NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bağırsaq əməliyyatı - İbrətamiz hekayə

Oxundu: 297
Bağırsaq əməliyyatı - İbrətamiz hekayə

Qərib həkimin işləri yağ kimi gedirdi. Qəbul otağının qapısından pasiyent kəm olmazdı. Elə bil hamı bir-birinin qulağına pıçıldamışdı, yetirən dinməz-söyləməz onun qapısının ağzına toplaşar, növbə tutardı. Zarafat deyildi, bu qədər gənc olasan, cəmi il yarımdır ki, xəstəxanada çalışasan, özündən deyən stajlı həkimlər səhərdən axşama kimi iki-üç pasiyent qəbul edə ya etməyə, amma bu sarıdan sənin bəxtin qartal təki göydə qıy vura.

Bir sözlə, Qərib həkimin bəxti gül açmışdı. Və bu da qonşu kabinetlərdəki həkimləri təəccübləndirərdi. Amma Qəribin vecinə də deyildi, başını aşağı salıb işini görər, özü demişkən, xalqa xidmət göstərərdi.

 

İnsafən, Qəribin pasiyentlərlə yaxşı rəftarı, şirin dili, özünəməxsus müayinə üsulu varıydı. Xəstələri müayinə çarpayısına uzadıb əlləri ilə ora-burasını sıxar, gah yüngül zərbələr endirər, gah da kürəyini sıxmalayıb ovuşdurar, onlar da rahatlıq tapardı. Sonra da doktor pasiyentlərini müvafiq tibbi cihazlardan keçirib resept yazar, ya da cərrahi əməliyyata ehtiyac duyulduğunu deyərdi. Xəstələr də ona inanardı deyə, əməliyyat masasına qalxar, əl-ayağını uzadar, doktoru gözləyərdi. Çox keçməzdi ki, doktor da söküb-tökər, sonra da sökdüyü yeri səliqə ilə tikib palataya göndərərdi.

 

Qərəz, işlədiyi il yarımda ad çıxarmışdı Qərib həkim. Amma bəxtindən giley-güzar eləməyi də vardı. Bu da ondan irəli gəlirdi ki, son bir neçə ayda pasiyentlərdə bir az narazılıq yaranmışdı. Qayıdıb gələrdilər həkimin üstünə ki, bəs, dava-dərmanların ya faydası yoxdu, ya da çox zəifdi. Həkim də and-aman edərdi ki, təqsir onda deyil, yəqin dərmanların keyfiyyəti aşağıdır. Və dilotu yeyibmiş kimi başlayardı şipşirin sözlərdən doğrayıb tökməyə. – Hövsələniz olsun, - deyə onları səbirli olmağa çağırardı. Onlar da inanar, hətta bəziləri özünü qınayıb üzr istəyər, geri qayıdıb dərmanların təsirini gözləyərdi.

 

Amma tökdüyü pul-paranın müqabilində sağlamlığı bərpa olunmayan bəzi şuluq, ipə-sapa yatmayan pasiyentlər də varıydı ki, dərmanların keyfiyyətsizliyinə görə, həkimi necə deyərlər, divara dirəyib cərrahi əməliyyat tələb edərdilər. Belələrinin sayı getdikcə artar və cərrah bıçağına əl atmaqdan başqa doktor Qəribin yolu qalmazdı. Əslində, bu tələb həkimin ürəyincə idi. Belə vaxtlarda “donuzun könlü qamışlıqda idi, it də qovub saldı qamışlığa” atalar sözünü tez-tez xatırlayar, mənalı-mənalı dodaqaltı gülümsəyərdi.

 

Beləcə, Qərib həkim hamının üzünə gülə-gülə günlərini keçirər, günün sonunda evə cibləri dolu gedərdi. Bir dəfə bayaqkı atalar sözünü xatırlayarkən dəhlizdə səs-küy qopdu. Tikintidə fəhlə işləyən təxminən 35-40 yaşlarında Sədrəddin adlı bir kişini taksi ilə birbaşa iş yerindən xəstəxanaya gətirmişdilər. Xəstəxananın qapısından içəriyə girər-girməz, ağ xalatlı qadınlar onu dövrəyə alıb hərəsi bir həkim təklif eləsələr də, Sədrəddinin iş yoldaşı Güləhməd iki ayağını bir başmağa dirədi ki, bəs, xəstəyə Qərib həkim baxmalıdır. Qərib də gülərüzlə xəstəni qəbul edib, şikayətini dinlədi. Adəti üzrə dilinin şirin yerinə salıb əlamətlərini soruşdu, ora-burasını əlləyib yoxlamadan keçirdi. Və axırda belə nəticəyə gəldi ki, xəstənin kor bağırsağı patrlamaq üzrədir. Sədrəddinin də bir az ağıldan seyrəkliyi vardı. Başı da kor bağırsağı kimi qaydasında işləmirdi. Doktordan bu sözü eşitcək vahiməyə düşdü. Nə vaxtsa eşitmişdi ki, kor bağırsaq zibil yeşiyi nisbətindədi. Həm də hardansa beyninin bir küncündə ilişib qalmışdı ki, bəs, iylənmiş kor bağırsaq reaktiv maddə kimi bir şeydi, partlasa aləmi dağıdacaqdı.

 

Düzdü, aləmin dağılması Sədrəddinin vecinə də deyildi. Qalmışdı canının hayına. Həkimə yalvardı ki, elə bu dəqiqə bağırsağını söküb yenidən tiksin və şoqərib də patrlayıb içalatını zibilləməsin. Qəribin də könlü özü demişkən, qamışlıqdaydı. Sədrəddini təcili əməliyyat masasına qaldırdı. Bu tərəfdən də Güləhməd iş yoldaşının qohum-əqrəbasını haylayıb xəstəxananın qabağına tökmüşdü. Sədrəddinin böyük qaynı Əlimirzə eşidəndə ki, yeznəsi kor bağırsaqdan əməliyyat olunur, özünü hamıdan əvvəl xəstəxanaya çatdırdı. Səsini başına atdı, onu-bunu çiyinləyib cərrahiyyə şöbəsinə tərəf götürüldü. Qapıda dayananlara məhəl qoymayıb birbaşa əməliyyat otağına təpildi.

 

Artıq gec idi. Həkim bıcağı xəstənin sağ tərəfindən, qarın nahiyəsinin aşağı hissəsinə saplamışdı. Əlimirzə bunu görçək Koroğlusayağı dəli nərə çəkib Qəribin üstünə cumdu. - Tünbətünün oğlu, bu yazığın kor bağırsağını 8 ay əvvəl öz əllərinlə kəsib atan sən deyildin? - deyib onun yeddi arxa dönənini yeddimərtəbəli söyüşdən keçirdi. Bu biabırçılığı gözləməyən Qərib həkim pərt oldu, səndələyib əlindəki bıçaqla birlikdə yerə sərildi. Yıxılarkən cərrah bıçağı onun sağ böyrəyinə saplanmış, xeyli dərinə işləmişdi.

 

Yazıçı-publisist Nəriman MAHMUD/IslaminSesi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system