NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Binədəki qəzanı törətməkdə təqsirləndirilən avtobus sürücüsü məhkəmədə ifadə verib

Oxundu: 313
Binədəki qəzanı törətməkdə təqsirləndirilən avtobus sürücüsü məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qatarla avtobusun toqquşması faktına görə tutulan dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

İslaminSesi.info nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən sürücü Ə. Şirəliyev özünü qismən təqsirli bilib. Dispetçer Mübariz Fərəcov isə özünü təqsirli bilməyib.

 

Məhkəmədə sərbəst ifadə verən Ə. Şirəliyev qeyd edib ki, 160 nömrəli avtobusda bir neçə ildir çalışır: "Səhər saat 4-də yuxudan durub, beşin yarısı reysə çıxırdıq. Hadisə olan gün iş günüm deyildi. Elşən adlı sürücü həmkarım dedi ki, özümü yaxşı hiss eləmirəm. Buna görə onun yerinə işə çıxdım. Avtobusu götürən zaman dispetçer Mübariz içkili olub-olmadığımı yoxladı. Heç bir problem olmadı. Binəyə gəldim və sərnişinləri götürdüm. Dəmiryoluna çatanda şlaqbaum açıq idi. Qatarı görmədim".  

 

Məhkəmədə məlum olub ki, sürücü Ə.Şirəliyev yol-nəqliyyat hadisəsi ilə bağlı daha əvvəllərdə məsuliyyətə cəlb edilib. Digər təqsirləndirilən M. Fərəcov isə səhhətində problem olduğundan ifadə vermək üçün məhkəmədən vaxt istəyib.

 

Proses aprelin 30-da davam edəcək.

 

Qeyd edilib ki, ötən il oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilib ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən M.Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra M.Fərəcov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.ONA

 

Cinayət işində 38 zərərçəkmiş var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system