NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycandan çıxarılan vəsait 50-80 milyard arasındadır - Ekspert

Oxundu: 456
Azərbaycandan çıxarılan vəsait 50-80 milyard arasındadır - Ekspert

“Nə qədər ki, Azərbaycanda bu şərait var, ölkədən kapital qaçışı davam edəcək” “Əgər həmin vəsait Neft Fondunda, yaxud Mərkəzi Bankın ehtiyatlarında qalsaydı, indi Azərbaycan artıq inkişaf etməkdə olan ölkə deyil, inkişaf etmiş ölkələr sırasına daxil ola bilərdi”

 

Bəzi azərbaycanlı məmur və nazirlərin dövlət büdcəsindən mənimsədiyi milyonları, milyardları xaricə daşıması, orada mülklər alması barədə dəfələrlə mətbuatda və sosial şəbəkələrdə informasiyalar yayılması faktdır. Əslində, dövlət vəsaitinin talanması bir problemdirsə, həmin pulların ölkədən çıxarılması ikiqat problemdir. Dövlətdən oğurlanan milyardlar heç olmasa ölkə iqtisadiyyatına yatırılsaydı, dövlətimizin inkişafına, xalqımızın güzəranın yaxşılaşmasına təkan olardı. Təəssüf ki, dövlətdən mənimsənilmiş, oğurlanmış pulları da ölkə iqtisadiyyatına yatırmağı bu xalqa çox görürlər. Əks təqdirdə yoxsa həmin pulları ya xarici banklara qoymaz, ya da xaricdə mülklər almazdılar.

 

“O milyardlar ölkədə qalsaydı, ölkədəki həyat səviyyəsi indkindən qat-qat yaxşı olardı”

 
 
 

Ölkədən çıxarılan pulların Azərbaycan iqtisadiyyatına vurduğu zərəri şərh edən iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə müsahibəsində bildirib ki, Azərbaycan iqtisadiyyatına investiyaların yatırılmaması tək pulun oğurlanması ilə əlaqədar deyil: “Azərbaycanda investiyasiya mühiti ilə bağlı problemin olmasıdır. Qanunsuzluq mühitinin hakim olmasıdır ki, məhkəmələr müstəqil deyil, mülkiyyət hüququ qorunmur, investisiyalar üçün normal şərait yoxdur. Yəni Azərbaycanda bunlar olmamalıdır ki, Azərbaycandan çıxarılan milyardların da yatırım kimi istifadəsi haqqında bir fikir bildirmək mümkün olsun. Nə qədər ki, Azərbaycanda qanunin aliliyi, mülkiyyət hüququ təmin olunmayıb, insanların Azərbaycana yatırım etmə həvəsi olmayacaq. Bunun üzərinə korrupsiyanı, inhisarçılığı, büdcə talamasını da gələndə bu, daha pis nəticəyə gətirib çıxarır. Təbii ki, söhbət milyardlarla vəsaitin illər ərzində Azərbaycandan çıxarılıb xaricə yatırılmasından gedir. O milyardlar ölkədə qalsaydı, ölkədəki həyat səviyyəsi indkindən qat-qat yaxşı olardı, iş yerlərinin sayı artmış olardı, istehsal sahələri genişlənərdi. Yəni kifayət qədər Azərbaycan iqtisadiyyatında dinamik inkişafa səbəb ola biləcək yatırımlara çevilə bilərdilər. Amma Azərbaycanda bu şərait yoxdur. Nə qədər ki, şərait yoxdur, Azərbaycandan günü bu gün də vəsait çıxır, sabah da çıxacaq. Çünki Azərbaycanda yatırım üçün imkanlar yoxdur. Hətta məmurları, böyük korrupsionerləri bir kənara qoyun, orta sinfə aid vətəndaşlar belə Azərbaycana yatırım etmək istəmirlər. Ona görə də Türkiyədə və Gürcüstanda daşınmaz əmlak bazarında ilk onluqda azərbaycanlılar var. Hətta Gürcüstanda ilk beşliyə düşüblər. Yəni onlar Azərbaycandan qazandıqları pula nəinki Azərbyacanda iş qurmağa, Gürcüstanda və yaxud Türkiyədə daşınmaz əmlak almağa daha çox üstünlük verirlər. Nə qədər ki, Azərbaycanda bu şərait var, ölkədən kapital qaçışı davam edəcək və korrupsiya yolu ilə qazanılan pulların böyük əksəriyyəti də xaricə yatırılacaq”.

 

“Dünyada ikinci belə bir ölkə yoxdur ki, ixracaatının 92%-i enerji daşıyıcılarının üzərində inşa edilsin”

 

N.Cəfərli vurğuladı ki, Azərbaycanda ümumi daxili məhsuldan hər birimizə düşən pay kifayət qədər aşağı səviyyədədir: “Hətta dünyanın inkişaf etməkdə olan ölkələrinin səviyyəsindən də aşağı səviyyədədir. Adambaşına 3500-4000 dollar düşür. Əgər o yatırımlar Azərbaycanda olsaydı, indi Azərbaycanın iqtisadiyyatından adambaşına düşən pay ən azı 2 dəfədən çox olardı. İndiki maaşlarımız və əhalinin qazancı iki dəfədən çox olardı, yeni iş yerləri açıla bilərdi ki, bu da əhalinin dolanışığına təsir edərdi, ixracaat potensilamız artardı. 25 ildən çoxdur Azərbaycan müstəqildir, amma yenə ixracaatda neftdən, qazdan, enerji daşıyıcılarından asılılığımız dünyada ən yüksək səviyyədədir. Dünyada ikinci belə bir ölkə yoxdur ki, ixracaatının 92%-i enerji daşıyıcılarının üzərinə inşa edilsin. Yəni bütün bu “xronki xəstəliklər”dən biz azad olmuş olardıq və Azərbaycanda əhalinin dolanışıq səviyyəsi indikindən azı 2-3 dəfə yüksək səviyyədə ola bilərdi”.

 

“İndi Azərbaycan artıq inkişaf etməkdə olan ölkə deyil, inkişaf etmiş ölkələr sırasına daxil ola bilərdi”

 

“Məlumata görə, 1994-ci ildən bəri Azərbaycan neft satşından 150-200 milyard pul qazanıb. Bu pulların nə qədəri təxminən xaricə daşınmış ola bilər” sualına Cəfərli belə cavab verdi:“Təbii ki, dəqiq rəqəm söyləmək çətindir. Bir misal desək, bunu oxucular da anlamış olar. Məsələn, Rusiya ilə bağlı belə hesablamalar aparılıb. Rusiya müstəqillik qazanandan bu günə qədər Rusiyadan 1 trilyon 200 milyard dollar, yəni bügünkü ölkə büdcəsinin 3 qatı çıxarılıb. Azərbaycanda da buna bənzər iqtisadi və siyasi sistem olduğunu və indki büdcənin 12-13 milyard dollar olduğunu nəzərə alsaq, bunun 3-4 qatı qədər vəsaitin Azərbaycandan çıxarılması ehtimalı çox yüksəkdir. Yəni söhbət 50-80 milyard arasındakı bir vəsaitdən gedir ki, bu da çox böyük bir vəsaitdir. Əgər həmin vəsait Neft Fondunda, yaxud Mərkəzi Bankın ehtiyatlarında qalsaydı, indi Azərbaycan artıq inkişaf etməkdə olan ölkə deyil, inkişaf etmiş ölkələr sırasına daxil ola bilərdi. Azərbaycan Şərqi Avropa, Baltikyanı ölkələr səviyyəsinə qədər inkişaf etmiş olardı”.

 

“Vəsaitin bir hissəsinin ölkəyə qaytarılması mümkün ola bilər”

 

“Bu pulların nə vaxtsa Azərbaycan qaytarılması mümkün ola bilərmi” sualına gəlincə, N. Cəfərli belə söylədi: “Açığı, çox çətindir. Bəzi müxalif siyasətçilər də hərdən buna bənzər bəyanatlar verir. Amma bunun hüquqi mexanizmləri və geri qayıtma üsulları həddindən artıq çətindir. Hətta Azərbaycanda hökumət dəyişikliyi baş verdikdən sonra leqal yolla müraciətlər olunsa belə illərlə, bəlkə də 10 illərlə davam edən məhkəmə prosesləri ola bilər ki, bu vəsaitin qayıtması üçün hər hansı bir formada irəliləyişə nail olmaq mümkün olsun. Çox çətin bir prosesidir. Demirəm, mümkün deyil. Mümkün variantlar var. Bu da Azərbaycanda gələcəkdə qurulacaq sistmin dünya tərəfindən nə qədər bəyənilməsindən, dəstəklənməsindən asılı olacaq. Əgər belə bir sistem qurula bilsə, müxtəlif hüquqi yollarla ən azından vəsaitin bir hissəsinin ölkəyə qaytarılması mümkün ola bilər”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system