NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Avropa Birliyinin çökdürülmə planı

Oxundu: 4141
Avropa Birliyinin çökdürülmə planı

Elçin Xalidbəyli: “İndiki situasiyada mövcud olan gərginləşmənin fonunda AB ilə ABŞ arasında daha ciddi problemlər yarana bilər”

Bir müddətdir əzəli müttəfiqlər olan Amerika Birləşmiş Ştatları və Avropa Birliyi (AB) arasında fikir ayrılığı müşahidə edilir. Böyük Britaniya ittifaqdan çıxanda, rəsmi Vaşinqton daha çox Londonu dəstəklədi. Hətta Britaniya qurumdan çıxdığını elan edəndə, ABŞ prezidenti D.Trampın ətrafındakılar AB-dən çıxacaq növbəti ölkə haqda fikirlər yürüdürdülər. Avropalı analitiklər hesab edirlər ki, ABŞ həm Avropa Birliyinə, həm NATO-ya, həm də Almaniya kansleri Angela Merkelə qarşıdır. Və bu cəhətlərin hamısı AB-nin dəyərlərinə və birliyinə zərərdir. 

 

ABŞ-AB münasibətlərində yaşanan ən son gərginlik Avropadan alüminium və polad idxalına görə Amerikanın birtərəfli qaydada tətbiq etdiyi rüsumlarla bağlıdır. Fransa prezidenti E.Makron bunun qanunsuz olduğunu bildirib. Və ABŞ prezidentinin bu addımla səhvə yol verdiyini söyləyib. Avropa Birliyi rəhbəri Jan-Klod Yunker isə Amerikanın mövcud qərarına qarşılıqlı cavabın veriləcəyini bəyan edib..

 

Maraqlıdır, ABŞ-la AB arasında fikir ayrılığının səbəbi nədir? Müttəfiqlərin münasibətlərində köklü problemlər yaşana biləcəkmi?

 

Mövzu ilə bağlı “İslaminSesi”nə açıqlama verən siyasi analitik Elçin Xalidbəylinin açıqlamasına görə, əslində, Avropa Birliyi ilə ABŞ arasında müttəfiqlik münasibətləri sadəcə, formal xarakter daşıyır. Və onların arasında daha çox kəskin rəqabət mövcuddur: “Düzdür, Avropa Birliyi yaranarkən ABŞ bu quruma müəyyən qədər dəstək verməyə çalışıb. Çünki o dövrlərdə Ağ Evdə düşünürdülər ki, Avropa Birliyinin yaranması ABŞ-a Avropanı vahid mərkəzdən idarə etmək imkanı qazandıra bilər. Ancaq bir müddət sonra Ağ Evdə anladılar ki, Avropa Birliyini belə asanlıqla idarə etmək ümidləri tamamilə yersizdir. Çünki Avropa Birliyi öz quruluş hədəflərinə görə ABŞ-la da rəqabətə məhkumdur. Məsələ ondadır ki, Avropa Birliyi iki əsas faktor üzərində təşəkkül tapıb: Xristian təəssübkeşliyi və ortaq iqtisadi inkişaf. Bu baxımdan, Avropa Birliyi ABŞ-ın iqtisadi-ticari sahədə ən ciddi rəqiblərindən biridir. Bu quruma üzv dövlətlər ABŞ istehsalı olan məhsulların Avropa bazarına çıxışını mümkün qədər məhdudlaşdırmağa çalışır. Hətta bir çox iqtisadi istiqamətlər üzrə ABŞ-ı Avropa bazarlarından sıxışdırıb çıxartmağa cəhd göstərir. Təbii ki, bütün bunlar ABŞ-ı ciddi şəkildə qıcıqlandırır və Avropa Birliyinin çökdürülərək, dağıdılmasının planlarını ssenariləşdirir”.


Politoloqa görə, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi də məhz ABŞ-ın həmin ssenarisinin tərkib hissəsinə daxildir: “Çünki Böyük Britaniya İsraildən sonra ABŞ-ın bütün dünya üzrə ən yaxın müttəfiqidir. Rəsmi London Ağ Evin beynəlxalq maraqlarının təmin edilməsində xüsusi rol oynayır. Ona görə də Böyük Britaniyanın ABŞ-ın istəkləri çərçivəsində Avropa Birliyini tərk etməsi qətiyyən təəccüb doğurmur. Əlbəttə, indiki situasiyada mövcud olan gərginləşmənin fonunda Avropa Birliyi ilə ABŞ arasında daha ciddi problemlər yarana bilər. Amma bu iki beynəlxalq güc mərkəzinin qarşıdurmasından kənar güclərin istifadə edə biləcəyi qətiyyən inandırıcı görünmür. Əksinə, bu iki beynəlxalq güc mərkəzi adətən, öz maraqları çərçivəsində başqaları arasındakı qarşıdurmalardan istifadə etmək imkanlarına sahib olduqlarını artıq dəfələrlə sübuta yetiriblər”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system