NAMAZ VAXTLARI:
  • FƏCR 06:24
  • GÜN 07:50
  • ZÖHR 12:32
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda boşanmaların sayının 11 faizədək artmasının səbəbi nədir?

Oxundu: 599
Azərbaycanda boşanmaların sayının 11 faizədək artmasının səbəbi nədir?

Vəfa Rəşidova: “İnsan yarışma ilə ərə gedirsə, sonu mütləq boşanma olur”

İslaminSesi bildirir ki, Azərbaycanda boşanmaların sayı 11 faizə yaxın artıb. Dövlət Statistika Komitəsindən məlumatına görə 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb.

 

Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. 2016-cı il ilə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb. Qeyd edək ki, 2016-cı ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

 

Qeyd edək ki, boşanan ailələr arasında nəinki gənc ailələr, hətta yaşlı ailələrə də rast gəlinir. Maraqlıdır, boşanmaların bu qədər artmasına gətirib çıxaran səbəblər nələrdir? Azərbaycanda ailə institutunun dağılmağa doğru getməsi yoxsa ailə daxili gərgin psixoloji səbəblər var?

 

Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysova hazırkı vəziyyətin keçici olduğunu dedi: “Bu gün ailə institutunun daha da gücləndirilməsi bütün dünyanın qarşısında dayanan aktual məsələlərdən biridir. Son illərdə bütün beynəlxaq təşkilatlar tərəfindən müxtəlif zamanlarda ailə institutlarının gücləndirilməsi üçün çox böyük səviyyədə konfranslar keçirilib və dünya ölkələrinə mühüm çağırışlar olunub. Azərbaycanda ailə institutu mənəvi dəyərlərdən, keyfiyyətlərdən irəli gələn bir institutdur. Bu gün bütün dünya üzrə ən uğurlu ailə modellərindən biri kimi Azərbaycan ailə modeli qəbul və tətbiq olunub. Amma təəssüflər olsun ki, 40-60 il birgə ömür sürən ailələrimizlə yanaşı, bu gün diqqət mərkəzində həm də boşanan ailələr var.  Ailə daxili münasibətlərin düzgün qurulmaması, cütlüklərin mənəvi və sosial məsuliyyətini düzgün dərk edə bilməməsi səbəbindən bu gün boşanan ailələrimiz də var ki, bu da təəssüf doğurur.  Biz səbəblərin müəyyən olunması ilə bağlı dəfələrlə araşdırmalar, tədqiqatlar aparmışıq. Burada müxtəlif səbəblər ortaya çıxıb. Bəzən boşanan cütlüklər deyir ki, xasiyyətimiz uyğun gəlmədi. Xasiyyət o zaman uyğun gəlmir ki, onların bir birinə qarşı qarşılıqlı hörməti, məhəbbəti, anlayışı olmur. Biri digərinin qarşısında öz məsuliyyətini dərk edə bilmir. Ailə,  ailə qurmaq xatirinə olmamalıdır. Ailə insan həyatının çox vacib bir mərhələsidir. İnsanlar illərlə bir birlərini dəlicəsinə sevə bilərlər, amma birgə yaşamaq həm qadından, həm də kişidən başqa bir keyfiyyətləri tələb edir. Bu artıq insan həyatında başqa bir mərhələdir. Bu sahədə yüz ölçüb bir biçmək lazımdır. Verdiyin qərardan tam əmin olmalısan ki, məhz bu insanla ailə qurmaq istəyirəm və bu ailənin uzun ömürlü və uğurlu olması üçün hər iki tərəf əlindən gələni etməlidir. İnsanlar bunu dərk edəndə bilməlidir ki, ailədə artıq “mən” sözü keçmir, “biz” anlayışı var”.

 

A.Veysova bildirdi ki, valideynlər də bu məsələdə həssas olmalıdır: “İstər qız, istərsə də oğlanı böyüdərkən onu bir şəxsiyyət kimi yetişdirməli, daim başqalarının fikirlərinə hörmətlə yanaşmağı öyrətməlisiniz. Mən güman edirəm ki, hazırkı vəziyyət keçicidir. Bu gün zaman sürətlə dəyişir. Dünyada gedən proseslər, informasiyanın sürətli axını və digər müxtəlif məqamlar da buna təsir edir. Bunlar keçici xarakter daşıyır. Çünki Azərbaycanda ən çətin dövrdə belə boşanan ailələrin sayı az olub”.

 

Psixoloq Vəfa Rəşidova isə qızların indi ərə getmık xatirinə ailə qurduğunu dedi: “90-cı illərdən sonra kütlə psixologiyasına belə bir fikir daxil oldu ki, nə olur olsun ərə gedim. Mən bunu uzun zamandır ki, müşahidə edirəm. Ailə qurduğu insanın kimliyini, statusunu, xarakterinin formalaşıb formalaşmadığını bilmədən gözü yumulu ərə gedəndə təbii ki, boşanmaların sayı artmş olacaq. Mn neyniyim artıq ərə getməliyəm, evdən sıxışdırırlar, rəfiqələrimin hamısı artıq ailə həyatı qurub deyənlərə şamil edirəm ki, birinci növbədə ailə qurmaq istədiyiniz oğlanın ən azından anasına göstərdiyi münasibətinə baxın. Anasına hörmətlə yanaşır, yoxsa sizin yanınızda anasının mənfi xüsusiyyətlərindən danışır ki, bu da sizin xoşunuza gəlir ki, mənimlə hər şeyini bölüşür. Bu cür insan sabah sizə qarşı da bu cür olacaq. Bax bu boşanmaların birinci səbəbidir. Bir məqamı da qeyd edim ki, ərə getmək xatirinə ailə quranların sonu dəhşətli bitir. Onların ailə həyatları heç bir il də çəkmir. Çünki bu cür insanlar ərə getmək yarışında idi. Ona görə də  bu cür insanlar üçün dönüş də normal olur. İnsan yarışma ilə ərə gedirsə, sonu mütləq boşanma olur. Mən hər zaman bir psixoloq olaraq düşünürəm ki,  hər kəsin bir tərəfdən bilmədiyi, maariflənmədiyi məsələlər ola bilər, bu normaldır. Məsələ burasındadır ki, xanımlarımız və bəylərimiz öz üzərilərində işləmirlər. Elə bilirsiniz kişiləri xanımın evinin, maşının olması düşündürmür? Bu fikir yalnız xanımlara aid deyil. Maşın, ev, pul üzərində qurulan ailə əlbəttə ki, boşanacaq. Çünki onları sevgi, hörmət, dəyərlər bağlamır, maşın, ev, pul bağlayır”.

 

Psixoloq ailələr arasında xəyanətin də artdığını dedi: “Qəliblənmiş belə bir fikir var ki, xəyanət edən tərəf yalnız kişilər olur. Ancaq qadınlar da xəyanət edir və onların xəyanəti çox zaman gizli saxlanılır. Amma bu vəziyyət ailəni böyük uçuruma gətirib çıxarır və sonda mütləq boşanma baş verir. Bizim ailələrdə maariflənmə o qədər aşağı səviyyədədir ki, düşünmürlər ki, bir problem yaşanırsa, o problemin üzərinə gedib həll etmək olar. Ailəyə müdaxilələr olanda da boşanmaya səbəb olur. Bəzən ailədə olan yaşlı insanlar gənclərə deyir ki, alınmırsa boşanın. Bunu demə səbəbi də qaynananın istədiyinin həmin gəlin olmamasıdır. Özünün bilinc altında, xəyalında qurduğu gəlin tipini oğlu almadığı üçün deyir ki, alınmırsa, boşanın. Yeni ailə quran insanlar bilməlidir ki, onlar öz problemlərini ana ata, bibi, dayı dostla müzakirə edib həll etməməlidirlər. Bir də ki, boşanma fikrini netləşdirən insan üçün övladının fikri 10-cu yerdə durur. Çox zaman da bu boşanmalardan uşaqlar əziyyət çəkir və onlarda belə bir fikir yaranır ki, mən niyə gələcəkdə ailə qurmalıyam ki, ayrılmaqdansa, tək yaşayaram. Bax bu cür problemlər yarandığı üçün ailə dəyərləri də zəifləyir, aylar, illər keçdikcə də boşanmaların sayı artır”./musavat.com

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system