Çin rəsmiləri və polisi müsəlmanlardan üzr istədi... - FOTO/VİDEO

Oxundu: 94
Çin rəsmiləri və polisi  müsəlmanlardan üzr istədi... - FOTO/VİDEO

Çinin Honq Konq əyalətinin səlahiyyətliləri bazar günü baş vermiş etiraz aksiyaları zamanı məscidə və onun ziyarətçilərinə problem yaratmış hüquq-mühafizə orqanlarının hərəkətlərinə görə müsəlman icmasından üzr istəyib.

İslaminSesi “Reyters” agentliyinə istinadla xəbər verir ki, Çin xüsusi təyinatlıları ərazidəki nümayişlərin yatırılması zamanı Koulun məscidi və onun yanında dayanan vətəndaşların üzərinə  su şırnağı buraxıblar. İbadətgahın  girişi, metal hasarları və səkisi parlaq mavi qatı mayeyə bulaşıb, binanın yanında dayanan müsəlmanlar da maye axınının altına düşüblər.  Olay yerindən video-görüntülərdə şəhər sakinlərinin saç və paltarlarından maddəni yuyarkən bir-birlərinə necə kömək etdiyi görünür. Onlar öskürərək və gözlərini ovuşduraraq aşındırıcı maddədən qurtulmağa çalışıblar. Daha sonra məscidə  boyaları səthlərdən yuyub təmizləyən könüllülər gəlib.  
 
Baş verənlərdən sonra şəhər qubernatoru Kerri Lam Koulun məscidini ziyarət edərək baş imamdan və müsəlman icmasının üzvlərindən üzr istəyib.  Honq Konq administrasiyasının nümayəndələri məscidi tərk edərkən şərh verməsələr də,  müsəlman liderlər səlahiyyətlilərin rəsmən üzr istədiklərini bildiriblər. 
Məscidin camaat imamı Məhəmməd Ərşad qubernatorun bu addımını müsbət qiymətləndirib və elan edib ki, Honq Konq müsəlman cəmiyyəti bu şəhərdə sülh içində yaşayacağına ümidvardır.  
 
 
Honq Konq polisi də bəyanat yayaraq baş verənlərin, sadəcə, bir yanlışlıq olduğunu elan edib və bildirib ki, polis dini azadlığa hörmətlə yanaşır və bütün ibadət məkanlarını qorumağa çalışır.
 
Xatırladaq ki, Honq Konqda müxtəlif ölkələrdən, o cümlədən Hindistan, Malayziya, İndoneziya və Pakistandan mühacirət etmiş 300 min civarında müsəlman yaşayır. Bundan əlavə, əyalətdə Çin tayfalarından olan 40 min yerli müsəlman var. Müsəlmanların ümumilikdə 5 daimi və bir müvəqqəti məscidi və onlarla mədrəsəsi fəaliyyət göstərir./Moderator.az/  
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system