SİYASƏT

Oxundu: 319
AİP ədalətsiz məhkəmə hökmünə etiraz etdi

AİP ədalətsiz məhkəmə hökmünə etiraz etdi

Azərbaycan İslam Partiyası Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə əlaqədar bir qrup şəxsə, xüsusən də İslam alimləri, Zülfüqar Mikayılov və Elman Ağayevə saxta ittihamlarla ağır cəza hökmünün verilməsini ədalətsiz qərar hesab edərək etirazını bildirib

Qurumun Mətbuat Xidmətindən “İslaminSesi”nə daxil olan məlumatda deyilir:


“Bu gün Azərbaycanın ictimai-siyasi həyatında xüsusi iz buraxan məhkəmə ədalətsizliyi cəmiyyətimizin ciddi narahatlığına səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin Nardaran hadisələri ilə bağlı bir qrup şəxsə, xüsusən də hörmətli İslam alimləri Zülfüqar Mikayılov və Elman Ağayevə saxta, qərəzli ittihamlarla ağır cəza verilməsini ölkəmizdə məhkəmə hakimiyyətinin qeyri-müstəqilliyi, cinayətlə əlaqəsi olmayan insanların sifarişli və qərəzli şəkildə mühakimə edilməsi, qanunsuzluq kimi qiymətləndirir, bu və bu kimi hallara qəti etirazımızı bildiririk.

 

Cəmiyyətə gərəkli, elmi fəaliyyətini bu günümüz üçün-yəni fitnə-fasadların baş alıb getdiyi bir dövrdə vacib bildiyimiz İslam bilici və alimlərinin tam qeyri-adekvat cəzalandırılması, cəmiyyətdən uzun illər boyu təcrid olunması ictimai həyatda, xalqımızın qanunçuluğa inam və etimadında düşünürük ki, mənəvi sarsıntılarına səbəb ola biləcək qədər zərərlidir.

 

Xalqımız bir tərəfdə dinimizin böyük bayramı sayılan Məhəmməd(s) peyğəmbərin mübarək mövludunu qeyd edir, eyni gündə də İslam aliminin heç bir ciddi ittiham olmadan 17 il müddətinə azadlıqdan məhrum edilməsinin qəm-qüssəsini yaşayır. Hesab edirik ki, dinimizə, İslam alimlərinə, günahsız sadə vətəndaşlara qarşı bu qeyri-məntiqi münasibətlərə son qoyulmalı, bu kimi hörmətli insanların şahidi olduğumuz vətənpərvərlik dəyərlərinə hörmət olaraq tezliklə azadlıqları təmin edilməli, ədalətsiz məhkəmə hökmlərinin cəmiyyətdə yarada biləcək sarsıntıları aradan qaldırılmalıdır.”

 

Azərbaycan İslam Partiyası

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system