ÖLKƏ

Oxundu: 83
Cari ildə bağlanan bankların sayı artacaq

Cari ildə bağlanan bankların sayı artacaq

2018-ci ildə problemli banklarla bağlı müvafiq qurumların hansı qərarı verəcəyi hələlik sual olaraq qalır. İndiyə qədər 13 bankın lisenziyasının geri alındığını, bankların birləşməyə, sağlamlaşdırılmağa maraq göstərmədiyini nəzərə alsaq, istisna deyil ki, bu il də bazarı tərk edənlər olacaq.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi “Moodys” də Azərbaycanın bank sektoru ilə bağlı ilin əvvəlində açıqladığı rəyində sektorun zəif oyunçularının 2018-ci ildə bazarı tərk edəcəyini açıqlamışdı. Agentlik bildirirdi ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır. Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib:

 

“Hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq, minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır”. 

 

O da məlum olurdu ki, hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir. Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti riskləri ilə üzləşməkdə davam edəcək. 

 

 

"İslaminSesi.info" xəbər verir ki, İqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında hazırda ölkədə 30 bankın fəaliyyət göstərdiyini bildirib:

 

“Bankların üçdə birinin maliyyə durumu acınacaqlıdır. Odur ki, 10-a qədər bankın sağlamlaşdırılmasına və ya kapitalının təmərküzləşdirilməsinə ehtiyac var. Onların hamısının bağlanması çıxış yolu deyildir. Çünki bankların bağlanması bu sektora etibarı azaltmaqla yanaşı, onların əmanətçilər qarşısında öhdəliklərini üzərinə götürən dövlətin maliyyə resurslarından istifadəsinin səmərəsini aşağı salır”. 

 

Ekspert hesab edir ki, bankların bağlanmasındansa onların kapitalının konsolidasiyası əsasında birləşməsi daha düzgün yanaşma olardı:

 

“Təbii ki, bu prosesin xüsusilə Azərbaycan reallıqlarında öz çətinlikləri vardır. Hesab edirəm ki, çıxış yollarından biri də “Azərbaycan Beynəlxalq Bankı”nın özəlləşdirilməsi və bu prosesin açıq və şəffaf müsabiqə şəraitində,xaricilərin iştirakı ilə təmin edilməsidir. Bankların sayına gəlincə, Azərbaycan üçün 20-dək bank maliyyə bazarına xidmət göstərmək üçün yetərlidir”.

 

 

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirir ki, cari ildə bankların bağlanma ehtimalı yüksəkdir, birləşmələr də olacaq:

 

“Prezident tərəfindən 6 dekabr 2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası “kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası”nı bitirməlidir. Yəni Palata belə bankların “satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s.” tədbirlərlə həmin bankları sağlamlaşdırmalıdır. Deməli, əks halda, onlar bazarı tərk etməlidir. Odur ki, bu gün başlamış növbəti bank ili problemli banklar üçün həlledici olmalıdır”.

 

Ekspert deyir ki, banklar bağlanan zaman sadə vətəndaşlarla yanaşı, həm də biznes böyük zərər çəkir: onların hesablarındakı vəsaitlər faktiki olaraq batır. Elə kiçik və orta müəssisələr olur ki, hesabı olan bank bağlandıqda tamamən müflis olur, o da bağlanır. Bu baxımdan, iş adamlarını da ehtiyatlı olmağa, göstəriciləri pis olan banklarda hesab saxlamamağa çağırıram”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system