““Dərin dövlət” “erməni soyqırımı”nı qəbul etdirməklə, Türkiyədən daha çox, Trampa zərbə vurur” – Elxan Şükürlü

Oxundu: 200
““Dərin dövlət” “erməni soyqırımı”nı qəbul etdirməklə, Türkiyədən daha çox, Trampa zərbə vurur” – Elxan Şükürlü

“Görünən odur ki, ABŞ-ın bəzi çevrələri ermənilərdən və Ermənistandan Türkiyə, Rusiya, İran və Azərbaycana qarşı əsas alət olaraq yararlanmaq istəyindədirlər”

Xəbər verildiyi kimi, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul edib. Qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər.

 

Layihə ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb.

 

İndi isə qətnamə layihəsi ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.

 

Xatırladaq ki, oktyabrın 29-da isə Nümayəndələr Palatasının Baş Məclisi 11 senator əleyhinə, 405-i isə lehinə səs verməklə 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qətnamə qəbul etmişdi.

 

Maraqlıdır, bundan sonra ABŞ-Türkiyə münasibətlərində ciddi soyuqluq gözlənilirmi? Ümumiyyətlə, bu prosesin sonunu necə dəyərləndirmək olar? Türkiyənin NATO-dan çıxarılması və ya çıxmasını gözləmək olarmı? Növbəti seçkilərə hazırlaşan Trampın "erməni soyqırımı" ilə bağlı gözlənilən son qərarı Senatdan fərqlənəcəkmi? Bu cür təpkilər sadəcə Türkiyəyə təzyiq üçündürmü?

 

İslaminSesi-nin suallarını cavablandıran politoloq Elxan Şükürlü əvvəlcə diqqəti baş verənlərin səbəbinə yönəltdi. Və dedi ki, bunu həm ABŞ-ın öz daxilində gedən Tramp-“Dərin dövlət” savaşının yeni mərhələyə keçməsində, həm də Türkiyənin regionda yürütdüyü aktiv siyasətdə axtarmaq lazımdır:

 

“Tramp prezidentliyi müddətində əsas diqqəti ABŞ-ın öz daxilinə yönəldib və ölkə içərisində yürütdüyü siyasətlə seçiciləri arasında yüksək reytinqini, populyarlığını qoruyub saxlayır. Bünövrəsində Pentaqon və MKİ-nin durduğu “Dərin dövlət” isə Trampın xarici siyasətindən ciddi şəkildə narazıdırlar. Onlar hesab edirlər ki, Trampın yürütdüyü xarici siyasət ABŞ-ı ənənəvi rəqibləri qarşısında zəiflədir. Ona görə də Trampı bir neçə istiqamətdən sıxışdırmağa, mövqeyini zəiflətəməyə çalışırlar.

 

“Dərin dövlət” ABŞ Konqresində - həm Nümayəndələr Palatasında, həm də Senatda Demokratlar Partiyasını önə veriblər və onların təmsilçilərinin əliylə Trampa təzyiq göstərirlər. Bir tərəfdən, impiçment məsələsini gündəliyə gətiriblər, o biri tərəfdən də Trampı Türkiyəyə qarşı sərt addımlar atmağa, sanksiyalara sövq etmək istəyirlər. Çünki Tramp son zamanlar Ərdoğanla münasibətlərini xeyli yaxşılaşdırıb və Türkiyənin Suriyadakı və Aralıq dənizindəki maraqları ilə hesablaşmaq, hətta S-400 gərginliyini arxa plana keçirmək mövqeyi tutub. Ancaq “Dərin dövlət” Türkiyənin Suriyada və Aralıq dənizində güclənməsini, Rusiya ilə münasibətlərini yaxşılaşdırmasını ABŞ-ın maraqlarına ciddi təhlükə sayır.

 

“Dərin dövlət” “erməni soyqırımı” ilə bağlı sənədi əvvəl Nümayəndələr Palatasında, indi isə Senatda qəbul etdirməklə, faktiki olaraq, Türkiyədən daha çox, Trampa zərbə vururlar və onu ciddi seçim qarşısında qoyurlar”.

 

E.Şükürlü hesab etdiyini bildirdi ki, Tramp Türkiyəni itirməmək üçün, böyük ehtimalla, sonda bu qərara veto qoyacaq, əvəzində isə gələcək seçkilərdə ABŞ-dakı erməni lobbisinin dəstəyindən məhrum olacaq:

 

“Nə qədər dəlisov görünsə də, Tramp ağıllı adamdır və yaxşı başa düşür ki, erməni lobbisi ilə müqayisədə Türkiyəni itirmək ona daha böyük itki ilə başa gələr. Mən hesab edirəm ki, Senatın məlum qərarına Türkiyədən ciddi etirazlar olsa da, prezident Ərdoğan ehtiyatlı davranaraq, Trampın mövqeyini gözləyəcək. 

 

Eyni zamanda, düşünürəm ki, Senatın bu qərarı Türkiyə, Rusiya, İran və Azərbaycan arasında Qafqazda ermənilərin yeni roluna qarşı birgə əməkdaşlığı daha da zəruri edəcək. Çünki görünən odur ki, ABŞ-ın bəzi çevrələri ermənilərdən və Ermənistandan Türkiyə, Rusiya, İran və Azərbaycana qarşı əsas alət olaraq yararlanmaq istəyindədirlər”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system