyətləri özünə vermək istəyir

Elxan Mehdiyev: “Türkiyədə konstitusiyaya nəzərdə tutulan dəyişikliklər bir şəxsin istək və maraqlarına uyğunlaşdırılıb və ssenari bu istiqamətdə qurulub”

 

Türkiyədə konstitusiya dəyişikliyi paketi parlamentin müzakirəsinə çıxarılır. Prezident üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişiklik layihəsi iki mərhələdən keçəcək. Dəyişikliklərin keçməsi üçün parlamentdə üstün çoxluğun, yəni 330 millət vəkilinin səsini alması lazım gələcək. 18 maddədən ibarət konstitusiya dəyişikliyi paketində əsas maddə təbii ki, “güclü prezident” sistemidir. Yeni dəyişikliyə əsasən baş nazir postu ləğv olunur, icra hakimiyyətinin başçısı prezident olur. Prezident partiya sədri ola bilər, eyni zamanda parlamenti buraxmaq səlahiyyətləri əldə edə bilir. Ərdoğan hökumətinin güclənməsinə səbəb olacaq konstitusiya dəyişiklikləri siyasi analitiklər tərəfindən birmənalı qarşılanmır. Bir çoxları hətta dünya ictimaiyyəti tərəfindən diktator adlandırılan Şərq ölkələrinin rəhbərlərinin parlamenti buraxmaq səlahiyyətlərinin olmadığını əsas gətirərək, Ərdoğan hökumətini ciddi tənqid atəşinə tuturlar. Hətta Qərb maraqlarından çıxış edən Ərdoğan hökuməti Bəşər Əsədi hər zaman diktatorluqda ittiham etdiyi halda, Suriya qanunlarında prezidentin parlamenti buraxmaq kimi səlahiyyətləri yoxdur. Lakin Ərdoğan bu səlahiyyətləri özünə verməklə, əslində bir diktator olduğunu sübuta yetirir.  

 

Mövzunu İslaminSesinə şərh edən politoloq Elxan Mehdiyevin sözlərinə görə, Türkiyədə konstitusiyaya nəzərdə tutulan bu dəyişikliklər, Ərdoğan hökumətinin diktaturaya doğru addımı kimi dəyərləndirilməlidir: “ Çünki atılan addımların hamısı bir şəxsin hökmranlığına hesablanıb. Buna millətçi qüvvələr dəstək verdikləri üçün konstitusiyaya dəyişikliklərin birinci mərhələsi artıq parlamentdən keçib. Bu dəyişikliklər Türkiyənin bu günə kimi əldə rəhbər tutduğu bütün dəyərlərin üzərindən xətt çəkməyə, azad, demokratik ölkə imicindən uzaqlaşdırmağa, daha çox Yaxın Şərqin bəzi avtoritar, diktator sistemlərinə yaxınlaşdırmağa hesablanıb.  Yəni konstitusiyaya nəzərdə tutulan dəyişikliklər bir şəxsin istək və maraqlarına uyğunlaşdırılıb və ssenari bu istiqamətdə qurulub”.

 

Elxan Mehdiyev qeyd edib ki, bu dəyişikliklər Türkiyənin gələcəyini daha da qaranlıq bir istiqamətə aparır: “ Türkiyə xalqı hər zaman demokratiya yolunu seçib və əhalinin yarıdan çoxu “AKP” rejiminə qarşı səs verib. Əgər Ərdoğan hökuməti milyonlarla insanın əleyhinə gedərək diktator sistem qurmağa davam edərsə, o zaman daxildə böyük çaxnaşmaya səbəb olacaq. Eyni zamanda Türkiyənin beynəlxalq aləmdə zəifləyən imicinə daha ağır zərbə vuracaq”.   

 

Politoloq bildirib ki, Yaxın Şərqin bəzi ölkələri yarandığı gündən avtoritar sistemlə idarə olunublar. Lakin Türkiyə isə hər zaman, hətta AKP hökumətinin ilk illərində demokratik sistemə üstünlük verib.  Buna görə də beynəlxalq aləm hələlik Türkiyədə baş verən prosesləri təəccüblə izləyir və yekun qərar verməyə tələsmir. Türkiyəni və Ərdoğan hökumətini dəyişikliklər baş tutmadan diktator adlandırmaq hələlik mümkün deyil. Lakin bu baş verəcəyi təqdirdə Ərdoğan hökumətinin diktator, avtoritar sistem adlandırılması qaçılmaz olacaq”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system