NAMAZ VAXTLARI:
  • FƏCR 05:32
  • GÜN 06:52
  • ZÖHR 12:26
  • ŞAM 18:17
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanın ilk pullu yolu - Ödənişlər nə qədər olacaq?...

Oxundu: 135
Azərbaycanın ilk pullu yolu - Ödənişlər nə qədər olacaq?...

Sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.

Bir müddət əvvəl isə Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nı təsdiq edib. Qərar prezidentin 2017-ci il 11 dekabr tarixli 1719 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.


Azərbaycanda ödənişli yollarla bağlı qərarın ilkin olaraq, Ələt-Astara, İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna tətbiq ediləcəyi gözlənilir.

 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Anar Nəcəfli  sorğusuna cavab olaraq bildirib ki, hələlik yol ödənişsizdir:

“Yol artıq istifadəyə verildi. Yolun ödənişli olması təklifi üçün də müraciət olunub. Amma hələlik təklif olaraq qalır, çünki bu barədə rəsmi qərar yoxdur. Qərar olduqdan sonra yolda nəzarət-buraxılış məntəqələrinin, şlaqbaumların quraşdırılması baş tutacaq və tarif müəyyənləşəcək”.

 

A.Nəcəfli qeyd edib ki, yollardan istifadə üçün qiyməti Tarif Şurası müəyyən edəcək:

“Artıq yolun pullu olması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Qiymətlər müəyyən olunan zaman - yük maşını ilə minik maşınının ödənişi fərqlənəcək. Çünki minik maşını yük maşını qədər ödəniş etməli deyil. Hazırda hətta ödənişli yolda sürət limiti barədə məlumat belə, yoxdur. Qanunda maksimal sürət 110 km/saat-dır. Amma bu, ödənişli yollarda tamam fərqlidir. Orada minimal sürət müəyyən olunur. Çünki avtomobil yaşayış məntəqələrindən keçmir və daha sürətli olmaqla, sürücülərin mənzil başına tez çatmasını təmin edilir. Əgər Bakı-Ələt-Astara-İran sərhədi yolunun ödənişli olması reallaşarsa, digər yollarda da tətbiqi mümkün olacaq. Ödənişli yol istifadəyə verilən zaman mütləq alternativ yol olmalıdır və asfalt örtüyü keyfiyyət baxımından geri qalmamalıdır. Bu, vətəndaşa seçim imkanı verir ki, ödənişli yolla getsin, yoxsa ödənişsiz”.

Qeyd edək ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Sifarışçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat, Turizm Sənaye və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət” və “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın “IRD Engineering”, Almaniyanın “Kocks Consult GmbH”, ABŞ-ın “TERA International Group” və Yaponiyanın “NİPPON KOEL UK Co” şirkətləridir.

 

Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system