NAMAZ VAXTLARI:
  • FƏCR 05:32
  • GÜN 06:52
  • ZÖHR 12:26
  • ŞAM 18:17
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bankomatlara tətbiq edilən təhlükəsizlik limiti - Ekspertlər tənqid edir

Oxundu: 149
Bankomatlara tətbiq edilən təhlükəsizlik limiti - Ekspertlər tənqid edir

Vətəndaşların xəbəri olmadan barələrində qərar qəbul olunub - Təhlükəsizlik limiti

"Limitlər yalnız kart sahibinin razılığı olduqda tətbiq edilə bilər. Əgər kart sahibinin razılığı yoxdursa, bank tərəfindən limitlərin müəyyənləşdirilməsi yolverilməzdir".

 

 

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan -a açıqlamasında bankomatdan pul çıxarma limitlərindən danışarkən deyib. Onun sözlərinə görə, limitlər o zaman müəyyənləşdirilə bilər ki, kart sahibi həmin limitlərin müəyyənləşdirilməsi ilə bağlı razılığını bildirsin: "Bu halda kartdan istifadə ilə bağlı gündəlik limitlərin müəyyənləşdirilməsi mümkündür və bu, müqavilədə öz əksini tapmalıdır. Vətəndaş banka müraciət edib kartı alan zaman kart sahibi ilə bank arasında bağlanmış müqavilədə məhz həmin limitlərin müəyyənləşdirilməsi öz əksini tapmalıdır". 

 

"Əgər müqavilədə limitlər ilə bağlı bir qeyd yoxdursa, bank kartdan vəsaitin çıxarılmasında limit müəyyənləşdirə bilməz. Yalnız kart sahibinin razılığı ilə kartlarda limitlərin müəyyənləşdirilməsi mümkündür" — Bayramov bildirib.

 

Ekspert əlavə edib ki, əgər kart sahibi müəyyənləşmiş limitlə razı deyilsə və həmin limitin aradan qaldırılmasını istəyirsə, o zaman banka müraciət edib müqavilənin təzələnməsini istəyə bilər: "Bu zaman kart sahibinin istəyinə uyğun olaraq həmin limitin aradan qaldırılması və dəyişdirilməsi mümkündür. Amma çox təəssüf ki, Azərbaycanın kommersiya qurumlarının böyük bir qismi standart müqavilələrdən istifadə etdiyinə, kart alan və ya kredit götürən vətəndaşlarımız müqavilənin şərtlərini əksər hallarda oxumadığına görə, standart müqaviləni imzalayırlar və standart limit müəyyənləşir".

 

 

İqtisadçı limitlərin banklar üzrə dəyişdiyini deyib: "Bəzi banklarda 500 manat, bəzilərində 500 dollar, bəzilərində hətta 200 manat limit müəyyənləşir. Əslində, bunlar standart müqavilələrdən doğan limitlərdir. O baxımdan, müştərilər, kart sahibləri üçün olduqca vacibdir ki, kart alan zaman müqavilənin şərtləri ilə tanış olsunlar. Müqaviləni oxumadan müqavilənin imzalanması belə limitlərin müəyyənləşdirilməsinə gətirib çıxarır".

 

 "Çünki bəzi hallarda vətəndaş xaricə gedir və xaricdə vəsaiti nağdlaşdıran zaman limitlər olduğuna görə istədiyi məbləğdə vəsaiti nağdlaşdıra bilmir. Ona görə də müqavilə imzalanan zaman həmin şərtin bank ilə müştəri arasında razılaşdırılmasına ehtiyac var. Birmənalı şəkildə bank müştərinin razılığı olmadan vəsaitin nağdlaşdırılması ilə bağlı limitlər müəyyənləşdirməməlidir" — deyə o, qeyd edib.

 

V.Bayramov diqqətə çatdırıb ki, ümumiyyətlə, dünya təcrübəsində limitlərin tətbiq edilməsi halları var: "Dünya təcrübəsində kartın təhlükəsizliyi və eləcə də kart sahibinin maraqlarının qorunması üçün limitlər tətbiq edilir. Məsələn, kartda 100 min pul var və kart itib. Limit olmayanda parolu bilirlərsə, həmin vəsaiti qısa zamanda çəkib nağdlaşdıra bilirlər. Limitlər ona görə qoyulur ki, belə hallar baş verəndə kartdan vəsait çıxarıla bilməsin. Bəzi banklar özləri deyir ki, "biz limitdə maraqlı deyilik və müştərinin kartının təhlükəsizliyini qorumaq üçün limit müəyyənləşdirmişik"".

 

İqtisadçı-ekspert Samir Əliyev isə Sputnik Azərbaycan -a açıqlamasında deyib ki, burada əsas problem bankomatların pulla təminatındadır: "Çünki xüsusən şənbə, bazar və yaxud bayram günlərinə düşəndə bankomatlarda pul olmur. Kartı salırsan, görürsən ki, bankomatda pul yoxdur. Görünür, bunun qarşısını almaq üçün, bankomatları pulla təmin etmək mümkün olmadığına görə limit tətbiq edirlər. Limitin qoyulması düzgün deyil. Beynəlxalq təcrübədə belə bir limitlərin olmasını xatırlamıram".

 

 

Onun sözlərinə görə, hər bir halda bu, xidmətin keyfiyyətinə təsir göstərən amildir: "Müştəri əmin olmalıdır ki, onun kartındakı vəsaiti istədiyi vaxt və məbləğdə çıxara bilər. Əks halda, insanların kart sisteminə, nağdsız ödəniş sisteminə inamı azalacaq. Statistikaya görə, əhali kartlardan, təxminən, 80-85 faiz nağdlaşdırma əməliyyatı edir. Yəni kartına pul oturan kimi bankomatdan çıxarırlar. Bu, arzu olunmayan haldır".

 

Qeyd edək ki, bank kartlarından pul çıxarılan zaman limit tətbiq olunması zaman-zaman vətəndaşların narazılığına səbəb olur. Belə ki, 200 manatdan yuxarı vəsaiti birdəfəyə kartdan çıxarmaq mümkün deyil. Bunun üçün bir neçə dəfə kartı bankomatdan çıxarıb təkrar daxil etməlisən.

 

Lakin bu da kartdakı vəsaitin tam olaraq çıxarılacağı demək deyil. Çünki bank kartlarından nağd pul çıxarılmasına təkcə birdəfəlik deyil, gündəlik də limit tətbiq olunur. Məsələn, gün ərzində 1000 manatdan artıq eyni kartdan (yaxud eyni bankomatdan) vəsait çıxara bilməzsən. Davamı üçün növbəti günü gözləlisən.

 

Sözügedən məsələyə dair bankların yekdil izahı ondan ibarətdir ki, "biz vətəndaşın vəsaitinin təhlükəsizliyi üçün bu addımı atmışıq". Yəni banklar kart başqa bir adamın əlinə keçərsə və həmin şəxs kartın şifrəsini bilirsə (yaxud sındırarsa) oradakı vəsaitin hamısını birdəfəyə mənimsəyə bilər. Və bunun baş verməməsi, kart sahibinin zaman qazanması və aidiyyatı banka müraciət edib katı dondura bilməsi üçün müvafiq limit tətbiq edildiyini bəyan edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system