NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bir qaşıq istedad, bir vedrə həyasızlıq...

Oxundu: 5568
Bir qaşıq istedad, bir vedrə həyasızlıq...

"Bizim “postinsan” surətinə qarşı Cəlilin “poçt insanı”yla sinə gərmək istəyirlər. Bu, gülüncdür, vallah. Bu gün Axundov, Cəlil ənənələriylə nə yeni insan tipi yaratmaq olar, nə də ədəbiyyat."

Son zamanlar sosial şəbəkədə “Post insan” mövzusu ədəbiyyatçıların və tənqidçilərin mübahisə mövzusuna çevrilib. İslaminSesi Qonaq otağında həm bu mövzunu araşdırmaq, həm də ədəbiyyatımızdakı son dalğalanmaları müzakirə etmək üçün yazar, araşdırmaçı və publisist Həmid Herişçi müsafirimiz oldu.


- Həmid bəy sizi ədəbiyyatımızın mistik yazarı adlandırırlar. Yeni nəfəs, yeni bir ab hava ilə gəlmisiniz həmişə. Son zamanlar sosial şəbəkələrdə sizin ortaya, gündəmə atdığınız postinsan ideyası demək olar ki, trend olub. Postinsan əslində müasir sufidir? Odurmu müasir qəhrəmanımız?

 

- Müasir bioloji insan çoxdan tükənib. Bunu ilk dəfə hələ qədim Şərq sufiləri hiss ediblər. Qərara gəliblər yeni insan modelini yaratsınlar. Təcrübələr üçün adına “çiləxana” deyilən tam qapalı, qaranlıq ünvanlardan istifadə edilib. Yeni məzmun qazanmaq, yenilənmək naminə dərvişlərimiz bu cür çiləxanalarda əvvəl 3, sonra 7, 12, 40 gün tək-tanha qalaraq çilə çıxarıblar. Müasir elm, məşhur qerantoloq Vladimir Xavinsonun araşdırmaları əsasında sübut edir ki, burda təəccüblü, uydurma heç nə yoxdur. Uzun zaman qaranlıq, qapalı ərazidə qalsan, beynində melotonin maddəsinin ifrazı artacaq. Nəticədə, beyindəki passiv bir üzv-bəsirət gözü, yəni “epifiz” aktivləşəcək. Bu yolda ilk sufi təcrübələrini əvvəlcə Azərbaycan alimi Şahabəddin Sührəvərdi aparıb. Onun “Həyakil ən-nur” ( (İşıq hekayələri) əsərində bu təcrübənin canlı, mistik praktikası öz əksini tapır. Sufilərdə belə elmə “hikmətül- işrak” da deyilir. Sonralar bu dəyərli təcrübənin taleyi, belə deyək “keçici bayrağı”, keçir məşhur Xarəzm mistiki Nəcməddin Kübranın ixtiyarına. Onun “Fəvatüh əl- camal və fəvatüh əl-cəlal” əsərində çiləxana təcrübəsi özünün ən yüksək pilləsinə qalxır. Daha sonralar bu mistik təcrübə yenidən Azərbaycana qayıdır. Xəlvətiyyə təriqətinin simasında Şirvanşahların bit növ dövlət ideologiyasına çevrilir. “Səcdəni, namazın xəlvətiyyəsi” bilən işraqiyyə dərvişlərindən bizə çatan miras, Şirvan, Bakı ərazilərindəki qədim çiləxanalardır.

 

 

Xəlvətiyyənin ikinci şeyxi sayılan Seyid Yəhya Bakuvinin məzarı, çiləxanası indi Bakıda, Şirvanşahlar ərazisində yerləşir. Şeyxin “Virdü-Səttar”, “Şifaül-əsrar”, “Kəşfül-qülub” kimi çox saylı əsərlərini öyrənmədən çiləxana fenomenini indi anlamaq mümkün deyil.

 

Köhnə bioloji insan növünün süquta yetdiyini, müasir Avropa fəlsəfəsi, elmi bizim sufilərdən çox sonra, ancaq 19-cu yüzildə dərk edir. Alman filosofu Fridrex Nitşe bunu öz əsərlərində sübut edərək yeni insan növünə -“ubermenş”-ə, yəni fövqəlinsana ciddi tələbat yarandığını yazır. Ancaq, bunun yollarını, üsulunu , təcrübəsini göstərmir. Elə deklarativ olaraq fövqəlinsanı öz yaradıcılığının əsasına qoyur.

 

 

Məncə, ortada yaranmış boşluğu ancaq bizim sufilərin çiləxana təcrübəsi doldura bilər. Ancaq burda biz çox ehtiyatlı olmalı, Söhrəvərdi, Nəcməddin Kübra, Seyid Yəhya Bakuvi təcrübəsini əsla unutmamalıyıq. Bəlkə də həmin çiləxana təcrübələrini indi də inkişaf etdirməliyik. Bunu ədəbiyyatda da etməliyik, səyyar təcrübələrdə də. Aldığımız yeni insan növündən elmdə, kəşfiyyatda, hərbi sahədə geniş istifadə etmək mümkündü. “Solaxay” romanımda oxşar təcrübələrin bədii təsvirlərini vermişəm. Ümüd edirəm bu əsərin vaxtı hələ gəlib çatacaq.

 

Nəzərə alın ki, “çiləxana” fenomenini də bir yazar kimi ilk dəfə elə mən tədqiq edib, nəticələrini əsərlərimdə əks etmişəm.

 

- Bu gün texnologiyanın insanı tamamilə ələ keçirtdiyi zamanda Ədəbiyyatın yeni insan tipi yaratmağa qüvvəsi çatar?


- Əlbətdə çatar. Ortada bizim təcrübəmiz, roman, hekayələrimiz, televiziya verilişlərimiz, filmlərimiz var. Sadəcə şeytanın qıçını qırıb, həm Həmid Herisçinin əsərlərini oxumaq, həm də onun haqqını vermək lazımdır.
Şimalı Azərbaycan ədəbi cameəsi deyəsən buna hələ hazır deyil. Onlar, bu sahədə birinciliyi cənubluya, təbrizliyə vermək istəmirlər. Öz əllərindən isə heç nə gəlmir. Neçə ildir ədəbiyyata təzə mövzu, ədəbi trend gətirə bilmirlər. Çapalaya-çapalaya qalıblar. Xüsusən “kuliss”çilər bu böhranı daha ağır çəkildə yaşamaqdadırlar. Bizim “postinsan” surətinə qarşı Cəlilin “poçt insanı”yla sinə gərmək istəyirlər. Bu, gülüncdür, vallah. Bu gün Axundov, Cəlil ənənələriylə nə yeni insan tipi yaratmaq olar, nə də ədəbiyyat. Müasir ədəbi trend, Qərbdə artıq bunula razılaşıb. Qalır ancaq bizimkilər. İnşallah, onlar da bir gün “magiq realizm”ə biət edib öz köhnə bütlərini-Cəlili, Axundovu qırarlar.

 


- Anarın demək olar ki, bütün əsərlərində qırmızı limuzin qırmızı xətt ilə keçir. Nə qədər realizmdən yazsa da, mütləq qırmızı limuzin bir yolla onun əsərlərində peyda olur. Ədəbiyyatın mistikaya və ya magik realizma nə qədər ehtiyacı var?


Ədəbiyyatda əsas məsələ üslub deyil, metafora, bənzətmə, maarifçilik yaxud başqa estetik-fəlsəfi məsələlər deyildir. Ədəbiyyatda əsas məsələ ona YENİ İNSAN MODELİ bəxş etməkdi.


Çox səylərdən sonra Əsəd Cahangirlə biz bu yeni insan tipini-POSTİNSAN-ı ədəbiyyatımızda sınaqdan çıxarmağa başladıq. Romanlarımızda, hekayələrimizdə bu yeni insan tipini ədəbi cameəyə təqdim etdik.


Hesab edirəm ədəbiyyyatda əsl inqilabdır bu.


Artıq qəhrəmanımız var.


Özü də başqa bir vacib cəhət-bu qəhrəman müasirdi...


Zəmanəmizin əsl Səyavuşudur o.


Buna görə özümü xoşbəxt hiss edirəm.


İkiəllidir o. Ambidekstrdir.


Istəsə, uzaq məsafələrdəki hədəfləri partlada, alışdıra bilər o.


Bu cür yeni qəhrəmanla Anarın son “Göz muncuğu” əsərində də tanış ola bilərsiniz. Elçinin “Baş” adlanan tarixi romanını da bu siyahıya salmaq lazımdır.
Onların hamısı maqik realism üslubunda qələmə alınıb.

 


Ədəbi gənclik isə, “kulisçiləri” simasında bütün bunlardan məhrumdur. Şərqə, dinə, ideologiyalara nifrət onları hələ də 18-ci əsr Fransa maarifçiləri dövründə yaşadır.


Bu səbədən “postinsan”a qarşıdırlar.


Ancaq özləri “Kefli İskəndər” monoloqlarını təkrarlamaqdan başqa təzə heç nə edə bilmirlər. Seymur Baycandan tutmuş Qanturalıya qədər hamısı 10-15 ildir ki, eyni mövzularda, eyni cür yazırlar. Kefli İskəndər monoloqlarını təkrarlaya-təkrarlaya ədəbiyyatda birtəhər baş saxlamaq istəyirlər…
Ayıbdır, vallah…


Bu səbədən biz Əsəd Cahangirlə birgə ortaya “postinsan” ideologiyasını atdıq.


İnşallah tezliklə bütün qələm sahiblərimizi çiləxanalarda oturdarıq.

 

- “Bu dünyada tənha bir insanla tənha bir itin ayaq izləri uzanıb gedər… Dənizə qədər…” Niyəsə… bu bu cümləniz mənə Elçinin “Dolça” əsərini xatırlatdı.  Dünyadır bizi tənha edən yoxsa özümüz?


- Solaxayam. Əsərlərimi sol əllə yazıram. Yaradıcılığımın bir sağəlli dövrü olub…indi sol əlli dövrüm başlayıb. Ədəbiyyatın yeni üfüqlərini ancaq sol əlli müəlliflərdə görürəm.


Belə insan tənha olar da…


Mən dünyaya göz açarkən atamın 37 yaşı vardı.


37 yaşımdaykən atam dünyasını dəyişdi.


Mənim öz saatım var...Öz zamanım...


37+37=74. Numeroloji qanunauyğunluq burda da tərk etmədi məni- atam, 74 yaşında vəfat etdi, elə anam da....
Bakının 8-ci mikroyonundakı 74 saylı binada...


5. Özündən əvvəlkilərin külünü görmək ağır deyil ki?


- Bir ovuc kül...bir ovuc kül qalacaqsa ata evindən...özündən...keçmiş həyatından...Darıxma. Demək elə düz yoldasan...


Mən, hamının külünü gördüm…


Ağırdı bu…çox ağır.

 


Şimalda cənublu olmaq… buna Həmid Herişçinin nə zaman zaman gücü çatdı?


- “Dumansız Təbriz” hekayəsini yazanda, bəli, buna gücüm çatdı deyəsən.


Şimali Azərbaycanda təbrizli taleyini yaşmaq, neynək, mənim boynuma düşdü...


Burda təbrizli taleyi yaşamaq bilirsiz nə deməkdi?


Şimallılar ilk növbədə mənim soyadımı-"Herisçi" kəlməsini sevmədilər...daim soruşdular "Bu nədir belə?"...Soy adımı lağa qoymaqdan belə çəkinmədilər...Həmişə...həmişə...


Sonra məni cəsusluqda ittiham etdilər həmişə...


Təbrizli kimliyimi itirməməyim onları həmişə bərk əsəbləşdirirdi...


Kəndli olmamağım, onlara bənzəməməyim, araq içməməyim şimallıları həmişə hirsləndirirdi...


Təbrizlinin bu taydakı birinciliyini onlar heç vaxt qəbul edə bilmirdilər...Ağızları əyilirdi...dodaqları titrəyirdi həmişə məni görəndə...Mənə həmişə deyərdilər-"hələ sağsan?"


Onlar mənim haqqımı həmişə yeyiblər.


Haram xoşları olsun...


Şimallılar, burda bütün cənubluları Ağrı Qaradağlı standartında görmək istəyirlər. Fərqlilər çıxdaş edilir. Gərək mütləq DAK-çı olasan, İran səfirliyi önündə hərdən qışqırasan, belini bükəsən Bakı küçələrində, hə…bax onda guya bu taydakıların sənə marağı, sevgisi artır…


Mənə bu lazım deyil.

 

-  Yazıçı həm də təhlükəli olmalıdır… Bunu siz deyibsiz. Təhlükəlisiz?


- Bəli… Başqasını tanıyırsızsa, göstərin.


İndiki gənclər qətiyyən təhlükəli deyillər. Özü də, gənc yazarların çoxu hələki oxucudu, yazıçı deyil. O səbəbdən yazdıqlarıyla deyil, oxuduqlarıyla qürur duyurlar.
Ədəbi gənclik bu gün sürətlə qocalır...Ədəbi qocalar isə, maşallah, öz yeni üslubları, yeni romanlarıyla cavanlaşırlar.
Bu, ədəbiyyatımızın dərin böhranını göstərir.


Ədəbi gənclik, şəxsən mənimçün, öz bütün dəyərlərini itirib...


Dünəndə qalıb...Cəlil, Axundov dövründə...


Təzə mövzularda heç nə yazmırlar ən azı 10-15 ildır...


Eyni hamam, eyni tas...


Yazdıqları ancaq bir-birilərinin təkrarıdır.


Əyalətçilik...kəndçilik...arxaik təfəkkür...sintemental, romantik iniltilər, vəssəlam...


Bir qaşıq istedad, bir vedrə həyasızlıq...


Əslində gənclik bu gün ədəbiyyat deyil, kütləvi ədəbiyyat yaradır-kim nə yazırsa, qaralayırsa nəşrə gedir, çap olunur…Bu kütləvi ədəbiyyatı ortaya “kuliss az.” saytı atdı…


Qalır indi onların hamısını götürüb Xəzərə tullamaq…


“Postinsan” dövründə bu “eqo aşiqləri” heç kimə lazım deyil. İlk növbədə müasir oxucuya.

 

 

- Əli Herişçinin Massonlarla əlaqələri barədə bir zaman gündəmdə olmuş şayiələrə necə münasibət bəsləyirsiniz? Bunlar sadəcə şayiədir?


- Şayə deyil. Həqiqətdir. On ildə bəlkə bir dəfə qardaşımla görüşürəm...Məşhur “Baharın 17 anı” filmini xatırladır bu görüşlər...Qürbətdə...yad kafelərdə...hə, qorxa-qorxa görüşərik hərdən...Təbrizdəki evimizin taleyindən danışarıq...

 

Ülviyyə Tahir

Xəyal Şükür

Foto: İlkin Əzimov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system