NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakı məktəblərində şagird sıxlığı

Oxundu: 303
Bakı məktəblərində şagird sıxlığı

Bu gün Azərbaycanda yeni dərs ili başlayır. Və əlbətdə ki, məktəb və təhsillə bağlı ənənəvi qayğılar, problemlər də yenidən gündəmə gəlir. Belə problemlərdən biri də Bakı məktəblərində siniflərdə şagird sıxlığıdır.

Belə ki,  bir çox məktəblərdə bir sinifdə 35-40 şagird təhsil alır, bu isə təhsilin keyfiyyətinə birbaşa təsir edir. "İslaminSesi.info" Virtualaz.org  istinadən xəbər verir ki, şagird sıxlığı əsasən Bakıətrafı qəsəbələrdə, Binəqədi, Sabunçu, Xəzər rayonlarında müşahidə edilir. Hansı ki, həmin ərazilərdə son illər minlərlə sənədsiz ev tikilib,  qeydiyyatsız yaşayan uşaqların sayı ilə mövcud məktəblərdəki parta yerlərinin sayı adekvat deyil.

 

Məsələn, Bakının Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində təxminən  15-16 il əvvəl tikilmiş 870 yerlik 316 saylı məktəbdə hazırda 1800-dən çox şagird təhsil alır. Məktəbin demək olar ki, bütün siniflərində azı 30 şagird var. Çoxdandır məktəbin əlavə korpusunun tikintisi zərurəti yaranıb, amma problemlə maraqlanan yoxdur.

 

 

Həmçinin paytaxtın mərkəzi küçələrindəki məktəblərdə də süni şagird sıxlığı yaşanır, çünki bir çox valideynlər övladlarının qeydiyyatda olduqları ərazidə deyil, daha yaxşı təhsil ümidi ilə mərkəzdəki məktəblərdə oxumasını istəyirlər.  

 

Nazirlər Kabinetinin qərarı: Bir sinifdə 20 uşaq…

 

Nazirlər Kabinetinin 3 avqust, 2012-ci il tarixli, 171 saylı qərarının 2.3.1-ci bəndinə görə ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20, sinif otaqlarının sahəsi isə 36-42 kvadratmetr olmaqla müəyyənləşdirilir. Nazirlər Kabinetinin 19 yanvar, 2012-ci il tarixli, 10 saylı digər qərar ilə isə eyni sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otaqlarının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilməlidir. Məktəblədə iş rejiminin dəyişdirilməsi  Pedaqoji Şuranın qərarı əsasında məktəb direktorunun müvafiq əmri ilə həyata keçirilir.

 

“Təhsil haqqında” qanuna edilən son dəyişikliyə əsasən ilk növbədə ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan uşaqlar həmin təhsil müəssisəsinə qəbul olunmalıdırlar. Təhsil eksperti Kamran Əsədov deyir ki, bu yenilik  şagird sıxlığının aradan qaldırılmasına ciddi təkan verəcək. “Şagird sıxlığı müşahidə olunan ərazilərə şagirdlərin qəbulu müsabiqə və müsahibə yolu ilə həyata keçirilməlidir. Bu zaman ilk növbədə məktəbin mikro ərazisində yaşayan şagirdlər qəbul edilsə, bu sıxlıq aradan qalxacaq”,- Əsədov qeyd edib.

 

 

Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs deyir. Ekspertin sözlərinə görə, 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox olub. Müəllimlər arasında ixtisarlar aparılmayıb, statistikanın dəyişməsi optimallaşdırılma nəticəsində mümkün olub. “Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da şagird sıxlığının azaldılması üçün rasionallaşdırmaya ehtiyac duyulur”, -Əsədov əlavə edib.

 

Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədris sisteminin qurulmasıdır.

 

Müəllim: Bir uşağa ən azı 2-3 dəqiqə vaxt sərf edilməlidir, amma…

 

Riyaziyyat müəllimi Kifayət Məmmədova isə deyir ki, dərs müddətində bir uşağa ən azı 2-3 dəqiqə vaxt ayırmaq lazımdır. Amma əksər siniflərdə uşaqların sayı 25-30 arasındadır, halbuki 25 şagirdin olması belə təhsilin keyfiyyətinə təsir edir. Xüsusilə 9-11-ci siniflərdə çox uşağın olması doğru deyil, çünki dərslikdən əlavə digər vəsaitlərindən də istifadə olunmalıdır: “Proqramdan kənara çıxa bilmirik, gərək öz üzərində işləyəsən, çevik olasan”.  

 

 

Vaxtı ilə 1000-1200 şagird üçün tikilən məktəblərdə bu gün 2000 şagird təhsil alır. Məmmədovanın sözlərinə görə, bəzən valideyn uşağın məhz litseydə və ya şəhərin mərkəzindəki tanınmış məktəblərdə oxumasına çalışır. Uşağın göstəricilərinə, dərsi qavrama bacarığına diqqət yetirilmir. Həm məktəb, həm də müəllimlər yüklənir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirir ki...

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən virtualaz.org-un sorğusuna cavab olaraq təsdiq ediblər ki, paytaxtın bəzi ümumi təhsil məktəblərində həqiqətən şagird sıxlığı müşahidə olunur. Bu da  əhalinin artımı ilə bağlıdır. Şagird sıxlığı ilə bağlı yaranan problemi həll etmək üçün son illərdə yeni məktəblər və əlavə tədris korpusları inşa olunub. Bu il 13 məktəbdə əsaslı təmir edilib, 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. 1 məktəbin qəzalı vəziyyətdə olan korpusu sökülərək yenidən tikilib.

 

 

Bundan əlavə, 1-ci sinfə şagird qəbulunun elektron qaydada aparılması süni şagird sıxlığının tənzimlənməsinə imkan verir. Bakıda təxminən 10-15 faiz məktəblərdə mikroərazi prinsipi tətbiq edilir. İlk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Daimi qeydiyyatı olmayan valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Müvəqqəti və ya qeydiyyatsız yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

 

Builki tədris mövsümündə idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq. İdarənin hesabatına inansaq, bu il paytaxt məktəblərinin cəmi 10 faizində siniflərdə şagird sıxlığı olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system