“Bizdə istedadlı insanları yox, adamı olanları görürlər” - Professor Qulu Məhərrəmli

Oxundu: 8045
"

Artıq bir neçə müddətdir ki, “Qonaq otağı” layihəmiz çərçivəsində ölkənin tanınmış ictimai xadimləri və söz ustadları ilə silsilə görüşlər reallaşdırırıq

İslaminSesi-nin “Qonaq otağı” layihəsinin bu dəfəki qonağı teleradio tarixinin tədqiqatçısı, professor Qulu Məhərəmli olub.

 

1. Dilimizə  əcnəbi dillərdən sürətli bir söz axını var. Dilimizi bu cür müdaxilələrdən qorumaq üçün nə etməliyik?

 

Dilə söz axını təhlükəli prosses deyil. Təhlükəli prosses dil daşıyıcılarının dilə biganəliyidir. Sözlər gələr və dil onları özündə tənzimləyər. Bu daha çox leksik laya addir. Leksik layda gedən prosseslər qorxulu deyil. Amma dilin sintaktikası ilə bağlı prosseslər qorxulu olar. 1875-ci ildə Əkinçi qəzetinin yaranması ilə publisistik dil (üslub)  yarandı.

 

Azərbaycan dilinə çoxlu sözlər daxil oldu. Bütün sahələrdən dilə söz axını başladı. Önəmli olan həmin sözlərdən necə istifadə etməyimizdir. 90-cı illərdən sonra yenə dilimizə növbəti söz axını başladı. İndi o vaxtdan gələn 100 sözdən neçəsi qalıb Azərbaycan dilində? İndi o sözlərin bir çoxu tamamilə aradan çıxıb. Bir qismi sinonim kimi işlənir. O biri qismi isə keçib dilə. O sözlər dilə keçib ki, dilin yaddaşında var idi. Məsələn, dilimizdə dəstək sözü var idi.

 

Dəstəkləmək sözü dilimizə artıq yad gəlmədi ona görə də qaldı. Məsələn, vəziyyət sözünü biz bəzi hallarda durum kimi veririk. Məsələn, cəmiyyətin durumu və ya xəstənin durumu kimi verə bilsək də, hava durumu kimi işlədəndə sanki söz öz yerinə oturur. Nə qədər edirsən et, dil özü tənzimləyir. Motor sözü də var, mühərrik sözü də. Hər ikisi alınma sözdür, lakin nə qədər desək də yenə işlək motor sözüdür. Dildə gedən bu semantik gəzişmələrdən narahat olmağa dəyməz. Ən ümdə məsələ dili sevməkdir. Əgər xalq öz dilini sevmirsə heç bir inzibati yolla onu qoruya bilmərik. Burada paradoks nədir? Rəsmi səviyyədə o qədər qanun və o qədər qərar var ki, bunların reallaşdırılması problemdir. Məsələn, 2013-cü ildə Prezidentin Qloballaşma və dil haqqında sərəncamı var.

 

Bununla məşğul olan Nəsimi adını Dilçilik inustutu, Təhsil nazirliyi və sıra qurumlar var. Bu məsələdə əsas nəyə diqqət etməliyik? Azərbaycan dili ən işlək dildir. Dilin ümumi işləkliyi odur ki,  dil 24 sahədə işləsin. Bizim dil isə 22 sahədə işlənir. Gəli indi çıxaq şəhərə görək buna nə dərəcədə riayət olunur. Düşüncəmə görə rəsmi səviyyədə dil xüsusi qorunur. Bəs buna niyə əməl olunmur? Dili işlədənlər dilimizin qaydalarına bələd olmadıqlarına görə problem yaranır. Yəni, dilə sayqısızlıq, dəyərlərə sayqısızlıq. Normalara sayqısızlıq bu həddə gətirib çıxarır. Dünyada elə bir mürəkkəb prosses yoxdur ki, onu Azərbaycan dili ifadə edə bilməsin. Bunun üçün dilin qaydalarını öyrənmək lazımdır. Çoxlu mütaliə etmək lazımdır.

 

2. Dilin qorunmasında ən başlıca rolu televiziya diktorları oynayır. Lakin bu gün əksəriyyətinin ləhcə ilə danışmasının şahidiyik. Buna niyə yol verilir?

 

Mən televiziya kanallarını çox tənqid edirəm. Hətta bunu üstündə məni məhkəməyə də veriblər. Amma nədir məsələ? Biz buna niyə reaksiya verməliyik? Bunu niyə tənqid etməliyik? Biz dilin getdiyi yolun hamar olmasını istəyirik. Diktor ya da aparıcı niyə Azərbaycan dilində səlis danışmasın?! Qanunda yazılıb ki, Azərbaycan televiziyaçıların dili dövlət dilidir. Bayaq adını çəkdiyim Dilin Qloballaşması haqqında qanunda Televiziyalarda yaradılan Dil Şuraları haqqında danışılır.

 

Bu formal olaraq yaradılıb. Guya bizim televiziyalarımızda dil şurası var. Amma bu qurum fəaliyyət göstərmir. Orda kimlər təmsil olunur? Onların verdiyi tövsiyyələrə kimlər əməl edir? Bu gün televiziya kanallarında mütəxəssislər yoxdur. Məhz o mütəxəssislər ki, dilin sintaktik təqlərini yerinə qoymağı o aparıcılara başa salsın. Bizdə adamı olan adamları görürlər, istedadlı insanları görmürlər. Televiziya nədir?  Nümunədir, dəbdir. Necə ki, 40 –cı illərdə teatr bir dəb kimi qəbul edilirdi, indi televiziya bir dəb olaraq qəbul edilir. Ona görə biz bunu dürüst, dəqiq ifadə etməliyik. Məhz bunun qarşısını, bu çatışmazlıqların qarşısını almaq üçün televiziya rəhbərlərinin xüsusi məsuliyyəti olmalıdır. Son 10 ildə televiziya kanalları çox geriləyib. Televiziya cəmiyyətin güzgüsüdür. Əgər bu güzgü çirklidirsə, paslıdırsa o səni yaxşı göstərmirsə deməli bu pis güzgüdür. Televiziya zövq formalaşdırır. Estetik informasiya verir.

 

Ona görə bunun ciddi bir çərçivəsi var. Şüura və emosiyalara təsir edir. Dünyada hakimiyyətlər televiziyaların üstündə ona görə əsir ki, televiziya güclü vasitədir. İctimai rəyi tez formalaşdıra bilir. Təəssüf ki, artıq bir çoxları televiziyaya kommersiya kimi baxırlar. Son zamanlar televiziya məlumatlandırma alətindən daha çox, kommersiya və təbliğat maşını kimi istifadə olunur. Baxın bizim indiki kanallara. Əksər verlişlər şoulardır. Bu bir jurnalist faktıdırmı?!...Bir verliş məni məlumatlandırırsa mənə ona jurnalist faktı kimi baxa bilirəm, yox məni əyləndirmək, vaxtımı oğurlamaq və məni aldatmaqdırsa, fikrimi dağıtmaq, manipulyasiya etməkdirsə o verlişə biz jurnalist faktı kimi baxa bilmərik.

 

Məzmun etibarı ilə bizim televiziyalar bəsitdir, cılızdır. Əyləncə həddindən artıq çoxalıb. Bizim kimi kövrək cəmiyyətdə televiziya daha çox maarifləndirici rol oynamalıdır. Biz də dəhşətli olan ölçü hissinin, müvazinətin pozulmasıdır. Dünyanın ən gözəl qanunu müvazinət qanunudur. Bizim cəmiyyətin müvazinəti pozulub.

 

 

3. İnternetin və soial şəbəkələrin bu qədər geniş yayılması televiziya məvhumunu öldürə bilər?

Televiziya çıxanda da bu səsləndirilmişdi ki, televiziya kinonu və teatrı sıradan çıxaracaq. Bir toqquşma məqamı olur. O məqamda birinin başqasından üstünlüyü önə çıxır. Bizim televiziyalar internetlə rəqabəti uduzur. Cünki internetin təqdimatı bizim ruhumuza çox uyğundur. İnternet böyük bir zibilxanadır. Hələlik bu şəkildədir. Hərə orada istədiyi şəkildə görür və tapa bilir. Amma bizə həqiqət hardadı sualına cavab tapmağa kömək etmir. Jurnalitika, qəzet və televiziya ictimai missiyadır. Həqiqətrin tapılmasında və müəyyənləşdirilməsində rol oynamalıdır.

 

 

4. Ölkədə tüğyan edən intihar məsələsinə münasibətiniz? Burada medianın rolu nədir?

Bu məsələdə medianı çox günahlandırırlar.Mən intiharların səbəbinin 90% ictimai həyatda. sosial vəziyyətdə görürəm. İnsan intihar fikrinə birdən-birə gəlmir. Qəzetdə, televeziyada dedilər gedim özümü öldürüm bu absurrdur. İnsanın ictimai həyatda ümidləri qırılanda, arzuları daşa dəyəndə, sabahı görməyəndə həyatından keçir. Media katalizator rolunu oynaya bilər. Əgər Allahın verdiyi həyata qıyırıqsa bunun üçün çox ciddi səbəblər olmalıdır. Yalnız bir səbəblə insan intihar etməz. Davamlı, üst-üstə toplanan insan beynində yaranan mənfi enerji insanı intihara yönəldir. Medianın günahı budur ki, bunu təqdim edərkən adiləşdirir. Bəzən intihar edənlər qəhrəman kimi təqdim olunur. Həyat tərzi kimi qəbul edildikdə faciə baş verir.

 

5. Bu gün gənclərin əksəriyyəti ölkədən qaçmağı ən tutarlı yol hesab edir. Vətənpərvərlik azalıb yoxsa başqa səbəblər var?

Mühacirətə gedənləri qınamıram. Az bir qismi həyatını daha da yaxşılaşdırmaq üçün gedir.       Yəni insanın imkanları genişdir, amma burada özünü realizə edə bilmir. Bu gedənlərin heç 5% deyil. İkinci qisim insanlar iş tapmaq, dolanmaq və daha pis həyatını pisdən xilas etmək üçün gedir. Əlbətdə Vətən hamımız üçün əzizdir, amma bu sevimli və gözəl Vətəndə yaşamaq çətinləşirsə insanlar xaricə üz tutur. Son illərdə bu prosseslər sürətlənib. Təkcə 2016-cı ildə Azərbaycandan xaricə 9 min ailə köçüb. Bunun üzərində bizim hökumətimiz düşünməlidir.

 

6.  Həyat fəlsəfinizi hansı söz  ifadə edərdi?

Bəlkə bu barədə çox düşünmək olar. Amma mənim üçün ən əhəmiyyətli söz vicdandır.

 

  7. Çox çətindir Azərbaycanda vicdanlı qalmaq?

Bəli, kim nə deyir desin, simanı saxlamaq dözmək, çünki ədalətsizlik çoxdur. Bütün bunların qarşısında daim susqun olmaq da çox çəindir. Hesab edirəm ki, milləti aldatmaq olmaz. Cəmiyyəti, böyükləri. uşaqları aldatmaq olmaz. Çünki o yalanlar yığılır, yığılır və çox böyük mənfi enerjiyə çevrilir. O enerji çox dağıdıcı enerjidir. Ən böyük bəlamız insanların merkantil və təmənnalı olmasıdır. İctimai əxlaq üçün addımlar çox zəifdir. Cəmiyyət əsas bundan zərər çəkir. Hesab edirəm ki, insanlarda mərhəmət hissi azalıb. İnsanların mərhəmət hissi keyləşib. İnsanlar artıq çox fərdiyyətçi olublar.

 

8.  İctimai xadim və jurnalist olmaq Qulu Məhərrəmliyə nə qazandırıb?

İctimai xadim olanda tanınanda şəxsi itkilər çox olur. Şəxsiyyətinə qapılıb cəmiyyəti unudanda ictimai cəhətdən itkilərin olur. Bunu müvazinətdə saxlamaq çox ciddi məsələdir. Məsələ heç qazancda ya da itkidə deyil. Burada sənin verdiyin mesaj davranışındır. Kimsə onu təkrarlayırsa mənim üçün o bir dərəcədə xoşbəxtlikdir.

 

 

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system