Beynəlxalq hüquq geosiyasətin yedəyində gedir - Elşən Manafov

Oxundu: 179
Beynəlxalq hüquq geosiyasətin yedəyində gedir - Elşən Manafov

“Suriya ordusunu vurmaqla, Ankara dolayısı yolla terrorçuları müdafiə etmiş olur və Türkiyənin ana müxalifəti də buna görə Ərdogani ittiham edir”

Məlum olduğu kimi, son vaxtlar Suriya böhranı və İdlib problemi ilə bağlı Türkiyə-Rusiya münasibətlərində gərginlik yaşanır.

 

 

Xatırladaq ki, Türkiyənin hava məkanına yaxın ərazilərdə Rusiya hərbi təyyarəsinin vurulmasından sonra ilk vaxtlar tərəflər arasında gərginlik yaransa da, Suriya məsələsi ilə bağlı maraqlar bu iki dövləti xeyli, hətta müttəfiqlik səviyyəsinə qədər yaxınlaşdırmışdı. Lakin son vaxtlar xüsusilə İdlibdəki mövqelərlə bağlı maraqlar ölkələr arasında fərqli münasibətlərə yol açıb.

 

 

Qeyd edək ki, hazırda yaranmış situasiya belə bir sual yaradır: əsasən Suriya məsələsinə görə ABŞ-la münasibətlərində soyuqluq yaranan, əvəzində Rusiya ilə isti münasibətlər quran, indi isə Moskvanın soyuq baxışları ilə qarşılaşan Türkiyəni İdlibdə, ümumiyyətlə Suriyada nələr gözləyir? Regionda yaranan fərqli durumun səbəbi hansı amillərlə bağlıdır?

 

Bu mövzuda fikirlərini İslamınSesi ilə bölüşən politoloq Elşən Manafov hesab edir ki, Moskva və Ankaranın münasibətlərində özünü büruzə verən gərginlik təkcə Turkiyə tərəfinin İdlib ətrafında apardığı anti-terror əməliyyatlarıyla baglı deyil, eyni zamanda legitim Liviya hökumətinə hər iki tərəfin sərgilədiyi fərqli mövqe ilə əlaqədardır: 

 

“Türkiyənin legitim Liviya hökumətini dəstəkləməsi Ankaranın Şimal-Qərbi Afrikadakı maraqları, habelə Aralıq dənizi ətrafında getdikcə şiddətlənməkdə olan nəhəng qaz yataqlarının gələcək müqəddəratı, bu qaza Qərb, Rusiya və onların mövqeyindən çıxış edən qüvvələrin istəkləri ilə əlaqədardır. Ankaranın Liviyanın legetim iqtidarını dəstəkləməsi, onunla hərbi əməkdaşlıq sahəsində əldə edilmiş razılıqlar, parlamentin və hökumətin buraya türk silahlı quvvələrini yeritməklə əlaqəli mövqeyi heç də beynəlxalq hüquqa olan sayğıdan irəli gəlmir. Çünki belə olsaydı, onda rəsmi Ankara Suriyanın legitim iqtidarı Bəşər Əsədi də müdafiə etməli və Dəməşqin İdlib şəhərində terrorçuların son istinadgahını dağıtmaqla bağlı hüququnu tanımalı idi. Halbuki, Suriya ordusunu vurmaqla, Ankara dolayısı yolla terrorçuları müdafiə etmiş olur və Türkiyənin ana müxalifəti də buna görə prezident Rəcəb Tayyib Ərdogani ittiham edir”.


Politoloq dedi ki, Ərdoğan, Suriya Azadlıq Ordusuna lap əvvəldən maliyyə və silahlı yardım etməklə Əsədin devrilməsi ilə bağlı istəklərini heç gizlətmirdi də və dolayısıyla İŞİD-i yaradan ABS-a, onun xüsusi xidmət orqanlarına dəstək verirdi:


“Əsəd hakimiyyətini qanuni müstəvidə müdafiə edən, dəstək verən isə İran və Rusiya idi. Ərdoğan, yalnız ABŞ-ın PKK və Kürdüstan planlarından sonra müəyyən mənada siyasətinə bəzi yeniliklər etdi, Astana sövdələşmələrinə getdi, Rusiya və İranla yaxınlaşdı. Əlbəttə, Türkiyəni bu ölkəyə axın edən 3,5 milyonluq qaçqın ordusu ilə bağlı anlamaq olar: təhlükəsizlik, sosial problemlər, Avropanın qaçqınlara vəd etdiyi maliyyə dəstəyini verməməsi və sair.

 

Lakin Suriyanın vətəndaş qarşıdurmasına sürüklənməsində Qərbin xüsusi xidmət orqanlarının planlarından və hərəkətlərindən rəsmi Ankara xəbərdar deyildimi? Liviyada isə hərə yorğanı öz üzərinə cəkmək istəyir. Rusiya liviyalı general Xəlifə Həftəri müdafiə edir və onun Tripoliyə olan hücumuna dəstək verir, Ankara isə burada legetim hökuməti, əslində isə özünün təhlükəsizlik və energetika maraqlarını qoruyur.

 

Beləliklə, Suriyada müttəfiq olan tərəflər, Liviyada əks qütblərdə yer alıblar. Bununla belə bütün bunların Rusiya və Türkiyə arasında enerji sahəsində əməkdaşlığa təsir edəcəyini istisna edərdim. Çünki beynəlxalq hüququn gücü deyil, beynəlxalq və regional güclərin maraqları üstünlük təşkil edir, hüquq isə geosiyasətin yedəyində gedir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system