NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Bu qədər seçicinin rəyini gözardı etmək hakimiyyətə ucuz başa gəlməyəcək” - Həsrət Rüstəmov

Oxundu: 275
“Bu qədər seçicinin rəyini gözardı etmək hakimiyyətə ucuz başa gəlməyəcək” - Həsrət Rüstəmov

“Təkrar seçkilərdə hüquqlarının pozulması görüntüsü ilə İmamoğlunun daha çox səs toplayaraq qalib olacağını proqnozlaşdırmaq heç də çətin deyil”

 

Xəbər verildiyi kimi, Türkiyə bələdiyyə seçkilərindən 37 gün sonra bu ölkənin Ali Seçki Qurumu (YSK) İstanbul bələdiyyə sədri seçkilərinin nəticələrini ləğv edib. Seçkilərin nəticələri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) müraciəti əsasında aradan qaldırılıb. YSK-nın qəbul etdiyi digər qərara əsasən, iyunun 23-də növbədənkənar seçki təyin olunub.

 

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və AKP namizədi Binəli Yıldırım toplayıb. YSK Ə.İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

 

Türkiyə mətbuatı İstanbul bələdiyyəsinə yeni seçkilərə qədər İstanbul valisi Əli Yerlikayanın rəhbərlik edəcəyini yazıb.

 

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin YSK-nın qərarına hörmətlə yanaşdığını və yeni seçkilərə hazırlaşdığını bəyan edib. Eyni zamanda o, AKP-nin 23 iyun seçkilərində namizədinin B.Yıldırım olacağını deyib.

 

CHP sədri Kamal Kılıçdaroğlu da qərara münasibət bildirib. Artıq Ə.İmamoğlunun yalnız CHP-nin deyil, bütün İstanbulun namizədi olduğunu deyən Kılıçdaroğlu seçkilərdə iştirak edəcəklərini bildirib.

 

Ümumiyyətlə, YSK-nın İstanbul qərarı Türkiyədə ciddi müzakirə və mübahisələrə səbəb olub. Bəzi türkiyəli analitiklərə görə, bu qərar Türkiyədə siyasi qütbləşməni, düşmənçiliyi daha da dərinləşdirəcək, hətta ölkəni siyasi böhrana çəkəcək.

 

Maraqlıdır, bəs İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv olunması AKP hökumətinin özünə nə vəd edir?

 

ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov “İslamınSesi”nə açıqlamasında dedi ki, İstanbulda seçkilərin bu qədər uzun mübahisələndirilməsi Ərdoğan iqtidarının kobud səhvidir: “Çünki əgər iqtidarın iddia etdiyi kimi, nəticələrə təsir edən saxtakarlıq olubsa belə, günahkar yenə də seçkilərin keçirilməsinə bilavasitə cavabdehlik daşıyan hakimiyyətdə olan qüvvədir. Digər tərəfdən, Türkiyə iqtidarının iddiasına görə, İmamoğlu qalib gəlməyibsə belə, ən azı 40 faiz civarında səs topladığı şübhəsizdir. Odur ki, bu qədər seçicinin rəyini tamamilə gözardı etmək hakimiyyətə ucuz başa gəlməyəcək”.

 

H.Rüstəmovun qənaətincə, təkrar seçkilərdə hüquqlarının pozulması görüntüsü ilə İmamoğlunun daha çox səs toplayaraq qalib olacağını proqnozlaşdırmaq heç də çətin deyil: “Bu qədər böyük bir yanlışlığın qardaş ölkənin yaxın gələcəkdəki siyasi gündəminə ciddi təsir göstərəcəyi bəlli məsələdir. Demokratik keçmişə malik və eyni zamanda ciddi dövlətçilik ənənələri olan bir toplum kimi qardaş ölkənin bu sınaqdan uğurla çıxacağına, Türkiyənin qəsdinə duran qüvvələrin əlinə heç bir girəvə verməyəcəyinə inanmaq istəyirəm.

 

Hesab edirəm ki, bu son gediş AKP iqtidarının nüfuzuna xeyli zərər vursa da, ümumi olaraq sonda Türkiyə demokratiyasına müsbət təsir edəcək”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system