NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 221
Ayətullah Əbdülhüseyn Dəstğeybin qələmindən ramazan ayı dərsləri – III hissə

Ayətullah Əbdülhüseyn Dəstğeybin qələmindən ramazan ayı dərsləri – III hissə

Bismillahın "Bə"sindəki qulluq həqiqəti

Bismillahirrəhmanirrəhim

 

Bəhsimiz "Bismillahın "bə" hərfində idi. Bismillahın "bə" hərfinin mənası budur: Müvəhhid mömin daim bir qul kimi davranmalıdır. Kölə kimi bir başqasına aid olduğunun şüurunda olmalıdır. Çünki o, Allahındır. Sən Allaha aidsən. Onun yaratdığısan. Öz-özlüyündən heç bir müstəqilliyin yoxdur. Onun məhkumu və məğlubusan, yəni Onun iradəsi (istəyi-red) altındasan. O nəyi iradə edərsə, o olar. Sən məsələn, qocalmamağı, zəif və xəstə olmamağı istəyirsən, ölməmək, əbədiyyətə qovuşmaq arzusundasan. Amma Onun əsirisən. Onun qəhredici gücü və iradəsi altındasan. Öz-özlüyündən heç bir müstəqilliyin yoxdur.

 

Əgər özündə bir müstəqillik görər və "mən belə edərəm, elə edərəm" deyərsənsə, demək iman və qulluqdan ayrılmısan. (Belə olan halda-red.) Özün üçün bir mövqe və məqam hesab edər, əsl məqamından düşmüş olarsan. "Mənim malım" və "mənim mövqeyim" deməyi bir kənara qoy.

 

Birdən-birə zəngin olan bəzi şəxslər özlərini itirərək müstəqillik iddiasında olurlar və "mən oyaq biriyəm, buna görə bu qədər mala sahib oldum" deyirlər. Bax, məhz bu "mən, mən" demələr, insanı ilahi qəhr və qəzəbə düçar edir və onu zəlil edir. Bu səbəbdən də etdiyimiz bir çox iddialar səbəbilə tövbə etməliyik.

 

Ağlıma səyyar satıcılıq edən bir şəxsin hekayəsi gəldi. Bu şəxs dolanışığını səyyar satıcılıqla təmin edirdi. Azərbaycanın (İranın Azərbaycan əyaləti) Şahsevən bölgəsinin əhalisindən idi. Adı çəkilən şəxs səyyar satıcılıq əsnasında kor olan bir qəbilə başçısına rast gəlir. Bu qəbilə rəisinin bir çox sürüsü varmış, amma hamısını da itirmişmiş. Bir xeyli də uşaqları varmış. Qəbilə rəisinin uşaqları səyyar satıcıya, "Atamızla otur və söhbət et ki, bir az könlü açılsın və ürəyindəki dərdləri silinsin" - deyirlər...

 

Səyyar satıcı qəbilə rəisinin halını soruşar. Qəbilə rəisi ağlayaraq belə deyər:

 

 Nə deyəcəyimi bilmirəm! Bir ara o qədər sürüm var idi ki, bu səhralar qoyun, dəvə və ya digər böyük başlı heyvanlarımla dolu idi. Uzaq dağların üzərində belə, sürüm var idi. Bir neçə fərsəx məsafə qədər qohumlarımın və yaxınlarımın çadırları var idi. Bir gün övladlarımdan daha çox sevdiyim bir nəvəmi yanıma alaraq ata minib səyahətə çıxdım. Hara getdiksə, elə, sürülərimi görürdüm. Nəvəmə dedim ki: "Babanın bu qədər malı var. Əgər Allah babanı yoxsullaşdırmaq istəsə belə, bu, uzun illər sürər".

 

 Bir sözlə, dağın ətəklərinə çatanda, qiblə tərəfindən qara buludların gəldiyini gördüm. Bölgəni başdan-başa bürümüşdü. Birdən doluyla qarışıq yağış yağmağa başladı. Dolular qoz böyüklüyündə və çox şiddətli şəkildə yağırdı. Duracaq yerin olmadığını görəndə bir mağara tapdıq və nəvəmlə oraya sığındıq.

 

Bir saat sonra nə olduğunu görmək üçün başımı mağaradan bayıra çıxardım. O qədər mal və o qədər sürüdən heç bir şey qalmamışdı. Bütün sərvətim yox olub getmişdi. Heç bir şeyim qalmamışdı. Bir saat içində oturub fəqirləşdim...

 

 Ağladım və "Heç olmasa atımı tapıb bir şeyimin qalıb qalmadığına baxım" dedim.

 

 Nəvəmi bir daşın yanına oturtdum və sürümü axtarmağa çıxdım. Birdən bir səs eşitdim. Arxaya dönəndə bir canavarın nəvəmi yemək istədiyini gördüm. Tüfəngimlə nişan alaraq onu öldürmək istədim. Amma səhvən çox sevdiyim nəvəmi vurdum, anında can verdi. Üzüntüdən silahımı başıma vurdum və gözlərim kor oldu. Bir saat içində zillət və alçaqlığa düşdüm.

 

Məhz müstəqillik iddiasında olan bu milyoner şəxs özünün və hər şeyin Allahdan olduğunu unutmuşdur.

 

"Bismillah" yəni hər işimi öz qüdrətim və idrakımla deyil, Allahın yardımı ilə edirəm. Həkim bəy də resept yazarkən "Bismillah" deməlidir. Yəni fikrim və elmimlə deyil, Allahın köməyi ilə...

 

Sürücü bəy, sən də sükanın başına keçəndə müstəqil deyilsən. Qüdrət və qüvvət yalnız böyük və uca olan Allahladır. Qüdrət və güc yalnız Allahdandır.

 

Onu da ərz edim: Bir müddətdir batil bir söz ağızlarda gəzir ki, mütləq aradan qaldırılması lazımdır. Deyirlər ki: "Hər işdə irəliləyişin səbəbi özünə inamdır. İnsan özünə güvənərsə irəliləyər. Yəni istədiyin hər şeyi et və özünə güvən. Hansı işin arxasınca gedərsənsə mütləq o olar".

 

Bu söz küfr və nadanlıqdır. Özünə inam nədir? Özün nəsən sən kimsən ki, qüdrətinə əsaslanar və "istəyəndə hər şey vücuda gələr" deyirsən?

 

 Minlərlə dəfə qərar aldın, işin üçün ora buraya qaçdın... yenə də olmadı. Görəsən, əlindən heç bir şeyin gəlmədiyini özün də görmürsənmi? Bütün varlıq aləmini qüdrətilə yaradan Allah, hər nə istəsə o olar. O, nəyi iradə edər və nəyi məsləhət görərsə o olar. Sən bir ovuc torpaqdan başqa bir şey deyilsən.

 

Məsələn, indi bu həyatın özünəmi aiddir? Özünmü özünü qoruyursan? Həqiqət belə deyil. "Sadəcə özünə güvən" deyən insan həqiqəti dərk etməmişdir. Özündə bir şey olduğunu xəyal etməkdədir. Hər cür müşkülü həll etmək, insan nəfsinin işi deyil. Nəfs bundan acizdir. Əgər doğru deyirsənsə yatma! Bəzən insan işi olanda hər nə qədər yatmamağa çalışsa da edə bilmir, bunu heç cür bacara bilmir. Əgər özünə güvənin bir faydası vardırsa yaşlanmağını, saçlarına ağ düşməsini, zəif və xəstə olmağını önlə...

 

Amma sən getməsən də səni götürərlər. Getməmək sənin əlindədirmi?

 

Bu küfr və yanlış söz tərk edilməlidir. "Özünə güvən" nə deməkdir? "Allaha inanmaqdan bəhs et... Xaliq və Rəzzaq olan Allaha güvənmək lazımdır. Mənim canım da Onun əlindədir. Onun qüdrətinin nəhayəti yoxdur. Hər cür müşkülü həll etmək Onun qüdrətinə nisbətən asandır. Nə üçün Ona etimad etmir, Ona güvənmirsən?

 

Öz özünə bir fayda vermək də sənin əlində deyil. Həmçinin özündən hər hansı bir zərəri də uzaqlaşdıra bilməzsən.

 

 İnsanın daim möhtac olduğu faydalardan biri də, yemək və sərf etdiyi enerjini yenidən qazanmaqdır. İnsan daim enerji itirir və qüdrəti azalır. Ona görə də daim yeməsi və yeni enerji qazanması lazımdır. Əks təqdirdə bir neçə gün sonra əriyər və yox olar. Qidalanma və istehlak etdiyi enerjini yenidən qazanmaq, bəşər üçün zəruri bir şeydir. Hansı bəşər yeməklərə olan ehtiyacını aradan qaldıra bilər və ya itirdiyi enerjini özü şəxsən qazana bilər? Görəsən heç birimizin bədənimizin daxili qidalanma sistemindən xəbəri vardırmı? Halbuki daima da ona diqqət edirik.

 

 Biz əslində bu bədən binasında nələrin olduğundan xəbərsizik. Bədənin daxili sistemi daim nizamlı bir şəkildə çalışır. Halbuki insanın bunda rolu və töhfəsi yoxdur... Sahib olduğu tək bacarıq, tikəni ağzına qoyması və udmasıdır.  Amma tikə aşağı gedəndə artıq heç bir şey onun ixtiyarında deyil. Bədənin daxili işlərini öz ixtiyarında saxlayan nəfs hansıdır?

Ey insan! Bu qədər "mən, mən" deyib durma!... Təkcə "özünə güvən" faktı küfrdür. Allaha güvənməyə bax. Allah istəmədikdən sonra, hansı işin arxasınca qaçırqan qaç, o iş olmaz.

 

 "Əl-Kəlamu Yəcurrul-Kəlam" kitabında Mərhum Zəncani belə yazıb:

 

 Milyonçu bir şəxs Amerikada bir torpaq alaraq bilmirəm neçə mərtəbəli bir bina tikdirdi. İşin yarısında pulu qurtardı. Məcburən binanı banklara ipoteka etdirərək borc aldı. O biri tərəfdən borc sahibləri də ona təzyiq göstərirdilər. Bu qədər borclar və borcların üstünə gələn faizlərin iflasdan başqa bir hasilinin olmadığını görürdü. O binanı da heç kim almırdı. Onsuz da alsa da borcların üzərinə gələn faizləri belə qarşılamazdı. Beləliklə, çarəni intiharda gördü. Oturub necə intihar edəcəyini düşündü. Nəhayət, "Əgər zəhər içəcək ölsəm, qohumlarım yetişib məni xilas edə bilər. O halda ehtiyatlı olmalıyam. Həm zəhər içməli, həm də özümü hündür bir yerdən aşağı atmalıyam" dedi. Zəhər içdi və özünü binanın üstündən aşağı atdı. Özünə güvənərək, bir şeylər etdiyini və mütləq öləcəyini zənn etdi. Amma binanın alt qatdakı bir çıxıntısına ilişdi və başı aşağı asılı qaldı. İçdiyi zəhərləri də qusdu və ətrafdan yetişərək onu aşağı endirdilər və ölümdən xilas etdilər.

 

 İnsan öz özünə bir iş gördüsə yüz faiz nəticəyə nail olacağını zənn edir. Əlində olan təcrübələrlə işləri irəlilədə biləcəyini xəyal edir.

 

Bunları bir kənara qoy. Allah nə istəyərsə o olar. Keçmişimiz üçün tövbə edək. Yalnız özümüzə inamı kənara qoyaq. Allahın qüvvət və qüdrətini nəzərə alaq. Yediyimiz çörəkdən tutmuş, digər böyük işlərə qədər hər şeyimizdə Allaha arxalanmalıyıq. İnsan kiçikdir. Böyük olan Allaha söykənərək böyüklük əldə etməlidir. Qeybdən qüvvə almalıdır. Allahın kömək və nemətlərini dərk etməlidir.

 

 Bu mübarək "Bəsmələ" ayəsində Əsmaul-Hüsnadan üç ad vardır: Allah, Rəhman və Rəhim. Bütün ümidlər də bu üç adadır. Bu üç ada ümid bağlanır və bu üç addan qorxulur. Allahı rəhmaniyyəti ilə tanıyan, hər yerdə Allahın rəhmətini müşahidə edən və özünü nemət və rəhmətlər içində görən kəs qorxuya qapılır. "Bu nemətlər qarsısında şükr etdimmi? Bu qədər nemətlər qarşısında qulluq və ixlas göstərdimmi?" deyə narahatlığa qapılır. "Qəflətlərim başıma nələr gətirəcək?" deyə nigaran olur, küfrani-nemət səbəbindən büsbütün utanır.

 

Allahın rəhməti yüz parçadır. Birini bu dünyaya aid edib. Elə bu yüzdə bir, ananın övladına olan mərhəmətidir. Yerdə qalan 99 hissəsini isə axirətdə iman əhli olanlar üçün ayırıb.

 

 Belə ki, Quranda da buyurulduğu kimi heç kəs Allahın, özü üçün nələr hazırladığını bilmir:

 Heç kim bilmir onlar üçün gözləri işıqlandıracaq nə gizli şeylər var; etdiklərinə qarşılıq. [1]

 

 Dünyada da mərhəmətdən bir nümunə var. Bərzəx aləmi və qiyamət mərhəmətlərindən bir qətrə də bu dünyada var. Bu kiçik və dəyərsiz dünyada bu qədər nemət və rəhmətə yer verilib. Elə isə, ya Rəbb, əbədi ömür və digər aləmlər üçün nələr nələr yaratmısan! Əlbəttə, o nemətlərin hamısı da burada nankorluq etməyən kəslər üçündür. [2]

 

 Allahın hazırda hamımıza ehsan buyurduğu bir neməti də Ramazan ayıdır. Keçən il aramızda olan dostunun qəbrinin yanına get və ona de: "Ey dostum, keçən il aramızda idin, indi necəsən? Bir arzun varmı?" Əgər mələkut qulağın varsa, belə dediyini eşidərsən: "Hazırda bu mübarək ayda yer üzündə olmağı istərdim. İstərdim ki, gündüzləri oruc, gecələr isə ibadət tofiqim olsun və Quran əsla əlimdən düşməsin".

 

Ey yaz mövsümündə on altı saat ərzində yemək və içməkdən Allah üçün uzaq duran kəs, indi də Kövsər hovuzundan iç!...

Ey Ramazan ayına hörmət edən kəs, Allahın əbədi nemətlərindən yararlan!...

 

 Peyğəmbər (s.ə.a) sevincli olduğu bir gün belə buyurdu:

 

 Seyyiduş-Şühəda Həmzə və Cəfəri Təyyarı cənnətdə üzüm yeyərkən gördüm. Bir az yedikdən sonra üzümlər xurma oldu. Bu xurma çəyirdəyi və ağırlığı yox idi. Müşk qoxusu fərsəxlərlə uzaqdan hiss edilirdi. Onlara, "Burada sizlər üçün ən yaxşı olan şey nədir?" deyə soruşdum. Həmzə belə dedi: "Üç şey var ki, bərzəx və qəbir aləmində olduqca fərəhləndirir və sevindiricidir. Birincisi, Əli ibni Əbu Talibin sevgisidir. (Allahım, Əliyə olan sevgimizi artır). İkincisi, Məhəmmədə və Ali Məhəmmədə salavat gətirməkdir. Üçüncüsü isə, susamış bir kəsin susuzluğunu aradan qaldırmaqdır".

 

 Əgər susamış bir kəsə su versəz, bərzəx aləmində sizlərə çox faydası olar. Bu aləmdə birinin ürəyini sərinlədən kəsin qəbirdə könlü sərin və təravətli olar.

 

 Ravi deyir ki: Bir səfər əsnasında İmam Cəfər Sadiq (ə.s) ilə birlikdə yol gedərkən yerə düşmüş bir kəsə rast gəldik. İmam (ə.s), "Get bax susuzluqdan yerə düşmüş olmasın? Su apar və ona su ver" dedi. Yanına çatanda onu tanıdım. Bir xristian idi. Geri döndüm və İmama, "O bir xristiandır. Müsəlman olmadığı üçün ona su vermədim" dedim. İmam, "Ona su vermədinmi?" deyə etiraz edərək belə buyurdu: "Susamış bir kəsə su verən hər kəsə savab vardır".

 

Hansı din və məzhəbdən olursa olsun, hətta heyvan belə olsa fərq etməz. Belə ki, bəzən susuz birinə su vermək dəstəmaz almaqdan da əvvəl gəlir. Bu üç şeyin bərzəx aləmində xüsusi təsirləri vardır. Bəzən, öldükdən sonra ölmədən bəzi işləri etməməyimin lazımlığını anlayacağımı, "Ya Rəbbi, məni dünyaya geri qaytar" deyəcəyimi düşünürəm. Buna gör belə deyərək yalvarıram: "Ya Rəbb, mənə tofiq ver ki, sənə faydalı olan şeyləri edim və bu səbəbdən də qəbirdə "Ya Rəbb, məni geri qaytar ki, yaxşı işlər edim. [3] deməyimə ehtiyac qalmasın".

 

 Hamımız, Allahdan bu hacətimizi (ehtiyacımızı-red) istəyək. Allahdan hər xeyir üçün tofiq arzulayaq. İndi də istəsək Allahın lütf və kərəmi ilə duamızı qəbul etməsinə ümid edilir.

 

 Niyə biz Allahdan istəməkdə zəiflik edirik. Hamı birlikdə Kərim olan Allahın qapısına gedək. Allah, Rəhman və Rəhimdir. Belə ki, Kumeyl duasında da belə deyilib:

 "Allahım, hər şeyi örtən rəhmətinin haqqına səndən diləyirəm"

 

 - [1] Səcdə/17

 - [2] Həqqa/24

 - [3] Muminun/9

 

İslaminSesi.info irangercekleri.com-a istinadla.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system