NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 179
Aşura rəngarəng mənzərədir - Eşq karvanı ilə...

Aşura rəngarəng mənzərədir - Eşq karvanı ilə...

Kimi şəhidlər ağasına səfər fikrindən daşınmağı məsləhət görür, kimi eşq səfəri şövqü ilə ailəsini tərk edir

Kimi dünyasını Yəzidin tərəfinə keçməkdə görür, kimi həyatının mənasını eşq qafiləsinə qoşulmaqda görərək, dünya və dünyadakıları boşlayır.

 

Qəribə mənzərədir. Bir tərəfdə bu böyük hadisədən xəbərsiz gündəlik həyatı, iş-gücü ilə məşğul olanlar, o biri tərəfdə şikəstə namazın hər bir sözünə görə oxlanaraq, sonda öz imamına "əhdimə vəfa etdimmi?" deyənlər.


Haqqı tanıyaraq boyun əyməyənlər kim, yarı yoldan qayıdanlar kim, gecə yarı çıraqlar söndüyü zaman meydanı boş qoyanlar kim, Aşuranın günorta çağına kimi haqq cəbhəsində İmamla (ə) çiyin-çiyinə döyüşərək, nəhayət Allah höccətini tək qoyaraq qaçanlar kim.


Kimi də Hüseyn cazibəsinə düşərək Yəzid qoşunundan İmamın karvanına qoşulur, biri ailəsilə eşq təlaqı oxuyur, biri dizin-dizin gələrək "mənə də tövbə yeri varmı?" deyir.


Aşura rəngarəng mənzərədir. Qəpik-quruşa görə yerin-göyün lövbəri olan məsum İmama qılınc çəkənlərdən tutmuş, iki qollarını və bir gözünü verərək yenə də utandığından xeymələrə gəlməyən, beləliklə ədəbi ilə dünyaya diz çökdürən Ələmdara kimi.


Ağlıma gəlir ki, "hər gün aşuradır" ifadəsinin bir mənası da bu ola bilər ki, Qiyamətə kimi bütün günləri Allah yarım günün içində yerləşdirib. Möcüzəyə bir bax!


Aşura bu gün...


Bu il (1438, 2017), hicrətin 61-ci ilində baş vermiş Aşura olayının anım mərasimi deyil, elə Aşuranın özüdür. Eyni qəm, eyni müsibət yenə də Zəmanə Sahibinin qəlbinə çökür. Təbii ki müsibətə səbrin əcri, bərəkəti var (و بشر الصابرین). Bu bərəkət isə, Ağanın qəlbindən ətrafa yayılmağa başlayır.
Kərbəla dünyanın eni-uzunluğu qədər vüsətə malikdir. Eyni obrazlar, eyni sınaqlar. Aşura 61-də namaza görə oxlananlar, Aşura 1438-də namaza görə həbs edilənlər. Tarix, sovet dönəmində məscidlərin tövləyə çevrilməsini də görüb, 1 may paradının Aşura gününə düşdüyü zaman Göyçay Əbəlfəzl-Əbbas (ə) məscidinin qarşısından keçirilməyini də, sovetin tarixin zibil yeşiyinə atılmasını da, çağdaş dövrümüzdə İmam Hüseyn ələmlərinin zibil yeşiyinə atılma səhnəsinin nümayişini də. Ağsaqqallar danışır ki, Göyçayın bəzi kəndlərində qabaqlar məhərrəmlikdə toy edər, hər dəfə bir ciddi bəla ilə üzləşirdilər. Axırda camaat bu qərara gəlir ki, məhərrəmlikdə toy elədiyimizə görə, bu bəlalar başımıza gəlir. Xoş ibrət götürənlərin halına. Görmüşük, eşitmişik aşurada toy edib, gəlin maşınının qəzaya uğramasını da, ömür boyu əzadarlıqla düşmənçilik edənlərin uluya-uluya dünyadan köçmələrini də, öləndə "məni Əbəlfəzl vurdu" deyənləri də.


Bir sözlə İmamın "həl min nasir" çağırışı öz yerindədir. "Allahla görüşmək istəyənlər bizimlə köç etsinlər" deyə buyuruğu öz qüvvəsindədir.
Eşq karvanına necə qoşulaq?


Kərbəla dünyapərəstliyi sevmir. Rahattələblik Kərbəla mədəniyyətinə yaddır. Ümumiyyətlə eşq hərəkətverici motor rolunu oynayır. Azacıq yuxusundan belə keçməyərək eşqdən dəm vuranlar, hədisi-qüdsiyə görə yalançı, məşhur hekayəyə görə qoz-qoz oynayanlardır (vədə yerinə gecikdikdə ağacın altında məşuq tərəfindən qoyulmuş iki ədəd qozu görən "aşiq"in hekayəsi). Rey mülkinin xəyali sevdası ilə yaşayan iki dünyanın müflisi, dünyapərəstlik girdabında boğulurdu, bədbəxt! Dünya eşqi adamı kar, kor edəndə gözügörməyən adamtək düşür İbn Ziyadın quyusuna.


عشق کر می کند کور می کند


Həyətindən keçən suyu belə qonşusuna qıymayan şəxs, suyu ovcuna doldurub içməyən Ağanın rövzəsinə necə ağlaya bilər?! Min bir kələklə qazın təzyiqini öz evinə yönəldərək, qışın günündə binanın digər sakinlərinin istiliyinin kəskin azalmasına səbəb olan kəs, necə Əbəlfəzl vəfasından, fədakarlığından söz aça bilər?!
...
Kimi xeyirxahcasına Məsum İmama səfər fikrindən dönməyi məsləhət görür, kimi ölümü baldan şirin gördüyü halda, kimi də dünyanı itirəcəyindən qorxub (bu xəyali qorxudur), bəhanələr gətirərək geri döndülər...


Seçim bizimlədir, necə edək, necə olaq ki karvandan geri qalmayaq.

 

İlahiyyatçi alim Adil Əhmədov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system