Dərnəgüldəki taxta bazarı yanğından sonra

Oxundu: 642
Dərnəgüldəki taxta bazarı yanğından sonra

Bakının Nərimanov rayonunda, Dərnəgül qəsəbəsində taxta bazarında ötən gün baş vermiş güclü yanğın nəticəsində 10-a yaxın sahibkara ziyan dəyib. Hazırda ərazi Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının nəzarətindədir, yanğının baş vermə səbəbini araşdırmaq üçün hadisə yerində araşdırma aparlır.

 

İslaminSesi bildirir ki, Virtualaz.org saytının əməkdaşları hadisə yerindən xəbər verirlər ki, yanğın baş verən sexlərdən çıxarılan mallar hələ daşınmayıb, amma bazarda alver davam edir. Havanın kəskin isti keçməsinə baxmayaraq, yanğını söndürmək üçün istifadə olunan suyun yerdə əmələ gətirdiyi iri gölməçələr qurumayıb. Digər tərəfdən isə bütün tikinti bazarı his qoxuyur.

 

Zərərçəkmişlərin sözlərinə görə, hələlik dəymiş ziyan tam müəyyənləşdirilməyib, lakin zərər milyon manatlarla ölçülə bilər. “Ötən il malları sığorta etdirmişdim, bu il sığorta şirkətlərindən gələn olmadı. Bir saatın içində hər şey kül oldu”, -sahibkarlardan biri təəssüflə əlavə edir.

 

Digər sahibkar isə deyir ki, yanğın nəticəsində ona məxsus sexdə 4-5 dəzgah yanıb, hər biri azı 50 min manat dəyərindədir.

 

Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Azər adlı satıcının sözlərinə görə, hər tərəf taxtadır, yanğının digər ərazilərə keçməməsi üçün tədbir görülməsəydi zərərin miqyası daha böyük olardı: “Hamı təşvişə düşmüşdü. Sizə asan gəlməsin, bilmirsən malını, yoxsa canını qurtarasan. Eşidən də gəlir, hərənin əlində bir telefon, daha da maneəçilik törədirlər...”.

Hektarlarla ərazini əhatə edən taxta bazarında əvvəl də yanğın olub, lakin sahibkarlar hələ də mallarını sığorta etdirməkdə maraqlı deyillər.

Zərərçəkmişlərdən biri etiraf edir ki, özü mallarını sığorta etdirməyə həvəs göstərməyib. Baxmayaraq ki, xüsusilə tikinti materiallarının satışı bazarları yanğından sığortalanmayıb, üstəlik hörümçək toru kimi çəkilmiş elektrik naqillərinə də etibar yoxdur.

Bazarın ötən gün yanğın baş verən hissəsində yanmış tikinti ləvazimatlarının altından salamat qalmışları çıxaran fəhlələrdən başqa kimsə gözə dəymir.

Qeyd edək ki, taxta bazarında yanğın ötən gün günorta saatlarında baş verib. Əraziyə ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib. İlkin hesablamalara görə, təxminən, 7200 kv. m. taxta məmulatları yanıb.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system