NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan İslam Partiyası ölkə başçısına müraciət etdi

Oxundu: 1925
Azərbaycan İslam Partiyası ölkə başçısına müraciət etdi

Azərbaycan İslam Partiyası ölkə başçısına müraciət etdi

 

Son dövrdə ölkə əhalisini narahat edən ən mühüm amillərdən biri də ailələrdə baş verən kütləvi boşanma halları və ailələrin dağılması, nəticədə körpə övladlarımızın ağır durumda qalmaları, bəzən də bir ömür mənəvi əzab çəkmələridir. Bu kimi halların və xüsusən gənclər arasında mənəvi aşınmaların aradan qaldırılması dinimizə, kökümüzə bağlı nümunələrin cəmiyyətdə ideoloji və psixoloji istiqamətdə təbliği, sözsüz ki, effektiv nəticə verməyə bilməz. Əslində cəmiyyət  özü bunun axtarışındadır. Azərbaycan İslam Partiyası bu istiqamətdə ən optimal addım kimi Xanım Zəhranın (s.ə) mövludunu rəsmi bayram olaraq “Analar günü” şəklində qeyd etməyi zəruri addım hesab edərək, həyata keçirilməsi üçün ölkə başçısına, Milli Məclis üzvlərinə və İslam Əməkdaşlıq Təşkilatına yazılı müraciət ünvanlamışdır. Həmin müraciətin mətnini oxucularımıza təqdim edirik:

 

 

Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyev Cənablarına                     

Azərbaycan  Respublikasının Parlamentinə                                                        

İslam Əməkdaşlıq Təşkilatına

 

 

Cənab Prezident!

Sizi Mehriban və Bağışlayan Allahın adıyla salamlayırıq. Sizə, bu gün Azərbaycan ictimaiyyətini və inanırıq ki, sizi də ciddi narahat edən çox mühüm  bir məsələ barədə düşüncələrimizi və gəldiyimiz nəticə ilə bərabər təkliflərimizi çatdırmaq istəyirik.

 

Məlum olduğu kimi, yaşımıza görə şahidi olduğumuz Qərblə-Şərqin uzun onillər siyasi və ideoloji  qarşıdurması ilə səciyyələnən “soyuq müharibə” dövrü arxada qaldı. Yaşadığımız hazırkı dövrdə bu mübarizəni xalqların  tarixi keçmişi, maddi-mədəni ənənələri, xüsusən də konfessional mənsubluğu ilə fərqlənən dəyərlərin toqquşması əvəz etməyə başlayır. Beynəlxalq aləmdə qloballaşma təşəbbüsçüləri olan qütblər Şərqin dözümlü, davamlı, qoruyucu xüsusiyyətə malik sivilzasiyasını və Allahın sonunculara  vəd etdiyi müddəti pozmaq, aradan aparmaq  cəhdləri bizləri düşünməyə, ən optimal və daha sadə qəbul edilən çıxış yollarını reallaşdırmağa sövq edir.

 

Uca Yaradanın  bəşəriyyətin nadanlıqdan, vəhşiliklərdən və hər növ qeyri-insani davranışlardan xilası üçün göndərdiyi əxlaq nümunəsi və elm mənbəyi sayılan İslam dini , müqəddəs Qurani Kərim min dörd yüz ildir ki, yer üzündə bu missiyanı yerinə yetirir. Və qeyd etdiyimiz kimi, Allahın vəd etdiyi qiyamətə qədər də bu , belə olacaq.

 

Cənab Prezident!

Bütün bunlara rəğmən dünyada və ayrı-ayrı cəmiyyətlərdə, çox təəssüflər olsun ki, həmçinin ölkəmizdə, 96 faizi müsəlman olan əhalimizin içərisində də  narahatedici mənəvi aşınmalar, qeyri-əxlaqi davranışlar müşahidə olunur. Xüsusən gənc nəslin, cavanlarımızın həyatında qloballaşan məişət, gündən-günə kütləviləşən ailə problemləri hesab edirik ki, tarixi keçmişimizin, Allahın bizim üçün yaratdığı müqəddəs insanların əxlaq, davranış, ailə nümunələrindən uzaq düşməyimizin nəticəsidir.  Məhz belə boşluqları doldurmağa nail olan “8 mart”,  “valentin günü” və bu kimi qondarma bayram ənənələri, xalqımıza məxsus olan ailə müqəddəsliyini  aşındıran digər yad təsir vasitələri cəmiyyətimizin gələcəyini hesab edirik ki, indikindən də ağır mənəvi tənəzzülə sürükləyə bilər.  Yeni ailə quran övladlarımızın  demək olar ki, yarısında ailə yuvası müxtəlif səbəblər bəhanə gətirilərək dağıdılır. Bunun bir səbəbi mənəvi aşınmalar, gənc nəslə yad psixoloji təsir amilləridirsə, digər səbəb Allahın və İslam dininin bizlərə bəxş etdiyi Həzrət Əli (ə.s) və Xanım Fatimə (s.ə) kimi kamil nümunələrin həyat, davranış və ailə münasibətlərini dərindən öyrənmək və cəmiyyətimizə təlqin etmək üçün ciddi addım atmamağımızdır. 

 

Cənab Prezident!

Bundan ötrü, ilk növbədə cəmiyyətimizin sağlam gələcəyini, ailə müqəddəsliyini qorumaq naminə  həyatı boyu özünün vücud, davranış, əməl və münasibətləri ilə aləmlərə gözəl övlad, nəzakətli, iffətli, ismətli qız, sədaqətdə, ləyaqətdə və dəyanətdə tayı-bərabəri olmayan həyat yoldaşı, qayğıkeş, mehriban, bəşəriyyətin və İslamın xilası və nicatı səviyyəsinə qalxan övlad irsinə malik xoşbəxt ana və hər kəsə kamil bir nümunə olacaq cazibəyə malik müqəddəs qadın olduğunu sübut edən Peyğəmbər (s) qızı Xanım  Fatimeyi- Zəhranın doğum gününü  “Analar günü” adı altında ümumxalq səviyyəsində qeyd edilməsinin rəsmiləşdirilməsini ölkəmizin çoxminli vətəndaşları adından təklif edirik. İnanırıq ki, cəmiyyətimizin məişət və təfəkküründə  Ramazan bayramının paklığ, birlik və bərabərlik,yardımlaşma,  Qurban bayramının humanizm, xeyirxahlıq, sevgi və inam, xoş niyyət  duyğuları yaratdığı qədər, belə bir bayramın rəsmiləşdirilməsi və hər il yüksək səviyyədə qeyd edilməsi də insanlarda  qarşılıqlı sevgi, etimad, hər  növ çətinliklərə dözüm və iradə, xüsusən ailə müqəddəsliyinin qorunmasında effektiv gücə malik olmaqla arzu olunan nəticəni verəcək. Bu, əminik ki, həm də  Azərbaycan tarixində atacağınız ən unudulmaz addım və xalqımız, eyni zamanda Uca Yaradan tərəfindən yüksək dəyərləndirilən bir əməl kimi qiymətləndiriləcək.

 

 

Azərbaycan İslam Partiyasının sədr əvəzi    Hacı İlham Əliyev,     

Partiyanın funksionerləri:                             

Hacı Emil  Kazımov,           

Hacı Fayaz Nəbizadə,                                                

Hacı Akif Heydərli.                                 

          

Bakı şəhəri , A.Səhhət 18,                                                                                                               

Tel: (012) 440 60 57; (077)535 05 36                                                                                                           

 04.03.2019

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system