ÖLKƏ

Oxundu: 49
Azərbaycanda kitab bahalaşacaqmı?

Azərbaycanda kitab bahalaşacaqmı?

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək.

Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən, gələn ildən çap edilmiş kitablar, broşürlər, vərəqlər və kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində analoji çap materialları, illüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlərə tətbiq edilən idxal gömrük rüsumları artırılacaq.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən, bu məmulatlara 3 faiz idxal gömrük rüsumları tətbiq olunur. Gələn il yanvarın 1-dən isə bu məmulatlara tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq.

Qeyd edək ki, gömrük statistikasına inansaq, cari ilin əvvəlində ölkəyə kitab idxalı artıb. Belə ki, 2016-cı ildə kitab və poliqrafiya məhsullarının idxalı 62 faiz azalmışdısa, bu ilin 4 ayında bu rəqəm 2 dəfə artıb.  İlin əvvəlindən ölkəyə 4 626.75 min dollar  (2016-cı ilin müvafiq dövründə həmin rəqəm 2. 257.21 min dollar idi) dəyərində çap kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatları, əlyazmalar idxal edilib. 

Bazar iştirakçıları idxalın artmasına bir neçə səbəb irəli sürürdülər. Bildirilirdi ki,  Azərbaycan naşirlərinin əksəriyyəti kitablarını xaricdə çap etdirirlər. Çünki yerli mətbəələrin qiymətləri yüksəkdir. Hətta vergiləri, yol xərclərini nəzərə aldıqda belə kitabın xaricdə dərci Azərbaycanla müqayisədə ucuz başa gəlirdi. Daha bir səbəb kimi türk, rus dilində kitab oxuyanların sayının artması göstərilirdi. 

Gömrük rüsumunun artırılmasının kitab bazarına necə təsir edəcəyi ilə bağlı Oxu.Az-ın sualına cavabında Nigar Köçərli bildirdi ki, kitablar rüsuma uyğun ölkəyə idxal olunan kitabın qiyməti dəyişəcək: “Kitabların satış qiymətləri ancaq maya dəyəri ilə qiymətləndirilmir. Digər xərclər də qiymətə əlavə olunur. Gömrük rüsumunun nə qədər qalxmasından asılı olaraq kitabların bahalaşması gözlənilir”. 

Şahbaz Xuduoğlu qərarın bazara təsir edəcəyini istisna etmir: “Ötən il xaricdən idxal edilən kitablara əlavə dəyər vergisi (ƏDV) tətbiq olunmuşdu. Bundan sonra ölkəyə gətirilən kitabların sayı xeyli azaldı. Rüsumun artırılması xaricdən idxal olunan kitabın həcmini azaldacaq. Hesab etmirəm ki, bu yolla ölkədə kitab sənayesinin inkişafına nail olmaq mümkün olacaq. Azərbaycanın daxilində kitab çapı ilı bağlı xammal istehsal edilmir. Belə halda kitab çapını stimullaşdırmaq məqsədilə həmin məhsullara vergi tətbiq edilmməməlidir. Məsələn, Gürcüstanda belədir. Gözləyirdim ki, qəzet kağızına ƏDV-nin tətbiqi ləğv edildiyi kimi, kitab kağızına və kitaba trətbiq olunan ƏDV götürüləcək”.

Ş.Xuduoğlu yerli yazarların da çox zaman  kitablarını xaricdə çap etmələrinə münasibət bildirdi. Onun sözlərinə görə, böyük və tirajı olan, keyfiyyət istəyən yazıçılar əsərlərini xaricdə nəşr etdirirlər: “Həmin keyfiyyətin daxildə alınması mümkün deyil.Çünki xaricdəki texnika tamamilə fərqlidir. Azərbaycanda kitab baha başa gəlirdi. Rüsumun artırlması kitabın dəyərini yüksəldəcək”. 

Nəzərə çatdıraq ki, kitab sənayesi gəlirsiz sahə deyil. 2015-ci ildə qlobal kitab sənayesinin gəliri 143 milyard dollar olub. Ən çox kitab oxuyan ölkələrin sırasında birici yerdə Fransa və İngiltərə dayansa da, bazarın 27,4 faizi ABŞ-ın,15,3 faizi Çinin, 48 faizi digər ölkələrin payına düşür. Dünyada adambaşına düşən kitab xərcləri isə 1,30 dollar təşkil edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system