NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cənubi Qafqazda yeni gərginlik ocağı - Gürcüstanın sərhəd tələblərinin arxasında nələr dayanır?

Oxundu: 816
Cənubi Qafqazda yeni gərginlik ocağı - Gürcüstanın sərhəd tələblərinin arxasında nələr dayanır?

Əli Orucov: “Keşikçi Dağı monastır kompleksi Azərbaycana məxsusudur və bunu gürcülər də qəbul etməlidir”

Bəlli olduğu kimi, gürcülərin Azərbaycana qarşı sərhəd tələbləri artıb.

 

Belə ki, bir müddət əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı (David Qareci) Məbəd Kompleksi sərhədyanı zonaya gələrək, Gürcüstan-Azərbaycan sərhəd xəttinin müəyyənləşdirilməsi istiqamətində işlərin sürətləndirilmsi vacibliyini dilə gətirmişdi.

 

Qeyd edək ki, 25 ildən çoxdur Gürcüstanla Azərbaycanın sərhəd delimitasiyası (dövlət sərhədinin müəyyənləşdirməsi) və demarkasiyası (mübahisəli sahələri xüsusi işarə ilə ayırma) barədə keçirilən görüşlər nəticə vermir. Lakin Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı kimi çıxış edib və bu prosesi başa çatdırmağa hazır olduğunu bəyanlayıb.

 

Buna baxmayaraq, son vaxtlar Gürcüstan tərəfi sərhədlə bağlı dövlətlərarası komissiyaya müraciət etmək əvəzinə, prezident səviyyəsində bəyanatlar verərək, tələb irəli sürməkdədir.

 

Yaxşı, bəs son vaxtlar Gürcüstan tərəfinin, həm də prezident səviyyəsində bizə qarşı sərhəd tələblərinin arxasında nələr dayanır? Burda Rusiya izinin olduğunu söyləmək olarmı? Bu durumda Azərbaycan tərəfi nə etməlidir?

 

Məsələyə mövqe bildirmək üçün AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucova müraciət etdik. Siyasi analitik “İslamınSesi”nə açıqlamasında söylədi ki, Gürcüstanla Azərbaycan arasında sərhəd mübahisəsi zaman-zaman qaldırılıb. Gürcü separatçıları daha irəli gedərək, Zaqatala və Balakən rayonlarını da öz əraziləri hesab edirlər: “Gürcüstan eyni zamanda orada, əzəli torpaqlarında yaşayan azərbaycanlıların qədim tarixinə, çoğrafi adlarına, toponimlərinə qarşı assimilyasiya siyasəti həyata keçirib. Yaşayış məskənlərinin əsl adları dəyişdirilərək, gürcüləşdirilib. Bütün bunların fonunda Azərbaycanın güzəşt və loyal münasibətləri rəsmi Tiflisin iştahını daha da artırıb.

 

Keşikçi Dağı monastır kompleksinin güya gürcülərə aid olamsı ilə bağlı Gürcüstan sistemli və planlı şəkildə fəaliyyət göstərməkdədir. Həmçinin, beynəlxaqlq qurumlarla da sistematik əlaqələr qurublar. Gürcüstanın baş naziri fürsəti fövtə verməyib, bu iddianı qaldırmaqla, niyyətlərinə nail olmaqla alban monastırını, çox mühüm tarixi-mədəniyyət nümunəsini ələ keçirmək həvəsinə düşüb. Millətçi və dini kəsim bu yöndə daha radikal və emosional çıxış edir. Hətta Gürcüstanın keçmiş müdafiə naziri bizi orada yaşayan 500 min soydaşımızın deportasiya olunacağı ilə hədələdi.

 

Halbuki, o təhdidiləri səsləndirdiyi zaman ona sərt cavab verilməliydi ki, 500 min azərbaycanlının hər biri bir əsgərə çevrilib öz doğma yurd-yuvasını qoruya bilmək iqtidarındadır. 500 minlik bir döyüşkən ordu ilə Gürcüstanın bacarması isə mümkün deyil.

 

Burada erməni-rus təxribatının olmasını da istisna etmirəm. ÇünkiAzərbaycana qarşı ərazi iddiası və Tiflis-Bakı gərginliyi Gürcüstanın Ankara ilə münasibətlərinə də xələl gətirər. Bu hal həm də Avroatlantikaya, NATO-ya inteqrasiya yolunu tutan rəsmi Tiflisə əlavə əngəllər yarada bilər. Bununla yanaşı Cənubi Qafqazda yeni gərginlik ocağının yaranması Ermənistana və Rusiyaya sərf edir. Lakin düşünürəm ki, hər iki dövlət - Gürcüstanla Azərbaycan emosiyalarla, ağlasığmaz iddia və tələblərlə deyil, ağılla, təmkinlə mübahisəli ərazi problemini çözə biləcəklər. Əslində, burada həlli çətin bir şey də yoxdur. Keşikçi Dağı monastır kompleksi Azərbaycana məxsusdur və bunu gürcülər də qəbul etməlidir. Yaxud da qəbul etdirilməlidir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system