Çəkməçilikdən birinci katibliyə yüksələn erməni terrorçusu Kremli necə aldatdı…

Oxundu: 900
Çəkməçilikdən birinci katibliyə yüksələn erməni terrorçusu Kremli necə aldatdı…

Bir əsrdən artıqdır ki, millətçi erməni “ideoloq”ları 1915-ci ildə Osmanlı ərazisində ermənilərə qarşı törədilən “soyqırımı” ilə bağlı dünya ictimaiyyətinin diqqətini özlərinə yönəltmək cəhdindədirlər. Elə SSRİ-nin mövcudluğu dövründə də kommunist rejiminin qadağalarına baxmayaraq, onlar bu sahədə fəallıqlarını itirməyiblər. Hətta qondarma “soyqırımı qurbanları”nın xatirəsinə abidələr ucaltmağa da nail olublar.

 

SSRİ dövründə erməni millətçilərinin növbəti fəallığı isə ötən əsrin 60-cı illərinin birinci yarısına təsadüf edib. Həmin dövrdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Yakov Zarobyan bu işdə xüsusi fəallıq göstərib.

 

Zarobyan 1908-ci ildə Batumda anadan olub. Dörd illik təhsildən sonra o, çəkməçi yanında köməkçi işləyib. Ailəsi Rostova köçəndə Zarobyan burada da çəkmə sexində fəaliyyətini davam etdirib və eyni zamanda tam orta təhsil alıb.
1925-ci ildə Zarobyan Xarkova köçüb, elə həmin il komsomol sıralarına daxil olub, Xarkov elektrotexnika institutunda ali təhsil alıb. Siyasi karyerasına da elə bu şəhərdən başlayıb.

 

1949-cu ilə qədər Xarkov və Omskda komsomol və partiya orqanlarında yüksək vəzifələrdə çalışan Zarobyan həmin il Ermənistana qayıdıb. Onun Ermənistandakı siyasi fəaliyyəti sürətlə vəzifə pillələrrini qalxması ilə müşayiət olunub. Və 1960-cı ilin dekabrın 28-də Yakov Zarobyan Ermənistanın birinci katibi vəzifəsinə irəli çəkilib.

 

Erməni tarixçiləri Yakov Zarobyanın Ermənistanda rəhbər olduğu beş illik fəaliyyətini yüksək qiymətləndirirlər. Təbii ki, bu da təsadüfi deyil. Məhz bu illər ərzində Yakov Zarobyannın “milli təəssübkeşliyi” erməniləri qane edib.

 

Bəs faktlar nə deyir?

 

Adətən SSRİ dövründə müttəfiq respublikaların birinci katibləri Moskvaya Kremlin çağırışı ilə gediblər. Bununla yanaşı birinci katiblər müzakirəsi vacib və zəruri sayılan məsələləri ittifaq rəhbərləri ilə həll etmək üçün Kremlə səfərlə bağlı özləri müraciət ediblər.

 

Təkcə 1964-cü ildə Yakov Zarobyan 6 dəfə öz təşəbbüsü ilə SSRİ rəhbərləri ilə görüşmək üçün Moskvaya müraciət edib. Bu görüşlərdə Zarobyanın məqsədi 1965-ci ildə İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə icazə almaq məqsədi daşıyıb.
Zarobyanın ilk görüşü Mərkəzi Komitənin katibi Mixail Suslovla olub. Suslov Zarobyanı dinlədikdən sonra bu cür tədbirlərin keçirilməsini kommunist rejiminə zidd olduğunu söyləyib və ümumiyyətlə bu məsələ ilə bağlı müraciətlərin dayandırılmasını tövsiyə edib.

 

Ermənistanın birinci katibi rədd cavabı almasına baxmayaraq növbəti dəfə SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonun qapısını döyüb.
Qromıko bu məsələyə Suslovdan fərqli olaraq “yumşaq” yanaşıb. Amma Zarobyanın qarşısında şərt qoyub: “Bu məsələni ilk növbədə Baş katiblə razılaşdırmaq lazımdır. İkinci məsələ isə ondan ibarətdir ki, əgər belə tədbirlər keşirilərsə, Türkiyəyə qarşı heç bir torpaq iddiası ilə bağlı fikirlər səsləndirilməməlidir. Bu iki dövlət arasında münasibətlərin korlanmasına səbəb ola bilər...”

 

1964-cü ildə Xruşovun devrilməsindən sonra Brejnev hakimiyyətə gələndə, Zarobyan “erməni soyqırımı” ilə bağlı baş katiblə müzakirə aparmağa da nail olub. Brejnev erməni katibin təklifini ciddi qəbul etməyib və əlini yelləyərək ona mənassız işlərlə məşğul olmamağı məsləhət görüb.
Yersiz iddiasından əl çəkməyən Zarobyan nəhayət, məsələni başqa bir istiqamətdə həll etmək üçün böyük ustalıqla Kremli aldatmağı bacarıb. Belə ki, o, I Dünya müharibəsində itkin düşən və həlak olan ermənilərin xatirəsinə İrəvanda abidə kompleksinin tikintisinə icazə üçün Brejnevə Ermənistan ziyalıları adından müraciət təqdim edib. Müraciət Kremldə müzakirə olunub və ona müsbət cavab verilib.

 

Zarobyan sonralar bu abidə haqqında fikirlərini belə bölüşüb: “Biz bu abidənin adını I Dünya müharibəsində itkin düşən və həlak olan ermənilərin xatirəsinə ucaldılmış abidə kompleksi qoyduq. Amma abidənin əsl adını zaman verəcək: “soyqırımı qurbanları” abidəsi...”
Və həqiqətən də sonralar abidə kompleksi məhz belə adlandırılıb.

 

Kremlin qadağalarına baxmayaraq 1965-ci il aprelin 24-də İrəvanın mərkəzində qondarma “soyqırımı” ilə bağlı mitinq keçirilib. Tədbir axşam saatlarında teatr binasında davam etdirilib. Tədbirdə azğınlaşmış ermənilərlə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. 100 nəfərə yaxın şəxs həbs olunub. Hadisə ilə bağlı Kremlə məruzə edilib. Siyasi Büro Yakov Zarobyanı “yerində olmayan” birinci katib kimi töhmətləndirib.
Təbii ki, bu hadisədən sonra Zarobyan uzun müddət kürsüsündə qala bilməzdi.

 

5 fevral 1966-cı ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbədənkənar plenumu keçirilib. 17 dəqiqə davam edən plenumda Mərkəzi Komitənin katibi İvan Kopitonov Zarobyanın idarəetmədə səriştəsizliyini əsas gətirərək birnci katib vəzifəsindən azad olduğunu bəyan edib. Hətta Zarobyanın Kremldəki əsas himayədarı olan Anastas Mikoyan belə, onu xilas edə bilməyib...

 

/Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system