Bakıda təhsil alıb, bakılıları öldürən qatil necə “məşhur” oldu

Oxundu: 69
Bakıda təhsil alıb, bakılıları öldürən qatil necə “məşhur” oldu

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından sayılan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ictimaiyyətdə kəskin narazılıqla qarşılanıb. Bəziləri tələbələri Primakovun kimliyindən xəbərsiz olmaqda ittiham edib.

İslaminSesi Azərbaycanda gündəmə gələn Y.Primakovun həyat və fəaliyyəti ilə bağlı məlumatları təqdim edir.

 

Yevgeni Primakov 1929-cu il oktyabr ayının 29-da Kiyevdə anadan olub. Primakovun atası barədə yeganə məlumat Y.Primakov doğulandan çox qısa müddət sonra həbs edilməsi və güllənməsi ilə bağlıdır. Anası Kirşenblat Anna (1896-1972) mama-ginekoloq olub və ərinin güllələnməsindən sonra ailəsinin yaşadığı Tiflisə köçüb. Primakovun anasının anası, yəni nənəsinin milliyətçə yəhudi oluğu bildilir.

 

Yevgeni uşaqlıq və yeniyetməlik illərini Tiflisdə keçirib. Marneulidə bir müddət oxuduqdan sonra 1944-cü ildə Bakıda hərbi-dənizçilik məktəbinə daxil olub. 1948-ci ildə yenidən Tiflisə qayıdıb. Daha sonra Moskvaya gedən Yevgeni 1956-cı ildə Moskva Şərqşünaslıq İnstitutunun ərəb şöbəsini bitirib.

 

Yevgeni ərəb və ingilis dili ilə yanaşı, gürcü dilində də mükəmməl danışıb. 1951-ci ildə Primakov Gürcüstan Politexnik İnstitutunun tələbəsi Laura Kadze ilə ailə həyatı qurub. Laura NKVD-nin ümumi şöbəsinin rəisi işləyən general Qvişvilinin qızı olub. Primakovun oğlu Aleksandr çox cavan - 1981-ci ildə qəfil ürək tutmasından vəfat edib.

 

Y.Primakov əmək fəaliyyətinə jurnalist kimi başlayıb. 1953-1962-ci illərdə SSRİ Radio və Televiziyasının ərəb ölkələri üzrə yayım bölməsində redaktor işləyib.

 

1962-1965-ci illərdə beynəlxalq məsələrə dair “Pravda” qəzetində yazdığı məqalələrlə tanınıb, 1965-1970-ci illərdə Yaxın Şərqdə “Pravda”nın müxbiri işləyib.

 

1970-1977- ci illərdə SSRİ-nin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini, Şərqşünaslıq İnstitutunun direktoru olub. 1985-1989-cu illərdə isə SSRİ-nin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru vəzifəsində çalışıb.

 

1989-1991-ci illərdə Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub. 1989-1990-cı illərdə SSRİ Ali Sovetinin sədri işləyib.

 

Y.Primakov 1990-cı il 20 Yanvar faciəsinə görə bilavasitə məsuliyyət daşıyan şəxslərdən biridir. 1990-cı ilin 20 yanvar tarixində Bakıya sovet qoşunlarının çağırılmasının əsas təşəbbüskarlarından olan Primakov Azərbaycandakı siyasi böhran zamanı sovet hakimiyyətinin işini tənzimləmək üçün Qorbaçov tərəfindən Bakıya göndərilib. Azərbaycanın kommunist rəhbərliyinə sovet ordusunun şəhərə girməyəcəyini rəsmi şəkildə bəyan etsə də, sonradan onun yalan danışdığı üzə çıxıb. Mixail Qorbaçova yazdığı hesabatda Primakov “Bakıya təcili ordu hissələrinin yeridilməsinin vacibliyi”ni bildirib. 20 Yanvar qətliamı ilə bağlı qaldırılmış cinayət işində Primakovun adı əsas günahkarlar sırasında qeyd olunur.

 

1990-cı ildə Prezident Şurasının üzvü kimi xarici siyasət məsələlərini kurasiya edib. 1991-ci ildə SSRİ DTK-nın birinci müavini, sonra isə Mərkəzi Kəşfiyyat Xidmətinin direktoru olub. 1991-ci ildən 1996-cı ilədək Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktor olub.

 

Primakov kəşfiyyatçı fəaliyyətini başa vurduqdan sonra 1996-cı ilin yanvarında Rusiya Federasiyasının Xarici İşlər naziri təyin edilib və 1998-ci ilin sentyabr ayınadək bu vəzifədə çalışıb.

 

1998-ci ilin 23 avqustunda Rusiya Prezidenti Boris Yeltsin Sergey Kiriyenkonun başçılıq etdiyi Nazirlər Kabinetini istefaya göndərib. Prezidentin təklifi ilə Rusiya tarixində ilk dəfə Baş nazir Yevgeni Primakova Dövlət Dumasından etimad alıb. 1998-ci ilin sentyabrında rəsmən baş nazir kürsüsünə oturan Primakov bu vəzifədə 1999-cu ilin mayınadək işləyib.

 

1999-cu ildə Primakov 2000-ci ildə keçiriləcək Rusiya prezidenti postu uğrunda seçkilərə qatılacağını desə də, 2000-ci ilin fevralında o seçkilərdə iştirak etməkdən imtina edib.

 

2001-ci ilin sentyabrında o, Dövlət Dumasında rəhbərlik etdiyi fraksiyasının sədri postundan istefa verib. 2001-ci il Rusiya Federasiyası Ticarət və Sənaye Palatasına rəhbərilyə başlayıb və uzun müddət bu vəzifədə çalışıb.

 

1991-ci ildən Rusiya Elmlər Akademiyasının akademiki seçilib. Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu, “Şərəf nişanı” ordenlərilə təltif edilib. Şərqşünaslqla bağlı bir neçə kitabın müəllifidir.

 

Primakov elmi fəaliyyətində də islama qarşı aşağılayıcı münasibəti ilə seçilib. Hələ 70-ci illərdə “Vaprosi filasofi” jurnalında dərc olunan məqalələrində Primakovun islama aid elmə əsalanmayan fikirləri əksini tapıb. İslam və müsəlmanlara xüsusi antipatiyası və bəzi məqamlarda nifrəti də vaxtaşırı özünü göstərib.

 

Yevgeni Primakov 26 iyun 2015-ci ildə 86 yaşında Moskvada beyin xərçəngindən vəfat edib./Axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system